Sakarya Universitetində Xocalı soyqırımı qurbanları anılıb
26 Fevral 2015 15:28 SiyasətSakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyi Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar konfrans təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, konfransda Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı konsulu Seymur İlyaslı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Sakarya Universitetinin müəllim və tələbələri iştirak edib. Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyinin sədri Aliq Bağırov Xocalı haqqında qısa məlumat verdikdən sonra çıxış edənlər Xocalı soyqırımının müxtəlif coğrafiyalarda yaşayan Türk xalqlarını bir araya gətirəcək faciəli hadisə olduğunu deyiblər. Konfransda Xocalı soyqırımını törədən Ermənistan Silahlı Qüvvələrinin yalanlarının birdəfəlik ifşası üçün Azərbaycan və Trükiyənin daha sıx fəaliyyətinin vacibliyi vurğulanıb. Konfransda digər türk xalqlarının qarşıladığı problemlərdən də bəhs olunub, 23 il əvvəl Xocalıda baş verənlərin bu gün Şərqi Türkustan və Kərkükdə törədildiyi vurğulanıb. Çıxışlardan sonra Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib və konfransda çıxış edənlərə təşəkkür plaketləri təqdim olunub.