Profili saxta olanın əməli düz olmaz
Demokratiyadan, təmiz seçkidən danışan partiya gərək özü də saxta işlərdən uzaq ola
26 Fevral 2015 14:09 SiyasətMəşədi Cəfər
AXCP-dən istefa vermiş Razi Nurullayevin ifşa etdiyi məsələlərdən biri də facebookdakı saxta profillərdir. Razi müəlim deyir ki, saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə AXCP gətirirb. "Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?" Bu sözləri AXCP sədrinin müavini vəzifəsindən azad edilən Razi Nurullayev yazıb. Sabiq müavin yazır ki, "Yurd" bu işi də naşıcasına aparıb. O qədər naşı aparıblar ki, lap ağı çıxıb. Beləki adına hesab açılan cəbhəçilərdən birinin ümumiyyətlə internetlə bağlı bilgisi zəifdir. "Saxta profillər real adamlar görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir"-deyə, Razi müəllim kədərlə yazır. Razi bəy bəlkə də yaxşı tanımayıb "Yurd"u. "Yurd" elə başından belə idi. 90-cı illərdə müstəqil adı altında qəzetlər açıb Əbülfəz Elçibəyi də bax bu qaydada söydürürdülər. Ümumiyyətlə, Əli Kərimlinin imitasiyadan çox xoşu gəlir və məharətlə istifadə etməyi bacarır. Az adamla çox iş imitasiyasını yaxşı bilir Kərimli. Saxta profillərdəki adamlar realdır. Hər halda AXCP-nin bir neçı min üzvü qalır. Onların adına hesab açılır, ancaq AXCP funksionerləri Fuad Qəhrəmanlı, Natiq Ədilov, Kərim Mehdiyev və başqaları tərəfindən idarə olunur. Onlar saxta profillə əsas rəqiblərinə qarşı mübarizə (qara piar) aparır, onları gözdən salan paylaşımlar edir, fotomontajlar paylaşırlar. Əslində Razi Nurullayevdən qabaq Əli Kərimlinin saxta profil taktikasını "Yurd" mətbəxini yaxşı bilən Xalid Kazımlı, Rauf Arifoğlu və Taleh Şahsuvarlı ifşa etmişdi. Bir müddət öncə Taleh Şahsuvarlını açağılayan facebook hesabını və bloqu Yasəmən İsmayılova adı ilə Natiq Ədilov amışdı. Razi Nurullayev deyir ki, saxta hesablarla Əli Kərimliyə xal yığan, AXCP sədrini ana müxalifət lideri kimi göstərməyə çalışan təkcə Ədilov deyil. Əbülfəz Qurbanlı, Fuad Qərhəmanlı da bu taktikadan istifadə edir. "Yurd"dan biri çıxıb deyə bilər ki, tutaq ki, saxta profildən istifadə edirik, ay məşədi, sənə nə? Bir dəfə iki qəzetdə yazan müxalifət yazarlarından biri buna belə izah vermişdi: "Vətənpərvər" filminin baş qəhrəmanı kimi bir neçə silahla atıram". "Yurd"çular da deyə bilər ki, Mixayloluq, Polat Alemdarlıq edirik. Etsinlər, sorun deyil. Onsuz da hər kəs mübarizə metodunu öz əxlaqına uyğun seçir. Amma bir şeyi nəzərdən qaçırmasınlar ki, saxtakarlıq edən hər yerdə edər, bu işi görən saxtakardır! Saxta profil açan AXCP-nin seçkisi də, mübarizəsi də saxta olacaq! Saxta profil açıb özlərini çox göstərən cəbhəçilər dogru seçki keçirə, səsləri düzgün saya bilməz. Demokratiyadan, təmiz seçkidən danışan adam gərək özü də saxta işlərdən uzaq ola.