Müavinini göstər, deyim kimsən
26 Fevral 2015 14:01 SiyasətMüsavat Partiyasında baş verənləri yaxından izləyənlərin çoxu deyir ki, bu təşkilat heç zaman bugünki vəziyyətə düşməmişdi. Partiyada ikitirəlik yaranıb. Sentyabrdan keçirilmiş qurultayda Arif Hacılı başqan seçilib. Köhnə başqan onu dəstəkləyir. Lakin başqanlığıa aday olmuş 3 nəfər Arif Hacılını qəbul etmir. Hacılı çıxılmaz duruma düşüb. Vurğun Əyyub, Nəsib Nəsibli, Hikmət Hacızadə kimi tanınmış müsavatçılar onu başqan olaraq tanımadılar. İkisi artıq partiyadan gedib, Vurğun Əyyub da yəqin ki, yaxın zamanlarda Müsavatı tərk edəcək. Narazılar Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADRH) təsis ediblər. Sabiq başqan adayı Qubad İbadoğlu bu quruma sədr seçilib. ADRH-nin siyasi vitrini zəngindir. Vurğun Əyyub, Ellada Məmmədli, Səxavət Əlisoy, Hikmət Hacızadə, Ədalət Yusibov... İsa Qəmbərin və Mirmahmud Mirəlioğlunun müavinləri indi Qubad İbadoğlunun komandasındadırlar. Arif Hacılının müavinləri bu kadrlara baxanda çox sönük görünür. Belə çıxır ki, Arif Hacılı Müsavatın təkcə möhürünü əldə edə bilib. Elektorat narazıların tərəfində, Müsavatla adı birgə çəkilən adamlar da Qubad İbadoğlunun yanında. Müsavatda baş verənlər göstərir ki, möhür heç də hər zaman hər şeyi həll etmir. Partiyaya rəhbərlik həm də mənəvi məsələdir. İnsanlar səni, sənin harizmanı qəbul etməlidirlər. Arif Hacılı İsa Qəmbərin yanında hamıdan güclü funksioner, iş bacaran, seçki mütəxəssisi, təşkilat katibi ola bilər. Ancaq o bu keyfiyyətləri başqan olaraq göstərə bilmədi. Onu başqan kimi qəbul etmədilər. Arif Hacılının Osmanlı türkləri demiş, çapı təyin etdiyi müavinlərdə görünür. Qubad İbadoğlunun müavinləri İsa Qəmbərin komandasında olmuş şəxslərdir. Arif Hacılının kadrları özünün, Tural Abbaslının komandasına daxil olan şəxslərdir. Gülağa Aslanlı İsa Qəmbər dövründə müavin olsa da, Arif Hacılının gətir-götür, apar-gətir işlərini görüb. Adamın siyasi biliyi, harizması yoxdur, münasibətlər sistemini bilmir, biznes təfəkküründən ayrılmağı bacarmır. Bir zamanalr Tural Abbaslının yanında olmuş Səxavət Soltanlı yalnız facebookdakı laykları, kommentləri hesabına müavin postuna təyinat alıb. Vəkil Osman Kazımovun siyasi naşılığı bir müddət öncə Rauf Arifoğlu məsələsində üzə çıxdı. Adam az qala "Yeni Müsavat"ı Müsavat partiyasına düşmən edəcəkdi. Arif Hacılı baş yazarla görüşüb problemi yoluna qoydu. O vaxtdan Osman Kazımova açıqlama vermək yasaq olunub. Arif Hacılının başqa bir müavini Elman Fəttahdır. 90-cı illərin funksionerləri ilə müqayisədə cənab Fəttah ən yaxşı halda rayon təşkilatının məclis sədri ola bilərdi. Amma Arif Hacılı bəlkə də sırf regional prinsiplə onu özünə müavin götürüb. Elman müəllimin elə bir təşkilati bacarığı, siyasi hazırlığı yoxdur. Və təbii ki, Müsavat partiyasına uğur qazandıra bilməz. Haqlı sual yarana bilər ki, axı nüfuzlu, bacarıqlı müsavatçılar da Arif Hacılını qəbul etmir. Yazıq neyləsin, təkmi işləsin? Yox, tək işləməsin. Onsuz da bir siyasi liderin ətrafı, komandası onun kimliyini, səviyyəsini göstərir. Arif Hacılının müavani elə Gülağa Aslanlı, Elman Fəttah səviyyəsində olacaq. Arif Hacılı bilsin ki, bu komanda ilə onun rəhbərlik etdiyi partiya irəli gedə bilməz. Hələ bir müddət Arif Hacılının partyası hansısa təşkilatın, liderin yedək qurumuna çevriləcək. Arif Hacılı AXCP sədri Əli Kərimli ilə ittifaqa can atır. Elə deyəsən axırda Arif Hacılı Müsavatı "Yurd"un yedəyinə salacaq.
Zaur Sultanbud