Aviqdor Liberman Xocalı soyqırımından danışdı

İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki,  "Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən tədbirdə Baş nazirin müavini, İsrailin xarici işlər naziri Aviqdor Liberman, Knessetin deputatı Aleks Miller, Akko şəhər merinin müavinləri Zaev Noyman, Kiryat Yam, Milli Məclisin deputatı Fuad Muradov iştirak edib. Anım mərasiminə İsrail ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri qatılıb. Tədbirə gələnlər Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olublar. Bu fotolar "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Azİz tərəfindən İsrailin bir çox şəhərlərində sərgilənib.

Tədbirdə çıxış üçün ilk söz Aviqdor Libermana verilib. İsrailin xarici işlər naziri İsraillə Azərbaycan arasında qarşılıqlı anlaşma və dostluğun gücləndirilməsi üçün gördükləri böyük işlərə görə Azİz-in hazırkı prezidenti Aleks Millərə və təşkilatın keçmiş prezidenti İosif Şaqala təşəkkür edib. Çıxışının sonunda isə o deyib: "Bəşəriyyət tarixində az faciələr olmayıb. Onları unutmaq olmaz. Amma təəssüf ki, heç də hamı onları xatırlamır və dərs almır. Biz bu gün buraya toplaşmışıq deyək ki, İsraillə Azərbaycanın təcrübəsini birləşdirək və gələcəkdə belə faciələrin qarşısını alaq".
Milli Məclisin deputatı Fuad Muradov "Xocalıya ədalət!" kampaniyasının 100 ölkədə aparılması haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00