Razi Nurullayev Əli Kərimlinin “gizli dinləmə” ittihamına cavab verdi

“Əli Kərimli mənə səfirliklərlə bağlı bunları deyən zaman, inanmadığımı söylədim”

"Mənim mətbuat konfransında ABŞ və Amerika səfirliyi barədə dediklərim kontekstdən çıxarılaraq verilir". "Olaylar"ın xəbərinə görə, bu barədə AXCP sədrinin keçmiş müavini Razi Nurullayev məlumat verib. "Bunun üçün də aydınlıq gətirirəm. Bu mənim rəsmi mövqeyimdir. Əli Kərimli ilə evində görüşərkən o mənə deyib ki, ABŞ və Böyük Britanya səfirlikləri ona məlumat veriblər ki, mən hakimiyyətə işləyirəm. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində, bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə, yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir. Qeyd edim ki, aramızda hər zaman problem yaranırdı. Çünki, o mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq Qarabağla bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımım son missiyası "bu iqtidar Dağlıq Qarabağı satıb" olaydı. Amma, istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın. O mənə səfirliklərlə bağlı bunları deyən zaman, inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik, kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər. Diplomatlar çox ehtiyatlıdırlar və əsasən, ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat konfransında da qeyd etmişəm. Mətbuat konfransında həm də qeyd etmişəm və bir daha bəyan edirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemim olmayıb və hər zaman isti münasibtlərimiz olub. Hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab etmişəm və fikirlərimdə dəyişiklik əmələ gəlməyib. Səfirliklərdə görüşdüyüm zaman, heç zaman nə mətbuata, nə də kənar şəxslərə heç nə deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuat açıqlamalarım axtarış edilə bilər. Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikirlərimi izah etməyə çalışıram. Mən, əminliklə də yalan detoktorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm" - deyə R.Nurullayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00