Azərbaycan və Türk diasporu Xocalı qurbanlarını anıb
26 Fevral 2015 11:30 SiyasətXocalı soyqırımının 23-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsi Almaniyadakı Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən Berlində yad edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən " OLAYLAR"-a bildirilib ki, Almaniyadakı Türk-Azərbaycan Birliyi (TAVD), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyi (ADD), Türk Gənclər Birliyinin (TGB) təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbir Berlindəki Türk Evində baş tutub. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyə Almaniya Böyükelçisi Hüseyn Avni Karslıoğlu, Türkiyənin Berlindəki Baş konsulu Ahmet Başar Şen, Milli Məclisin deputatı Qənirə Paşayeva, İstanbul Universitetinin professoru Mehmt Perinçek, " Erməni təcavüzünün tanıdılması " İctimai Birliyinin sədri, yazıçı Səriyyə Cəfərova və başqaları iştirak edib. Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailova Xocalı soyqırımının Almaniya ictimaiyyətində tanıdılmasına dair keçirilən tədbir və aksiyalar haqqında məlumat verib, bu fəaliyyətdə Almaniyadakı türk icmasının göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halı aldığını bildirib və bunu sevindirici hal kimi dəyərləndirib.