Brüsseldə Xocalı mitinqi keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Brüsseldə mitinq keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən daxil olub.  Bildirilib ki,  Avropa Parlamenti önündə keçirilən aksiya ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Mitinqdə Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələri, tələbələr və yerli sakinlər də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub. Aksiyada "Xocalıya ədalət", "Hamımız Xocalılıyıq", "Hamımız Qarabağıq" kimi şüarlar səsləndirilib

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı fevralın 21-26-da Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirir. Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fərəc Quliyev, ATXƏM sədri İlham İsmayilov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycan İcması İdarə Heyətinin üzvü Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edirlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00