Razi Nurullayev AXCP-ni dəyişə bilməzdi
Əli Kərimliyə mədəni ziyalı yox, söyüş söyən gənclər lazımdır
23 Fevral 2015 15:32 SiyasətRazi Nurullayev AXCP-dən istefa verib. Daha dəqiqi, onu evinə dəvət edən partiya sədri Əli Kərimli Razi bəyi postundan çıxardığını elan edib və tövsiyyə edib ki, partiyadan getsin. Əslində Razi Nurullayev kimi intellektual birisinin qaragüruhun içində indiyə qədər qalması təəccüblü idi. Razi Nurullayev facebook sosial şəbəkəsində baş verən hadisə haqqında bunları yazıb:
-Əsas olmadan məni partiyadan çıxmağa məcbur etdi.
- Partiyadan öz xoşuma getmədim.
-İçəridə mübarizə aparıb onu içindən dəyişmək istəyirdim. O isə, partiyaya şirkəti kimi baxdığından buna təhamül eləmədi.
Razi Nurullayev partiya sədri Əli Kərimlinin yaxın ətrafı haqqında sərt tənqidi fikirlər səsləndirib. Deyib ki, Əli Kərimliyə ən yaxın olanlar zombiləşmiş, öz əqidəsi və düşüncəsi ilə hərəkət etməyənlərdir.
-Rəyasət Heyətində ağıllı və müstəqil söz deyənləri qəbul etmirlər. O, insanlar abır və həyasına bürünüb səslərini çıxarmırlar. Mən onların səsi olacağam. Onların ürəklərində saxladıqları və dilə gətirmədiklərini hər gün bir-bir açıqlayacağam.
-Gözəl Bayramlı, Həsən Kərimov, Natiq Ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir.
- Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə "İşverən"lər, "Yastı Salman"lar və "Yalıncıq"lar komandası düzəldib özünə sədr.
Bu deyilənləri mətbuat illərdir yazırdı. Razi Nurullayevin dediklərində yenilik yoxdur. Sabiq sədr müavininin açıqlamalarında diqqəti çəkən tək bir məqam var: "Mən AXCP-ni içəridən dəyişmək istəyirdim". Razi Nurullayev sakit təbiətli, siyasətçidən çox müəllimi xatırladan bir adamdır. Onun güclü qara piar maşını olan, əsas siyasəti radikallıq təşkil edən bir partiyanı dəyişə biləcəyi real görünümürdü. Ancaq hər halda adam siyasətçidir, partiya funksioneri olub, onun iddiasını ciddiyə almaq lazımdır. Razi Nurullayev AXCP-ni içindən dəyişə bilməzdi. Çünki:
AXCP-ni var edən elə hazırkı radikal kursdur. Bu kurs 2000-ci ildən sonra seçilib. Razi Nurullayev kimi adam AXCP-də 2000-ci ilə qədər uğur qazana bilərdi. İndi isə Fuad Qəhrəmanlıların, Natiq Ədilovların zamanıdır.
AXCP-nin hazırkı "real müxalifət bizik, başqa partiyalar müxalifət deyil" kursu hələ uzun müddət davam edəcək. Bu baxımdan Razi bəyin AXCP-də uğur qazanması mümkün deyildi. Hazırkı AXCP-yə 3 dildə danışan, intellektual ziyalı yox, Natiq Ədilov, Əbülfəz Qurbanlı kimi qaragüruh, radikal söyüş söyən lazımdır.
AXCP-yə Razi Nurullayev ona görə lazım deyil ki, o söyüş söyə bilmir, siyasi mübarizəni mədəni şəkildə, ağıllı tənqid üzərində qurmağın tərəfdarıdır. AXCP-yə Razi Nurullayev kimi mədəni ziyalı lazım deyil, Fuad Qəhrəmanlının söyuş komandasına Əli Kərimli uğrunda hər şeyə gedən, hər kəsə söyən cavanlar lazımdır.
Zaur Sultanbud