Almaniyada Xocalı soyqırımına həsr edilmiş beynəlxalq konfrans keçirilib

Xocalı soyqrımının 23-cü ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld Universitetində beynəlxalq konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının (TGB) dəstəyi ilə keçirilən konfransda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla edildikdən sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səslənib. Daha sonra Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov konfransı giriş sözü ilə açaraq bütün iştirakçılara təşəkkür edib.

Professor Mehmet Perinçek apardığı çoxsaylı elmi-tədqiqat işlərinin nəticələri və arxiv sənədlərinə əsaslanan çıxış edərək iştirakçıları "Böyük Ermənistan" adlı xəyali dövlət yaratmaq məqsədilə 1890-cı ildə yaradılmış "Daşnaksütun" partiyası, erməni milli hərəkatının qəsbkar siyasəti haqqında məlumatlandırıb. Daha sonra Azərbaycan həqiqətləri barədə çıxış edən millət vəkili Qənirə Paşayeva erməni yalanlarını ifşa etmək, bu barədə Almaniya ictimaiyyətini məlumatlandırmaq üçün Azərbaycan və Türk gənclərini daha fəal olmağa çağırıb. O, gənclərin daha çox müxtəlif arxivlərdə araşdırmalar aparmasını, erməni yalanlarının tarixi faktlarla ifşa edilməsinin və arxiv materialları əsasında müxtəlif dillərdə kitabların dərcinin vacib olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Alman-Azrbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva isə Xocalı soyqırımı haqda Avropa ictimaiyyətinin geniş məlumatlandırılması istiqamətində görüləcək işlər barədə danışıb, hər kəsi bu fəaliyyətdə birliyə və aktiv olmağa dəvət edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00