Müsavat parçalandı
Qubad İbadoğlunun tərəfdarları təsis yıığıncağı keçirib
23 Fevral 2015 14:25 SiyasətSonuncu qurultaydan sonra Müsavat daxilində yaranmış ziddiyyətlər və narazılıqlar nəhayət, parçalanma ilə sonuclanıb. Ötən şənbə başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları təsis yığıncağı keçiriblər. BMM-də keçirilən konfransda Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) rəsmən təsis olunub.
ADR Müsavat Partiyasının qurultayından sonra, 13 nəfərin iştirakı ilə yaradılmışdı. Hərəkatda əsasən başqan seçkilərindən və partiyadaxili münasibətlərdən narazı qalan müsavatçılar və ya partiyadan istefa verənlər təmsil olunurdu. Təsis konfransına isə 267 nəfərin qatılıb. Onlar arasında Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvləri var. Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu xəstə olduğundan konfransa gəlməsə də, məktub göndərib, ADR-ə qoşulduğunu bəyan edib. Təsis konfransında Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib. Təsis konfransında açıq səsvermədə 1 nəfər bitərəf qalıb, qalanlar Qubad İbadoğlunun sədr olmasına səs veriblər. ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər. Mediaya açıqlamasında Qubad İbadoğlu deyib ki, yeni yaradılan hərəkatda digər siyasi partiyalarla yanaşı Musavat Partiyasının da üzvləri var. O deyir ki, ayrı-ayrı partiyalarda olduğu kimi bu hərəkat da saf, dürüstlük, kifayət qədər siyasi təcrübəyə malik olan yetkin insanlardan ibarətdir. Hərəkatın indiki sosial bazasının Musavat Partiyasının keçmiş və indiki üzvləri təşkil edir.
ADR indilikdə ictimai hərəkat kimi yaradılıb. Ancaq Müsavat başqanı Arif Hacılı və komandasının narahatlığına əsas var. Qubad İbadoğlu başqa adda təşkilat yaratsa da, Müsavat uğrunda mübarizə davam edəcək. "ADR-də Ümid, KXCP, VHP, Ədalət partiyalarının da nümayəndələri təmsil olunur" fikri diqqəti əsas məqsəddən yayındırmaq üçün deyilmiş sözdür. Hamıya aydındır ki, ADR Müsavata alternativ olaraq yaradılıb. Qurumun adının ADR adlanması da məqsədlidir. ADR ictimai fikirdə "Azərbaycan Demokratik Respublikası", "Məmməd Əmin Rəsulzadə", "Müsavat Partiyası" sözlərini assosiasiya edir. 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Milli Şura da buna görə belə adlandırılmışdı. ADR adının seçilməsi o deməkdir ki, Qubad İbadoğlu Müsavat urğunda mübarizəni davam etdirəcək. Doğrudur, onu Müsavatdan çıxarıblar, ancaq ADR-in digər nüfuzlu liderləri Müsavatda qalır. Vurğun Əyyub Məclis üzvü, Ellada Məmmədli hələ də Qadınlar Təşkilatının sədridir. ADR Qubad İbadoğlu və digər narazılar üçün siyasi çətir rolunu oynayacaq. Arif Hacılı Qubad İbadoğluna nə edə bilərdisə, edib. Onu partiyadan çıxarıblar. Ancaq digər fəallar, özəlliklə rayonlardakı aktiv müsavatçı ADR üzvlərinə qarşı sərt davranmaq üçün əsas yoxdur. Çünki qanuna görə partiya üzvləri ictimai təşkilatlarda birləşə bilərlər. Mehman Cavadoğlunun ADR-ə qoşulması da Müsavat yaxşı heç nə vəd etmir. Mehman bəyin ardınca digər tanınmış simaların Qubad İbadoğlunun təşkilatına qoşulacağı gözlənilir.
Ərhun Abbas