Almaniyada izdihamlı Xocalı yürüşü

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində izdihamlı yürüş-mitinq  keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş aksiyada Almaniyanın Bielefeld, Hannover, Hamburq və digər şəhərlərində yaşayan 400-dən çox soydaşımız, Türk icmasının, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər iştirak edib. Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının (TGB) dəstəyi ilə keçirilən yürüş-mitinq Bielefeld şəhərinin mərkəzi meydanından başlayıb. Mitinqdə Azərbaycan və alman dillərində Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu vəhşilik erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin dəhşətli nümunəsidir. Aksiyada çıxış edənlər Almaniya hökumətini də bu faciəni soyqırım kimi tanımağa çağırıb. Mitinqin sonunda Azərbaycan-Alman Dostluq Cəmiyyətinin qəbul etdiyi bəyannamə oxunub. Bəyannamədə bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyi vurğulanıb.   Mitinqdən sonra aksiya iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələri ilə hərəkət edərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00