Azay Quliyev çağırış etdi
“ATƏT ailəsi olaraq problemlərin həllində bilik və bacarıqlarımızı səfərbər etməliyik”
20 Fevral 2015 13:22 Siyasət"Hazırda biz ATƏT regionunda sülhün və təhlükəsizliyin qorunması baxımından olduqca həssas bir dönəmdə yaşayırıq. ATƏT ərazisində bizi narahat edən münaqişə ocaqları hələ də mövcuddur. Bu gün münaqişə mənbələrinin sayı artmaqda davam edir və təhlükəsizliyə yönələn ciddi problemlər yaradır". Bunu millət vəkili, ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasına sədrlik edən Azay Quliyev deyib. ATƏT PA Büro üzvü Azay Quliyevin iclasda açılış nitqi zamanı qeyd edib ki, Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib: "Eyni zamanda, terror təhlükəsi ATƏT regionu üçün təhdid olaraq qalmaqdadır. Son aylarda Avropanın mərkəzində baş verən terror hadisələri və insan ölümləri hər birimizi narahat edir. Son terror hadisələri heç bir ölkənin terrordan sığortalanmadığını nümayiş etdirir. Bununla yanaşı, ATƏT regionunda milli və dini zəmində baş verən insidentlərin qarşısının alınması və milli azlıqların hüquqlarının qorunması sahəsindəki mövcud problemlərin həlli bizim üçün vacib əhəmiyyət kəsb edən məsələlərdəndir". O, bəyan edib ki, ATƏT ailəsi olaraq qeyd olunan problemlərin həllində bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik: "Bu nöqteyi nəzərdən, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu gün biz bu qeyd olunan mövzular ətrafında müzakirələr aparacağıq. Bilirsiniz ki, bu il ATƏT ailəsi üçün önəmli bir ildir. Belə ki, biz Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyini qeyd edəcəyik. Komitənin məruzəçisi xanım Pia Kauma Helsinkidə keçiriləcək 24-cü İllik Sessiya üçün hesabatı işləyib hazırlayıb. Bu gün biz onun ideyalarını, fikirlərini və məqsədlərini dinləyib öz təklif və ideyalarımızı bölüşəcəyik".