Azərbaycan Qərbin strateji tərəfdaşıdır
19 Fevral 2015 15:40 SiyasətABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərini ölkəmiz üçün uğurlu hesab etmək olar. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxış edib. Bildirib ki, ABŞ-ın Azərbaycanı tənqid etmək cəhdləri və Azərbaycana layiq olduğu dəyəri verməməsi cəmiyyətdə də müsbət qarşılanmırdı: "Hər gün müxtəlif təşkilatlar, fərdlər və sıravi vətəndaşlar ABŞ-ın birtərəfli siyasəti ilə bağlı etiraz kampaniyası keçirirdilər. "Ağ Yol" Vətəndaş Hərəkatı da çox böyük əmək sərf etmişdi. Bu nəticəsini verdi və iki ölkə arasında daha dərin əməkdaşlıq üçün zəmin yarandı". Rufiz Qonaqov deyib ki, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və ölkəmiz bu sahədə Qərbin ən dayanıqlı və sabit strateji tərəfdaşlarından biridir: "Azərbaycan Qərbin strateji tərəfdaşıdır və bunun davam etməsi üçün qarşılıqlı istək olmalıdır. Qərb Azərbaycanı istəyəcəksə, Azərbaycan da onu istəyəcək. Bu hər zaman belə olub və belə olmaqda da davam edəcək".