Dağlıq Qarabağla bağlı ilginc gəlişmələr: Kreml Minsk Qrupunu dağıdır?
Kiyevə öz şərtlərini diktə edən Rusiya Cənubi Qafqazdan Ukraynayadək geniş areala nəzarəti tam ələ keçirmək niyyətindədir
19 Fevral 2015 15:07 SiyasətRusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycanda rezonansa səbəb olan iddiayla çıxış etdi. O, işğalda olan Dağlıq Qarabağ ətrafı 7 rayonunun Azərbaycana qaytarılacağını dedi. Hətta Markov bu istiqamətdə danışıqların getdiyini də vurğuladı. Politoloqun iddiası, ekspertlər tərəfindən Rusiyanın Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştlə müraciət edəcəyi kimi analiz edildi. Lakin məsələ heç də göründüyü qədər sadə deyil. Bu vaxta qədər ermənipərəst mövqeyi ilə tanınan Markovun Azərbaycanı ağızdolusu tərifləməsi də, çoxmənalıdır. Çox güman ki, Sergey Markov Kremlin beynindəkiləri təkrarlayır. Belə ki, ikinci Minsk anlaşmasından sonra bir qədər rahatlayan ABŞ Cənubi Qafqaza rəsmi nümayəndələrinin səfərlərinin sayını artırıb. Bu çərçivədə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycan və Ermənistana səfəri Moskva tərəfindən isti qarşılanmadı. Markov da məhz həmin iddiasını Nuland regionda olarkən səsləndirdi. Təbii ki, Kreml Azərbaycanın onun üçün Dağlıq Qarabağ münaqişəsinin prioritet olduğunu bilir. Və bunu bildiyi üçün də məsələnin cavabının Vaşinqtonda yox, onun əlində olduğunu xatırladır. Digər tərəfdən Minskdə keçirilən görüşdə Qərb və Kiyevə öz şərtlərini diktə edən Moskva Cənubi Qafqazdan Ukraynayadək geniş areala nəzarəti tam ələ keçirmək niyyətindədir. 7 rayonun qaytarılması məsələsi bunun üçün də gündəmə gətirilə bilər. Təbii ki, bu baş versə, Moskvanın Azərbaycandan ilk istəyi Gömrük İttifaqı və Avrasiya Birliyiylə bağlı olacaq. Lakin rəsmi Bakının bu mövzuda mövqeyi, Dağlıq Qarabağ münaqişəsi həll olmadan işğalçı Ermənistanla eyni qurum daxilində fəaliyyət göstərməyin mümkünsüzlüyüdür. Bunu Kreml də bilir. Ona görə də Markovun iddiası birmənalı olaraq, Kremlin Qarabağ məsələsində yeganə həlledici qüvvə olmasını xatırlatmaqdan ibarətdir.
Rusiyanın 7 rayonu Azərbaycana qaytaracağı ilə bağlı iddia nə qədər realdır?
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın səmimi olaraq, işğal altında olan 7 rayonu Azərbaycana qaytaracağına inanmadığını deyir. O, hesab edir ki, Rusiya bunun qarşılığında Azərbaycandan müstəqilliyini istəyə bilər. V.Quluzadənin sözlərinə görə, həmin ərazilər geri qaytarılsa, bu birmənalı olaraq, Azərbaycanın Rusiyanın təsiri altında girməsi demək olacaq: "Rusiya səmimi şəkildə beynəlxalq hüquqa əsaslanaraq, işğal altında olan torpaqlarımızı azad etməyəcək. Ermənistanı işğalçı kimi də tanımaz, Dağlıq Qarabağı "müstəqil respublika" kimi tanıtdırmaq planından da əl çəkməz. Ona görə də, belə bir vəziyyətdə 7 rayonun qaytarılacağı ilə bağlı olan ümidləri sadəlövh hesab edirəm".
"7 rayon bir qırağa, Ermənistan heç olmasa bir-iki rayonu qaytarsın ki.."
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu, bu barədə yayılan məlumatların hansı mənbəyə əsaslandırıldığının qaranlıq olduğu qənaətindədir. O, qeyd edib ki, Rusiyanın Ermənistana təsir edib işğal altında olan Azərbaycan ərazilərinin boşaldılmasına çalışması arzuolunandır. Lakin E.Şahinoğlu indiki halda Rusiyanın Ermənistan bu təzyiqləri göstərəcəyinin inandırıcı olmadığını deyib: "7 rayon bir qırağa, Ermənistan heç olmasa bir-iki rayonu qaytarsın ki, bu işə hazır olduğunu nümayiş etdirsin. Ona görə də, belə xəbərlərin nə üçün yayıldığı aydın deyil. Çünki Rusiyadan Azərbaycana belə bir çağırış və dəstək yoxdur. Yaxın günlərdə Rusiyanın Ermənistana təzyiq edəcəyi də gözlənilən deyil. Əgər Rusiya Azərbaycanla strateji müttəfiq olmaq istəyirsə, onu Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyində görmək istəyirsə, ilkin olaraq separatçıları Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasının vacibliyinə inandırmalıdır. Hələlik ortada belə bir siyasətin aparılacağını göstərən amil yoxdur".
Rusiyanın Dağlıq Qarabağ münaqişəsini ABŞ-sız həll etmək cəhdləri baş tutacaqmı?
Əslində Sergey Markov 7 rayon məsələsinin nə üçün gündəmə gətirildiyini aydın şəkildə özü də cavablandırdı. Politoloq, Rusiyanın Qarabağ münaqişəsini ABŞ-ın iştirakı olmadan həll etmək istədiyini bildirdi. Markov Rusiyanın Ermənistanla Azərbaycan arasında əldə ediləcək böyük tarixi güzəştdə oynadığı roldan danışıb və bunun ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olacağını ehtimal edib. Məhz bu fikir Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş Minsk Qrupunun lazımsız, açarın Kremldə olduğu deməkdir. Eyni zamanda bu ABŞ-a regiondan "çəkil" xəbərdarlığldır. Çünki Rusiyanın Cənubi Qafqazda varlığını təmin edən 3 mühüm faktor var: təsir altında saxladığı Ermənistan, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri. Ukraynada olduğu kimi Qərb Cənubi Qafqazda da təkid etsə, Rusiya bu münaqişələri üçün fitili odlaya bilər. Kreml isə buna baxmayaraq, ABŞ-ın təkidlə öz rəsmilərini regiona göndərməsinə cavab olaraq, Markovla münaqişələrin qızışdırılacağını üstüörtülü dedi. Markovun bu açıqlaması həm də, Kremlin Minsk Qrupu formatından imtina etmək istəyindən və Qarabağ münaqişəsinin həllində ABŞ-sız rol oynamasından xəbər verir. Ekspertlər hesab edirlər ki, yaxın vaxtlarda Rusiya təktərəfli olaraq 7 rayonun geri qaytarılması barədə Azərbaycana təklif göndərsə, Minsk Qrupu dağılacaq.
"Rusiya qarşıdurmadan salamat çıxmayacaq"
Məsələyə münasibət bildirən Vəfa Quluzadə isə hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ məsələsini ABŞ-sız həll etmək cəhdləri baş tuta bilər. ABŞ və Rusiya arasında III Dünya Müharibəsi həddində gərginliyin yaşandığını deyən V.Quluzadənin sözlərinə görə, bu qarşıdurma iqtisadi əsaslarla həyata keçirilir və bu Ukraynadan başlayıb: "Bu qarşıdurmadan Rusiyanın salamat çıxacağına inanmıram. Rusiya Ukrayna ərazisinə təcavüz edib və işğalçıdır. İndi də geri çəkilmək istəmir. Bunu nəzərə aldıqda, baş verənlərin sülh yoluyla həll edilməsi inandırıcı görünmür. Putinin fikirlərindən Yalta konfransı keçir. O, 1945-ci ildə SSRİ, Böyük Britaniya və ABŞ arasında əldə edilmiş razılaşmanı hələ də özü üçün keçərli hesab edir. Lakin Putin bir şeyi anlamaq istəmir ki, həmin vaxt Sovet Rusiyası nasist Almaniyasının təcavüzünə məruz qalmışdı və həmin müharibədə Qərb Stalinin müttəfiqləri idi. Birgə mübarizənin nəticəsində Almaniya məğlub oldu. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım konfransı toplandı. Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər. Bu anlaşma həm də Avropanın ikitərəfli - SSRİ və ABŞ arasında bölüşdürülməsiydi. Həmin anlaşmanı əsas tutaraq, Putin Ukraynaya təcavüz edərək, Avropa və Amerikaya müharibə elan edib. Amma Stalindən fərqli olaraq, Putinin bu mübarizədə müttəfiqləri yoxdur. Stalin həmin vaxt nasist Almaniyasının təcavüzünə məruz qalmış Rusiyanı müdafiə edirdi. İndi isə, Rusiyanın özü təcavüz edib. Bütün bu məsələləri nəzərə aldıqda məlum olur ki, Rusiyanın gələcəkdə düşdüyü vəziyyətdən çıxmaq imkanı olmayacaq. Rusiyanın ABŞ-la çəkişməyə davam etdikcə, Dağlıq Qarabağ münaqişəsinin həlli də uzanacaq. Bu müstəvidə Rusiyanın Qarabağ münaqişəsini ABŞ-sız həll etməsi mümkündür. Amma bu Azərbaycanın müstəqilliyini itirməsi deməkdir. Arzu edirəm ki, bu belə olmayacaq".
"Kreml istəsə, Qarabağ münaqişəsini indi həll edər"
Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Minsk Qrupuna həmsədr olan və Dağlıq Qarabağ məsələsini çox qısa zamanda həll edə bilən yeganə ölkədir. Ermənistan və Dağlıq Qarabağdakı separatçıların ABŞ-dan da maliyyə yardımı alıqlarını xatırladan politoloq, Ermənistanın həm də birmənalı olaraq, Rusiyadan asılı olduğunu vurğulayıb: "Prezident İlham Əliyev də Münhen Təhlükəsizlik Konfransında Ermənistanın müstəqil dövlət olmadığını təkrarladı. Bu o deməkdir ki, Ermənistan Rusiyanın nəzarəti altındadır. Kreml istəsə, Qarabağ məsələsini indi həll edər, çünki Sərkisyan hakimiyyəti və Ermənistan cəmiyyəti Rusiyaya qarşı çıxacaq gücdə deyil. Amerika da bu məsələdə aktiv rol oynamağa çalışır. Son günlərdə amerikalı rəsmilərin də bölgəyə səfərlərinin sayı çoxalıb. Viktoriya Nulandın Azərbaycan və Ermənistan səfəri təsadüfi deyil. Lakin Ukraynada böhran varkən, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyi inandırıcı deyil. Çünki hal-hazırda Ukraynaya görə, tərəflər arasında dərin böhran yaşanır. Əgər münasibətlərin normal olduğu illərdə Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini birgə həll etməyiblərsə, əlaqələrin gərgin olduğu ərəfədə necə həll edəcəklər? Çox müəmmalı məsələdir".
Mənsur Rəğbətoğlu