Qarabağ üçün “Normand formatı”

Ukrayna böhranına dair Minskdə "Normand dördlüyü" çərçivəsində aparılan və yazılı anlaşma ilə başa çatan danışıqlar Avropanın Qarabağ probleminin həlli istiqamətində də hərəkətə keçməsinin zəruriliyini ortaya qoymuş olur. Minsk görüşü belə deməyə əsas verir ki, Avropanın, beynəlxalq birliyin marağı olsa Qarabağ problemi də qısa zamanda belə görüşlər nəticəsində həllini tapa bilər. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Siyasi ekspert Rövşən Məmmədli deyir ki, Minsk görüşü Qarabağ probleminin həll perspektivi üçün də əhəmiyyətli sayıla bilər. Onun sözlərinə görə, nəticələr Azərbaycanın maraqları baxımından yetərincə önəmli hesab olunmalıdır: "Birincisi, ona görə ki, bu danışıqlarla Rusiyanın postsovet məkanında etnik-ərazi konfliktlərin əsas memarı və körükləyicisi olduğu isbatlandı. Donbas separatçıları, qondarma DXR və LXR liderləri deyil, məhz Moskvanın Minsk danışıqlarında tərəf kimi iştirak eləməsi ilə rəsmən təsdiqləndi. Əslində buna Kreml məcbur idi. Çünki belə bir imperativ qarşısında qoyulmuşdu. Minsk anlaşması reallaşsa da, reallaşmasa bu mühüm qənaət artıq dəyişməyəcək. Deməli, Qarabağ məsələsində də hansısa "öz müqəddəratı təyin etmə" haqqından, yaxud Ermənistanın mifik hərbi qələbəsindən söz açmağa yer qalmır.  Qarabağ problemi, sadəcə olaraq, rusların birbaşa dəstəyi ilə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal faktından ibarətdir. Belədisə, səmərəsiz Minsk Qrupu əvəzinə Dağlıq Qarabağa dair də bir özəl "Normand formatı" hazırlamağın vaxtı çatmayıbmı? Məsələn, Minsk həmsədrləri üçlüyü (ABŞ, Rusiya, Fransa), üstəgəl Türkiyə, Almaniya, Azərbaycan və Ermənistan formatında.  Hər halda, rəsmi Bakı onun mövqeyini gücləndirən bu görüşdən işğalçı ermənilərə qarşı ciddi şəkildə yararlana bilər. Əks halda, effekt ciddi olmayacaq, səsimiz əvvəlki tək zəif eşidiləcək, Qarabağ həqiqətləri haqda tələblərimiz əvvəlki kimi dişsiz olacaq". Rövşən Məmmədli deyir ki, "Madrid prinsipləri" ilə boynumuza qoyulmaq üzrə olan və "öz müqəddəratını təyinetmə hüququ"ndan qaynaqlanan referendum məsələsi milli maraqlarımızla, ərazi bütövlüyümüzlə uzlaşmış sayıla bilməz: "Unutmayaq ki, Qərb belə bir təklifi nə Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərin həllində, nə də Krım və Donbas məsələlərində ağlının ucundan da keçirmir, Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə elədiyini bəyanlayır.
Müvafiq surətdə həmin bölgələrin separatçı liderlərinə münasibət də ortadadır. Onların ABŞ və Avropa Birliyi ölkələrinə çıxışları çoxdan yasalanıb, bank hesabları bağlanıb. Təkcə Dağlıq Qarabağın separatçı liderləri istisnadır, onlara nəinki Qərbdə qucaq açılır, üstəlik, maddi yardımlar göstərilir". Ekspert hesab edir ki, rəsmi Bakı bu reallığın davamlı olmaması üçün əlindən gələni etməli, Ukrayna ilə bağlı işə düşən yeni Minsk prosesindən yararlanmağı bacarmalıdır: "Donbas separatçıları yalnız "Təmas qrupu" çərçivəsində və ATƏT nümayəndəsi ilə, sırf Ukraynanın ərazi bütövlüyü formatında Kiyev rəsmiləri ilə görüşlər keçirir. "Təmas qrupu"nun isə elə bir sənədi olmayıb ki, orada Ukraynanın ərazi bütövlüyü, suverenliyi qırmızı xətlə keçməsin. Sonuncu 17 saatlıq anlaşma memorandumu da o qəbildəndir.
Şübhə yox ki, Bakı da Dağlıq Qarabağ erməniləri ilə öz vətəndaşları kimi, münaqişədə maraqlı tərəf olaraq və ATƏT-in Minsk Qrupunun mandatı əsasında bir araya gələ bilər. Burda qəbahət yoxdur. Qoy olsun lap ATƏT, Avropa Birliyi (AB) nümayəndəsi ilə, yaxud hansısa Qarabağ "Təmas qrupu" formatında. Ancaq əgər ATƏT və yaxud AB rəsmisi separatçı rejimin reklamına işləyən bir formada, onu müstəqil qurum, münaqişə tərəfi olaraq tanıyırmış kimi görüşürsə, bu, artıq Azərbaycan üçün təhdid siqnaldı. Çünki GUAM-ın digər üç ölkəsi olan Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə belə bir münasibəti görmürük. Bu Qarabağda separatizmi şirnikləndirməklə yanaşı, işğal faktını, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası məsələsini arxa plana keçirmək anlamına gəlir. Çox qəribədir ki, ötən həftə AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Zalberin İrəvanda qondarma qurumun "xarici işlər naziri" Karen Mirzəyanla görüşünə rəsmi Bakı gözlənildiyindən olduqca yumşaq reaksiya verdi. Bu da müəyyən əndişə yaradır. Çünki Qərbin yaxın perspektivdə Bakını Qarabağ separatçıları ilə eyni masa arxasında, müstəqil tərəflər olaraq oturtmağa yönəlik nəbz yoxlanışı, Azərbaycan ictimai rəyini hazırlamaq təəssüratı yaradır. Azərbaycana qarşı de-mars xarakteri daşıyan belə bir addım xüsusilə də Donbas danışıqları fonunda, MDB məkanındakı separatçıların təqib edildiyi dövrdə yaxşı əlamət hesab oluna bilməz".


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00