AXCP-də bolşevizm meylləri
19 Fevral 2015 14:48 SiyasətAzərbaycan müxalifətində anormal meyllər, hadisələr tez-tez baş verir. 1993-cü ildə formalaşmış müxalifətin əsas istiqaməti Qərbyönümlü kursdur. Hazırkı müxalifət Sovet kommunist rejimi ilə mübarizədə formalaşmış sağ-mərkəzçi (millətçi) Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxıb. Amma çox vaxt bu düşərgədə sapmalar baş verir. Sapmalar əsasən gənc və təcrübəsiz siyasətçilərin fikir və davranışlarında müşahidə olunur. Müsavat partiyası daxilində gah liberal, gah da millətçi meyllər özünü göstərir. Son zamanlar sol ideyalara rəğbət artıb. Müsavat partiyasını haradasa anlamaq olar. Sağ-mərkəzçi olsa da, bu partiyanı solçu "Hümmət" təşkilatının üzvləri yaradıb. "Müsavat" sözü də bərabərlik anlamındadır. Lakin bunu AXC-nin birbaşa varisi AXCP haqqında söyləmək olmaz. AXCP daim sağ-mərkəzçi, bəzən millətçi (mərhum Elçibəyin zamanında), bəzən lidebal dünyagörüşü ifadə edib. Lakin 2000-ci il parlament seçkilərindən sonra AXCP-də ciddi dəyişiklik baş verib. Partiyanı hazırda təmsil edən "Yurd" qanadı daim liberal dünyagörüşü ifadə edib, Qərbçi partiya kimi çıxış edib. Lakin son zamanlar, xüsusən son illərdə partiya gah Rusiyapərəstlərlə ittifaqa girir, gah islamçılarla müttəfiq olur. Partiyanın siyasi vitrini çox rəngarəngdir. Burada ifrat Qərbpərəstlər də var (Razi Nurullayev), liberallar da (Əbülfəz Qurbanlı), ifrat islamçılar da. Əvvəllər Qərbpərəst fikirləri ilə seçilən partiyanın sözçüsü Natiq Güləhmədoğlu indi islamçı kimi çıxış edir. Məşhur şiə alimlərinin fikirlərini təbliğ edən, tirajlayan Natiq Güləhmədoğlu özünü qatı şiə dindar kimi göstərməyə çalışır. AXCP özü bütövlükdə Milli Şurada həm Rusiyameylli siyasi qüvvələrlə ittifaqdadır. Ən maraqlısı budur ki, Sovet kommunist rejiminə qarşı savaşmış AXC-nin birbaşa varisi olan AXCP-də son vaxtlar bolşevizm meylləri hökm sürür. Partiya iqtidar-müxalifət dialoqunda iştirak etmir, dialoqa qatılanları isə "separatçılıqda" suçlandırır. AXCP-nin nəzarətində olan Milli Şuranın Koordinasiya Mərkəzi keçirdiyi toplantıda siyasi partiyalarla iqtidar arasındakı görüşləri dialoq hesab etmədiyini bildirib. Qurum hesab edir ki, dialoqda iştirak edən siyasi partiyaların böyük əksəriyyətinin bugünədək fəaliyyəti nəzərə çarpmayıb, onların adları belə ölkə cəmiyyətinə heç nə demir. Milli Şura, daha doğrusu AXCP-nin fikrincə, böyük əksəriyyətinin müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin dialoqda iştirak etməsi doğru sayılmamalıdır.
Bu hələ yumşaq mövqedir. AXCP-də hakim fikir budur: "Bizimlə olmayan, bizim kimi düşünməyən bizdən deyil və məhv edilməlidir". AXCP heç kimi məhv edə bilməz, buna imkanı və ixtiyarı yoxdur. "Məhv etmək" burada müxalifətdən dışlamaq, ictimai rəydə gözdən salmaq mənasındadır. Bunu üçün AXCP-nin Fuad Qəhrəmanlı tərəfindən yönləndirilən qara piar mexanizmi var. Hazırda AXCP-də yekdil fikir budur: Milli Şuraya daxil olan partiya və müstəqil şəxslərdən başqa hamı separatçıdır, xaindir. Bu, açıq-aşkar bolşevik düşüncə tərzidir. Görünən odur ki, AXCP öz sağ-mərkəzçi kursuna sadiq deyil. Bu cür müxtəlif dünyagörüşlü insanlarla uzun yol gedə bilməzlər. Bu baxımdan AXCP-nin parçalanma ərəfəsində olduğunu söyləmək olar. Parlament seçkilərindən sonra AXCP-də qopmalar labüd olacaq.
Zaur Sultanbud