Türkiyədə "Nədən Xocalı" seminarı keçirilib

Türkiyənin Samsun şəhərində "Nədən Xocalı" seminarı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Türk Ocağı Cəmiyyəti, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi, Balkan-Rumeli Türkləri Konfederasiyası və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan  seminarı Türk Ocaqları Cəmiyyəti adından Reha Oğuz Ertuğrul açaraq, Xocalı soyqırımının bütün Türk dünyasına edilən zorakılıq olduğunu qeyd edib. Daha sonra MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Xocalı soyqırımının səbəbləri, nəticələri və dərsləri haqqında məruzə edib. Türk dünyası gənclərinin üzərinə düşən əsas vəzifənin vətən torpaqlarını gəzərək, türkün ayaq izlərinin ardınca gedərək mədəni irsimizi öyrənmək, qorumaq və təbliğ etmək olduğu, yaddaşların təzələnməsinin vacibliyini qeyd edib. Seminarda Milli Azərbaycan Tarixi Muzeyi, "Miras" İctimai Birliyi və Aktiv Media şirkətinin istehsalı olan "Xocalı vaxtı" sənədli filmi nümayiş olunub. Balkan-Rumeli Türkləri Konfederasiyasının sədr müavini İzzet Altuntaş Orta Asiya, Qafqaz, Anadolu və Balkan türklərinin bir-birinin başına gələn hadisələri yaxından izləməsinin, Türk dünyasının Xocalı soyqırımına ədalət ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00