Kəlbəcərli girovlar qaytarılsın

Amerikalı həmsədr: "Bu, danışıqlar üçün daha əlverişli atmosfer yaradar"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan mətbuatına müsahibəsində girovların qaytarılmasının gələcək danışıqlar üçün faydalı olacağını bildirib. Anspress-in məlumatına görə, o, erməni jurnalistlərin "Azərbaycan tərəfi bildirir ki, iki vətəndaşının girovluqdan buraxılması humanitar jest olar və tərəflərarası gərginliyin azalmasına, etibarın yaranmasına imkan yarada bilər" fikrinə belə cavab verib: "Daha əvvəl tərəflər humanitar addım kimi məhbusları qaytarmağın yolunu tapırdılar. İndiki vəziyyətdə gərginliyin artması şəraitində belə humanitar yanaşma danışıqlar üçün daha əlverişli atmosferin yaradılmasına imkan yarada bilər." Amerikalı diplomat söyləyib ki, Dağlıq Qarabağ üzrə aparılan danışıqlar prosesində bütün tərəflərin iştirakını və maraqlarını nəzərə almaq lazımdır. O, ATƏT-in vasitəçilik formatına dəyişikliklərin labüdlüyü barədə səslənən fikirlərə də münasibət bildirib: "Həmsədrlər kimi, biz Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həlli üzrə vahid mövqeyə sahibik. ATƏT-in Minsk qrupu münaqişə tərəfləri tərəfindən qəbul edilmiş yeganə vasitəçilik formatıdır. Biz mandatımız çərçivəsində işimizi həyata keçirməyə davam edəcəyik. Hamımız bu fikirlə qarşılaşırıq ki, vasitəçi kimi bizim rolumuz faydalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00