Müxalifətin inqilab xəyalı suya düşdü
ABŞ Azərbaycanda inkişafın təkamül yolunu dəstəkləyir
18 Fevral 2015 13:58 SiyasətABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakı səfəri maraqlı mesajlarla yadda qalıb. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb, ABŞ-Azərbaycan müttəfiqliyindən bəhs edib. Bunları indilikdə qoyaq bir kənara. ABŞ rəsmisinin verdiyi mesajlar sırasında daha maraqlısı ölkədəki siyasi proseslərlə bağlı fikirləridir. Nuland Müsavat və AXCP-nin timsalında radikal müxalifətin gözləntilərini puça çıxarıb. Nuland deyib: "Biz, əlbəttə, demokratiya və insan hüquqlarından da danışdıq. Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir". Müxalifətə yaxın agentliklərdən birinin "Azərbaycanda "rəngli inqilab"ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir" sualının cavabında Nuland deyib ki, inqilab o zaman mümkündür ki, hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın. Qapılar bağlıdır və hakimiyyət problemləri eşitmir, onları müzakirə etmək istəmir. Bu o deməkdir ki, Azərbaycanda radikalların gözlədiyi rəngli inqilab mümkün deyil, bunu ABŞ da arzulamır: "Məhz bundan ötrü biz hakimiyyətlə vətəndaş cəmiyyəti arasında güclü dialoqa tərəfdarıq ki, mövcud problemlər həllini tapsın" - deyə, Nuland bildirib. Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: "Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz". Yeri gəlmişkən, V.Nuland Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoqun bərpasını da alqışlayıb. Onun sözlərinə görə, belə dialoq Azərbaycanın gələcəyi üçün çox mühümdür. Diplomat danışıqlar zamanı Azərbaycanda insan haqları məsələsinə də toxunulduğunu deyib: "Dünyada ən güclü dövlət dövlətlə vətəndaşlar arasında açıq dialoqun olduğu dövlətdir".
Politoloq Sahib Alıyev hesab edir ki, ABŞ yetkililəri daim Azərbaycanda təkamül yolunu dəstəkləyiblər. Politoloq facebook sosial şəbəkəsində yazıb: "Yəqin yaddan çıxmayıb, uzun zaman ABŞ senatın xarici əlaqələr komitəsinə rəhbərlik etmiş Riçard Luqar 2000-ci illərin əvvəllərindəki narıncı inqilabların ideoloji atalarından biri olaraq dəyərləndirilirdi. Və həmin Luqar 2005-ci ildə indi Amerikanın prezidenti olan Barak Obamayla birgə ölkəmizə gəlmişdi. O zamankı səfəri zamanı da, ondan iki il sonra da verdiyi açıqlamalarda cənab Luqar deyirdi ki, Azərbaycanda narıncı inqilab mümkün deyil, çünki bu ölkə intibah yolundadır. Yəni ki, təkamül olan yerdə inqilab mümkünsüzdür. İndi isə eyni fikri bir az başqa şəkildə Amerika dövlət katibinin müavini Viktoriya Nuland təkrarlayır. O xanım ki, ötən il Kiyev küçələrində maydançılara öz əliylə kökə paylayırdı. Ukraynada yeni hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də internetdə yayılan səs yazısından məhz onun dilindən eşitmişdik. Özü də o necə demişdisə, elə də oldu".
Ərhun Abbas