Özünütəcrid siyasəti AXCP-yə uğur qazandırmayacaq
“Küçə mübarizəsi dövrü bitib, indi dilaoq zamanıdır”
17 Fevral 2015 18:37 SiyasətMüsavat və AXCP iqtidar-müxalifət dialoqunda iştirak etmir. Hakimiyyət və müxalifət təmsilçiləri arasında keçirilən son görüşdə bu partiyalardan heç biri qatılmayıb. Müsavatın durumu aydındır. Son qurultaydan sonra partiya daxilində ikitirəlik yaranıb və qarşıdurma ən azı seçkiyə qədər davam edəcək. Partiyanın başqanı Arif Hacılı dialoqda iştiraka meylli görünür, ancaq AXCP-nin qara piar maşınına hədəf olmaq istəmədiyi üçün görüşlərə getmir. AXCP-nin isə kursu belədir. Özünütəcridetmə siyasətinə üstünlük verən AXCP dialoqa getməməklə yanaşı, ötən ilin dekabrında və bu ay keçirilən görüşləri gözdən salmaq istiqamətində fəaliyyətə də başlayıb. AXCP funksionerləri Fuad Qəhrəmanlı və Həsən Kərimov istər sosial şəbəkələrdə, istərsə də mediaya açıqlamalarında iqtidar-müxalifət görüşünü "tamaşa" kimi qələmə verməyə başlayıblar. Bu görüşdə iştirak edən partiya sədrlərini "siyasi dönüklər" adlandıraraq, onların nə ölkə daxilində, nə də Azərbaycandan kənarda müxalifətçi kimi qəbul edildiklərini bildiriblər. Bununla bərabər, Milli Şuradan kənarda müxalifətin olmadığını, yalnız AXCP-nin gerçək müxalifət partiyası kimi qəbul edildiyini vurğulayaraq, digər müxalifət partiyalarını aşağılayıblar. AXCP dialoqdan niyə qaçır? Partiya özünütəcrid siyasəti ilə nəyə nail olmaq istəyir? Əli Kərimli bu ilki parlament seçkilərində ana müxalifət lideri statusunu qazana biləcəkmi? Politoloq Niyaz Niftiyev deyir ki, iqtidarla müxalifət arasında heç bir vasitəçi olmadan keçirilən görüşlərdə AXCP-nin iştirak etməməsi və bu dialoqu gözdən salan açıqlamalar Əli Kərimlinin dəstəsinin siyasi mədəniyyət nümayiş etdirmək iqtidarında olmadıqları anlamına gəlir: "Bu partiyanın məqsədi sağlam təfəkkürlə dialoq mühitində siyasi mübarizə aparmaq deyil, küçə və meydanlarda çox az saylı tərəfdarları ilə sabitliyi hər vəchlə pozmağa hesablanmış siyasət aparmaqdır. Bu da müasir Azərbaycan gerçəkliyində mümkün olmayan taktikadır. Xatırlayırsınızsa onlar buna bir neçə dəfə cəhd etdilər, amma insanların bu partiyalara və onların vədlərinə inamsızlığı bir daha sübut etdi ki, bu kimi yanaşmalar Azərbaycan gerçəkliyi üçün keçərli deyil. Bu gün hakimiyyət müxalifət partiyalarına əl uzadır, ölkənin problemlərindən birgə çıxış yolu təklif edir, bunlar isə bu təklifi dəyərləndirməyəcək qədər bədbəxtdirlər". N.Niftiyev hesab edir ki, növbəti görüşə qədər istər AXCP, istərsə də Müsavat partiyası dialoqda iştiraklarını təsdiq edəcəklər: "Artıq siyasi mübarizəni küçə və meydanlarda aparmaq dövrü keçib, bu kimi görüşlərdə, qarşı-qarşıya oturub müzakirə etmək zamanıdır. Bu zamanı da hakimiyyət heç bir beynəlxalq vasitəçi, üçüncü qüvvə olmadan siyasi partiyalara qazandırıb. Buyursunlar, istifadə edib, sözlərini desinlər".
Zaur Sultanbud