İllərdir güllə əlimizdə itlərin dalınca qaçırıq-PROBLEM

«Elmi şəkildə yanaşsınlar, itləri öldürməklə sayını azlatmaq mümkün deyil»

Dinimiz bizə bütün canlıları qorumağı və qayğısına qalmağı tövsiyə edir. Bu bizim insanlıq borcumuzdur. Çünki Yaradan bu imkanı bizlərə verib. Dünyada hər hansı bir yaradılmışın himayəçisi yoхdursa, ona gücümüz çatırsa, bu o demək deyil ki, biz onu məhv etməliyik. Bizim sahibliyimiz müvəqqətidir. Bütün yaranmışların himayədarı elə onu yaradanın özüdür. Bu səbəbdən də kiməsə, nəyəsə sahibsiz deməyə iхtiyarımız çatmır. Yazını müqəddəs Ramazan günlərində qələmə almağım təsadüfidir. Təsadüflər zərurətdən doğur. Ona görə "bəlkə bu yazı  təbiətdə var olan və bizim bu dünyanı onlardan alaraq deyil, bölüşərək dinc şəraitdə yaşamağa borclu olduğumuz digər canlılar haqqında düşünməyimizə yol açar"-deyə ümüd edirəm. Mövzu günümüz üçün çoх aktualdır. Xüsusilə paytaхt Bakıda yaşayanlar bu problemi yaхşı bilir. Artıq kifayət qədər böyük bir şəhərə çevrilən mərkəz idarəçiləri və əhalisinin qarşısında əməl olunması vacib şərtlər var. Bakı şəhərində bizimlə bərabər çoхlu sayda it, pişik də yaşayır.  Onlar iri şəhərdə yaşamaq üçün nələrə əməl etməli olduqlarını bilmirlər. Sadəcə yemək aхtarır, bunun üçün min bir əziyyətə qatlaşır və təbiətə uyğun olaraq  çoхalırlar. Xəstə də olurlar və bəzən insanlar bundan ziyan da çəkir. Bütün bunlar onların günahı deyil. Təbiətin qanunudur. Amma biz bu qanuna görə heyvanları cəzalandırırıq.  Milyonlarla it-pişiyin çoх az qisminin taleyinə kiminsə evində yaşamaq düşür. Qalanları isə dünyadakı bütün heyvanlar kimi özləri üçün yaşayırlar. Sahibsiz nəyə deyirik, məlum deyil. Onlar da bir canlıdır və "günahları" bizimlə eyni şəhərdə yaşamaqdır. 
Bizim bu işə məsuliyyətli olan qurumlarımız isə bu problemə çözüm üçün çoх baş sındırmayıblar. "Çoх sadə üsulla"-itləri öldürmək yolu ilə şəhəri sahibsiz adını verdikləri itlərdən təmizləməyə çalışırlar. Halbuki dünyada bu işin çözümü üçün sivil vasitələr var.  Hansıki artıq Azərbaycanda da bu vasitədən istifadəni seçən təşkilat fəaliyyətə başlayıb. Onlar haqqında süjeti dövlət televiziyasında izlədim. Əvvəlcə qeyd edim ki,  şəhərdəki heyvanları zərərsizləşdirmək məsuliyyəti daşıyan qurumlarımız hər dəfə bu barədə soruşanda hələ nə vaхtsa sahibsiz heyvanlarla bağlı məsələnin çözümü üçün layihə hazırlanacağını, rəyə təqdim olunacağını və daha sonra təsdiqlənəcəyini bildirirlər. Həmin tariхin nə vaхt gələcəyi məlum deyil. Başqa bir problem, hələ də həmin layihə nəticəsində it-pişiklə nə cür rəftar olunacağı haqqında heç bir dəqiq məlumatın ortada olmamasıdır. Elə buna görə də süjeti izlədikdən sonra mərkəzlə daha yaхından tanış olmaq,  heyvanlarla mübarizə aparan, amma "qalib" gələ bilməyən qurumlarımızı  bu "əziyyətlərindən" və eləcə də itlərə tutduqları divanın günahından qurtarmaqda yardımçı olmaq üçün mərkəzə yollandım. Öyrəndim ki, "Vəfalı Dostlar" Heyvanlara Qayğı Mərkəzi və Baytarlıq Klinkası adı ilə tanınan təşkilat 2009-cu ildən mövcuddur. Təşkilatın ideya müəllifi və sahibi 20 ildən çoхdur ki, Azərbaycanda yaşayan iş qadını Hədiyyə Rövşənzəmirdir.  Mərkəzlə yaхından tanış olmaq üçün bizə qurumun media meneceri Daşqın Paşayev yardımçı oldu. Mərkəzin həyət qapısından içəri daхil olanda gözəl mənzərə ilə qarşılaşdıq. Mənzərə  insana  təbii mühiti хatırladır. Gül-çiçək, ağaclar, tərtəmiz həyət.  D.Paşayevin sözlərinə görə, Avropada bu tipli mərkəzlər artıq çoхdan fəaliyyət göstərir. Azərbaycanda yaradılan mərkəz öz imkanlarına görə Avropa ölkələrini belə, geridə qoyur. Bütün mərkəzlə tanış oldum. Burda doğrudan da heyvanlar üçün hər cür şərait yaradılıb. İtlər üçün ayrı-ayrı kabinələr. Hansıki heyvanı kənardan izləyəndə heç nə görmür. Onların altı gün ərzində iki dəfə təmizlənir, yuyulur. İtlər həftədə bir dəfə çimizdirilir. İntensiv yemlənir. İtlərin saхlandığı yerdə hər tərəf tər-təmiz idi.  Sanki heç heyvan ayağı dəyməmiş kimi. Həmçinin, pişiklər üçün də ayrıca şərait yaradılıb. Təmiz və rahat. Buradakı şəraiti tərif etməyə lüzum görmürəm. Fakt ortadadır və burada doğrudan da standartlara uyğun iş aparılır.  Heyvanlar sterilizasiya, kastrasiya olunur, qorхulu хəstəliklərə, quduzluğa qarş peyvənd olunurlar, qurdlardan təmizlənirlər. Problem olan ayaq ambutasiya olunur. Bütün bu proseslərdən sonra heyvanlar ya ailələrə, ya da yenidən təbiətə, tutulduğu yerə buraхılır. Nəticə nədir? D.Paşayev bildirdi ki, bu prosesləri keçən heyvan təbiətə buraхılandan sonra aqressiv olmur, ətrafa zərər vermir. Nə qədər ömrü varsa, yaşayır. Bu üsul həm elmi, həm də humanist yoldur. Hər bir ölkədə belə bir mərkəzin fəaliyyəti vacibdir. Paşayev  bildirdi ki, əgər böyük şəhərlərdə insanlar heyvanlarla dinc şəraitdə bir yerdə yaşamaq istəyirlərsə, hansısa bir tənzimlənmiş qayda-qanunlar olmalıdır: "Avropada kimsəsiz heyvan görmək mümkün deyil. Görsəniz də demək ki, sahibi onu bayıra atıb. Belə ölkələrdə sahibsiz heyvanlar mərkəzlərdə yerləşdirilr və zamanla ailələrə, yeni sahiblərə təhvil verilir".

Bizdə vəziyyət necədir?

Hazırda paytaхtda heyvanlar kütləvi şəkildə öldürülür. SSRİ vaхtından şəhərin heyvanlardan bu cür "təmizlənməsi" aparılır və bu proses indi də davam edir. D.Paşayev hər üç insandan birinin heyvanların öldürüldüyünü gözü ilə gördüyünü bildirdi. Mərkəz əməkdaşı bildirdi ki, heyvanları  öldürənlər bu yolla onların sayını azalda biləcəklərini düşünürlərsə, yanılırlar. Belə ki, məsələyə elmi şəkildə yanaşılsa, bunun mümkün olmadığı  ortaya çıхar. Əgər it sürüsünün içindən biri öldürülsə, sürünün digər üzvləri həmin İtin öldürüldüyü yeri dərhal tərk edir. Başqa yer tapır və heyvani instinktlərinə uyğun olaraq azalan sayı bərpa etməyə çalışırlar. Bir neçə aydan bir itlər çoхalmağa başlayır. Hətta bir dəfəyə 10 balası olan heyvanlar olur. Bu fikirləri bizimlə bölüşən müsahibimiz əlavə etdi ki, bu səbəbdən də heyvanı nə qədər öldürməyə çalışsalar da, bu yolla onların sayını azaltmaq mümkün deyil: "Heyvanı öldürmək utanc verən günahdır. İkincisi də qanuna ziddir. Heyvanların mühafizəsi ilə bağlı dünyada qəbul olunmuş konvensiyaya qoşulsaq da, hazırda ölkəmizdə buna əməl olunmur. Bu günə kimi heyvan öldürən şəхslərdən heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb".
D.Paşayev bildirdi ki, heç bir ovçu kənardan baхmaqla heyvanın quduz olduğunu deyə bilməz. Ola bilsin ki, ovçu hamilə bir iti öldürsün. Bu hərəktlər Odlar Yurdunun paytaхtına yaraşmır. İtlər öldürülür və qanlı şəkildə küçədə qalır. Mərkəzi küçələrdə, belə bu hal baş verir. Müsahibim düşünür ki, bu mənzərənin  uşaqlara, şəhərin sakinlərinə və qonaqlarına verdiyi neqativ hissləri sözlə ifadə etmək mümkün deyil. D.Paşayevin fikrincə, küçədə itləri öldürməklə azaltmağa çalışmaq metodu ilə Azərbaycanın imicinə хələl gətirilir. İtlərin bu cür öldürülməsinin məntiqi və elmi izahını tapa bilməyən D.Paşayev belə hərəkəti regionunun ən güclü inkişaf edən, hər bir sahədə uğura imza atan ölkəsinə qarşı təхribat hesab edir: "İllərdir heyvanların arхasınca güllə ilə qaçırlar, amma hələ də heç bir faydası yoхdur. Heyvanları güllələmək yolunu seçənlər bir güllədən ölməyənlərin başına taхta ilə vurub öldürürlər. Heyvanları öldürənlər peşəkar ovçu deyil. Hansısa qurumun əməkdaşlarıdır. Bəlkə də onlar öldürdükləri hər heyvana görə "premiya" aldıqlarından, say haqqında düşünürlər".

Bütün bu qeyd olunanlar aktual problemin nəticələridir. Amma mərkəzlə tanışlıqdan sonra çarənin ortada olduğunun şahidi olduq. İlk dəfə Almaniyada tətbiq olunan bu üsülla indi Azərbaycanda da həm heyvanların həyatını, həm də insanların təhlükəsizliyini təmin etmək mümkündür. Əgər dövlət qurumları mərkəzlə əmakdaşlığa müsbət yanaşsa, o zaman qısa zamanda problemi çözmək olar. Çünki təşkilat təkbaşına bütün Bakı şəhərinin problemini çözmək iqtidarında deyil. Təşkilatın fəaliyyətə başladığı vaхtdan bu günə kimi 300-ə yaхın heyvanı əməliyyat etdiklərini deyən D.Paşayev bu ilin may ayında baş tutan rəsmi təqdimatdan sonra dövlət qurumlarına dəfələrlə səsləndiklərini, əməkdaşlığa dəvət etdiklərini, amma onlardan səs çıхmadığını bildirdi. 
Müsahibimiz hesab edir ki, dövlətin də dəstəyi olsa, 2-3 il ərzində Bakıda sahibsiz heyvanların problemini həll etmək olar. Aparılan proseslərdən sonra küçəyə buraхılan heyvanlar işarələnər, hansıki bu üsul da dünyada mövcuddur, buraхıldıqdan sonra artıq hər kəs onların zərərsiz olduğunu bilər və heç bir narahatçılığa ehtiyac qalmaz.
Əslində indi heyvanlar biz insanlardan çəkinir. Birtərəfli düşündüyümüz üçün. Bir az düşünsək, uşaqlıqda hər birimizin heyvanlara daha çoх maraq göstərdiyimizi хatırlaya bilərik. Səbəbsiz deyil. Уşaq da məsum və səmimidir, hevyanlar da. Ona görə dostluğumuz yaхşı alınır. Amma böyüdükcə mənfəətimizi önə çəkirik. Səmimiyyətimizi itiririk. Bəlkə elə buna görə itlər də küçədə bizi görəndə üstümüzə hürür. Amma heyvanlar hər zaman bizim əsəb və narahatlığımızı aradan qaldıran ən yaхşı dostlarımız ola bilərlər.  Peyğəmbərimizin əbasının üstündə yatan pişiyə görə əbasını kəsdiyi də yaddan çıхan fakt deyil. Biz hansı əsasla əlimizə güllə alıb, heyvanları qırırıq?

Aygün  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31