Dünyanın uşaq əməyi problemi niyə həll olunmur?
3 Fevral 2023 10:54 ProblemDünyada 200 milyon uşaq, yəni hər on uşaqdan biri işləyir. Aparılan araşdırmalar hətta onların bir hissəsinin həyat üçün təhlükəli şəraitdə işlədiyini göstərib. Uşaqların əməyinin istismarı onları təhsildən məhrum edir, sağlamlıqlarını zərbə altında qoyur, gələcək inkişafına ciddi mane olur. Ona görə də uşaq əməyinin istismarı hazırda müasir dünyanı narahat edən aktual problemlər sırasındadır.
Dövlətlər, bir çox milli və beynəlxalq təşkilatlar hesab edir ki, uşaq əməyinin istismarının aradan qaldırılması lazım olan məsələdir. Onlar razılaşırlar ki, uşaqların çalışması onların idrak, fiziki və sosial inkişafına mənfi təsir edir və məktəbdən yayınmağa səbəb olur. Bu məqsədlə 2002-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən elan edilən 12 İyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü uşaq əməyinin aradan qaldırılması istiqamətində görülən işlərə diqqət yetirmək məqsədi daşıyır. Dayanıqlı İnkişaf Məqsədlərində də vurğulanır ki, 2025-ci ilə qədər uşaq əməyinin bütün formaları aradan qaldırılmalıdır. Atılan addımlara və qarşıya qoyulan hədəflərə baxmayaraq, dünya uşaq əhalisinin əhəmiyyətli bir hissəsi işləməyə davam edir və ya iş axtarır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaları əsasında təkmilləşdirilib.
Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.
Uşaq hüquqları baxımından mühüm çərçivə sənədləri olan Uşaq Hüquqları Konvensiyası və Beynəlxalq Əmək Təşkilatının 138 saylı Minimum Yaş Konvensiyası uşaqların işləyə biləcəyi minimum yaş və iş şəraiti ilə bağlı tənzimləmələri təmin edir. Bununla belə, uşaqların onlara zərər vuracaq və təhsilinə mane olacaq işlərdə işləməsinin qarşısını almaq dövlətlərin üzərinə düşür. Uşaq Hüquqları Konvensiyası iştirakçı dövlətləri uşaqların istismara məruz qalmasının, onların təhsilinə və inkişafına mane ola biləcək təhlükəli işlərdə işləməsinin qarşısını almaq üçün qanunvericiliyin qəbuluna və həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Məsələn, qardaş Türkiyə 1994-cü ildən bu konvensiyanın iştirakçısıdır. Beynəlxalq Əmək Təşkilatı bildirir ki, işə başlama yaşı 15 yaşdan aşağı olmamalıdır. Bu çərçivədə dövlətlər onların işə başladıqları yaşın tənzimlənməsi, uşaqların işləyə biləcəyi sektorların müəyyən edilməsi, təhsillərini davam etdirmələrinin təmin edilməsi kimi mövzularda hüquqi tənzimləmələr edir. Türkiyə də daxil olmaqla bir çox ölkədə 15-17 yaş icbari təhsil çərçivəsində olsa da, qanuni olaraq bu uşaqların işləməsinə icazə verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparır. Müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə də respublikamızın müxtəlif bölgələrində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.
Uşaq Əməyi Tədqiqatının təqdim etdiyi mühüm məlumatlardan biri də işləyən uşaqların nə qədərinin təhsilini davam etdirə biləcəyidir. Müvafiq olaraq, işləyən uşaqların 34,3 faizi təhsildən kənardır. Bu məlumatlar 2019-cu ilə aid olduğu üçün mövcud vəziyyəti əks etdirmir.
Uşaq əməyi ilə bağlı mövcud rəsmi məlumatlar iş həyatının uşaqların təhsil həyatına necə təsir etdiyi, işləyən uşaqlarda davamsızlıq və psixoloji, sosial və ya akademik inkişafdakı fərqlər barədə heç bir nəticə vermir. Bu, məktəbi tərk etmək təhlükəsi altında işləyən uşaqlara nəzarəti və erkən tərk etmənin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemlərini işlətməyi çətinləşdirir. Bütün uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsinə və inkişafının dəstəklənməsinə maneə olan uşaq əməyinin qarşısının alınması üçün ilk növbədə uşaq əməyinə səbəb olan yoxsulluq və iqtisadi problemlər aradan qaldırılmalıdır. Bununla belə, dövlət idarəetməsi, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı ilə məlumat boşluqlarının aradan qaldırılması və inteqrasiya olunmuş siyasətlərin həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir.
Uşaq əməyi uşaq hüquqlarının pozulması, uşaqlara qarşı zorakılıq, gender bərabərsizliyi və ayrı-seçkilikdir. Qızlar və oğlanlar, qaçqın, immiqrant, əcnəbi milli uşaqlar, şəhər və kənd yerlərindəki uşaqlar, yoxsul ev təsərrüfatlarında olan uşaqlar və təhsilsiz yetkinlərin uşaqları kimi çoxqatlı və bir-birinə qarışmış şəxsiyyətlər onların təcrübələrini əks etdirir.
Şübhəsiz ki, uşaq əməyinin əsas səbəblərinin aradan qaldırılması və ya əmək riskinin aradan qaldırılması yolu ilə uşaqların müdafiəsi, hamı üçün keyfiyyətli əlçatan təhsil imkanlarının təmin edilməsi, qeyri-formal əmək və iqtisadiyyatla mübarizə, dolanışıq vasitələrinin diversifikasiyası və ya artırılması, sosial təminat və müdafiə mexanizmlərinin funksionallığı və xidmətlər, effektiv və təsirli böhran və fəlakətlərin idarə edilməsi təchizat və dəyər zəncirində insan hüquqları standartlarına uyğunluq kimi bir çox məsələ və elementlərlə əlaqələndirilir. Bütün bunlarla bağlı araşdırmalar, müzakirələr, təhlillər, təkliflər, hətta layihələr illərdir davam edir.
Son illərdə uşaq əməyinə qarşı mübarizədə irəliləyişlərə baxmayaraq, uşaq əməyi hələ də insan hüquqları və uşaq hüquqları baxımından tam həll olunmayan mühüm pozuntu sahəsidir. Çoxşaxəli və hərtərəfli məsələ olan uşaq əməyinə qarşı mübarizədə bütün aktorların əzmkar və əməkdaşlıqda olması, səmərəli monitorinq-təqib işinin aparılması çox vacibdir.
Uşaqların uşaqlığını yaşamasına mane olan, onların potensialını və ləyaqətini aşağı salan, fiziki, mənəvi və əqli inkişafına zərərli olan uşaq əməyi ölkəmizdə və dünyada indiyədək həllini tapmamış və təəssüf ki, mühüm problemdir. Uşaqların uşaq olmasına mane olan uşaq əməyinin onlara düzəlməz ziyan vuracağını düşünən və bu problemi həll etməyə çalışanlarımız tez-tez bu sualı verirlər: "Uşaq əməyi problemi niyə həll olunmur?".
Dünyada uşaq əməyinin mövcudluğu, səbəbləri və zərərləri ilə bağlı çoxlu araşdırmalar var. Burada çatışmazlıqlar olsa da, uşaq əməyinin qarşısının alınması üçün hüquqi infrastruktur da mövcuddur. Bununla belə, qeyd etdiyimiz kimi, valideynlərin, işəgötürənlərin və geniş ictimaiyyətin tərəf tutduğu uşaq əməyini qanuniləşdirən və hətta təşviq edən görünməz konsensus uşaq əməyinin davam etməsini mümkün edir. Bu konsensusun pozulması üçün uşaq əməyi probleminin sıfır nöqtəsinə, yəni onun necə problemləşdiyinə və uşaq əməyinin necə qəbul edildiyinə baxmaq lazımdır.
Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi qarşıdakı dövrdə də prioritet təşkil edəcəkdir.
Dünyanın hər yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməli, uşaq inkişafının bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunmalı və uşaq əməyinin istismarına qarşı birgə mübarizənin ən fəal iştirakçısı olmalıdırlar. Çünki əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur. Uşaq əməyi tarixin ilk vaxtlarından bəri mövcud olan və dünya ölkələrinin hər yerində rast gəlinən hadisədir. Ancaq bu hadisə onların psixoloji, fiziki və sosial yöndən formalaşmalarına mənfi təsir etməməlidir. Uşaq əməyindən qanununvericiliyin tələblərinə uyğun istifadə olunması təkcə dövlətin nəzarətində deyil, həm də cəmiyyətin hər bir fərdinin həssaslıqla yanaşaraq diqqətdə saxlamalı olduğu bir sahədir. Çünki uşaqlar bəşəriyyətin gələcəyidir və bu gələcəyin düzgün təməllər üzərində qurulması cəmiyyətin əlindədir.
Röyalə Xəyal