Paytaxtın tıxac problemini yaradan səbəblər nələrdir?
21 Oktyabr 2022 11:03 ProblemPaytaxtda tıxac problemi hər ötən gün daha da artıq formada özünü büruzə verir. Əgər əvvəllər sıxlıq günün bəlli bir vaxtlarında, əsasən də səhər və axşam saatlarında, insanların işdən çıxdığı zaman baş verirdisə, son vaxtlar günün hər bir vaxtında paytaxt yollarında sıxlıq olur. Bu da öz növbəsində ictimai nəqliyyatın hərəkətində də problem yaradır, ciddi şəkildə gecikmələr baş verir. Vəziyyət kifayət qədər ciddi xarakter daşıdığından artıq Mili Məclisdə də paytaxtın tıxac probleminin aradan qaldırılmasının mümkün yollarından danışılır. Bəzi millət vəkilləri bununla bağlı müəyyən təkliflər də səsləndiriblər. Bəs, görəsən nəqliyyat sahəsi üzrə ekspertlər bu barədə nə düşünür? Hər gün saatlarla vaxtımızı alan tıxaclardan necə qurtulmaq olar?.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda tıxacların çoxlu səbəbləri var: "Bunların hər biri barəsində çox danışılır.
Səbəblərdən bəzilərinin bilavasitə nəqliyyatla bağlılığı ilk baxışdan görünmür. Amma əslində onlar da sözün geniş mənasında yol-nəqliyyat infrastrukturuna bağlıdır". Ekspertin sözlərinə görə, bunlardan bir qrupu məskunlaşmadan, şəhərsalmadan irəli gələn səbəblərdir: "Şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi göz qabağındadır. Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma baş verir.. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları, işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s. üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da ki, bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır". Ərşad Hüseynov deyib ki, problemin bariz bir misalını Milli Məclisin son iclasında deputat Rauf Əliyev dilə gətirdi: "Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. Tətil vaxtı həmin yerlərdə tixacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir".
Ekspert hesab edir ki, məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır".
Süleyman