Məktəblərdə tədris-tərbiyə sistemi yoxa çıxıb

Məktəblər sadəcə, icbari bir mexanizmə çevrilib

Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər sosial şəbəkədə müzakirə predmetinə çevrilib. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan Elm və Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən dava ilə bağlı açıqlama verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, faktla bağlı araşdırma başladılıb. Bildirilib ki, araşdırma nəticəsi olaraq, ictimaiyyətə məlumat veriləcək. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən diqqətə çatdırılıb ki, araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. Geniş ictimaiyyət nümayəndələri isə sinif yoldaşını döyən şagirdin və onu çəkərək ictimailəşdirən şagirdin cəzalandırılmasını tələb edirlər. Hətta şagirdin məktəbdən çıxarılması məsələsi də tələblər arasında yer alıb. Bəs, reallıqda necə, qanunvericilik sözügedən şagirdiin cəzalandırılmasını mümkün edirmi? Axı Konstitusiyaya görə, şagirdi təhsil hüququndan məhrum etmək olmaz.   

Hüquqşünas Habil İsgəndərov qeyd edib ki, məktəbdən yayılmış məlum video ilə bağlı narahatlıqlar təbiidir: "Döyən uşağın cəzalandırılması, həbs olunması və s. kimi müxtəlif çağırışlar səslənir. Bunlar da təbiidir. O mənada ki, sagirdin, məktəb yaşlı uşağın bu cür qəddarlığı, zorakılığı təhlükəli vəziyyətdən xəbər verir. Döyülənin  hüquqları qorunmalıdır, belə zorakılıq cəzasız qalmamalıdır. Ancaq reallıqlar var və təəssüf ki, biz yenə də real tədbirləri yox, spontan istəklərimizi önə çəkirik. Bu çağırışlar realdırmı? Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi - 16-dan başlayır. Xüsusi hallarda - 14 yaşı tamam olmuş şəxslər qəsdən törədilən bəzi cinayətlərə (o cümlədən, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa) görə məsuliyyətə cəlb edilir. Sağlamlığa vurulan zərərin dərəcəsini ekspertiza müəyyənləşdirir. Bundan ötrü ən azı baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanında təhqiqat başlamalıdır. İnzibati xətaya görə məsuliyyətə cəlb etməyə imkan verən yaş həddi də 16-dan başlayır. Mən də döyən uşağın, həm də məktəb rəhbərliyinin, sinif rəhbərinin cəzasız qalmamasının tərəfdarıyam. Ancaq hansı üsulla, hansı qanuni vasitələrlə bunu etmək olar? Hamı deyir ki, o uşaq məktəbdən xaric olunsun! Ancaq heç kəs demir ki, bu məktəbdən xaric olunsun, hansı məktəbə getsin? Bu cür davranışa görə şagirdin məktəbdən çıxarılması mexanizmi də yoxdur. Söhbət qanuni üsullardan gedir. Yoxsa hamımızın bildiyi, - mərkəzdəki məktəbdən daha ucqar, gözdən uzaq məktəblərə köçürmələrlə, məsələni bağlamaq çıxış yolu deyil. Sosial şəbəkədə jurnalistlər, QHT nümayəndələri daha çox fəaldır, hadisəyə münasibət bildirir. Ancaq ən ciddi problemi yenə də qabartmırıq. Nədir əsas problem? Ən ciddi problem odur ki, məktəblərdə tədris-tərbiyə sistemi yoxdur! Məktəblərdə müəllim-rəhbərlik nəzarəti yox dərəcəsindədir. Respublika məktəblərinin 90 faizində tədris yoxdur, bəlkə də yarısından çoxunda təlim-tərbiyə yoxdur. Məktəblər, sadəcə, icbari bir mexanizmə çevrilib: 6 yaşlı uşaq 1-ci sinfə getməlidir və 11-ci sinfə qədər məktəbə gedib-gəlməlidir. Bir neçə, azsaylı normal məktəblər var, ancaq "bir güllə bahar olmadığı" kimi, 3-5 faiz normal məktəblə, azsaylı vicdanlı müəllimlə təhsil sitemi düzəlməyəcək. Əksinə, o yaxşılar da pislərin içində əriyir getdikcə. Məktəblərdə tədrislə yanaşı, təlim, tərbiyə də yoxdursa, döyülmələr də, hər cür xoşagəlməz, qanunsuz əməllər də olacaq. Olmamalıdır, ancaq olur. Məktəb rəhbərliyi, müəllimlər məsuliyyət hissini itiriblər. Cəzasızlıq mühiti məktəbdən başlayır, cəmiyyəti də bürüyür. Məktəbdən tutmuş Nazirədək, heç kəs məktəbin funksiyasını, vəzifəsini özünə qaytarmaq barədə düşünmür, hər kəs hər kəsi, bir-birini, bütün sistem bütünlükdə cəmiyyəti "yola verir". Təmənnası və qərəzi olmayan nazirlik belə məktəblərdə pul yığılmasının qarşısını almağın yollarını axtarmır, pul yığılmasının alternativ, "qanuni" üsullarını tapmağa çalışır, bunu da açıq bəyan edir. Direktorlar məktəbə tədris müəssisəsi kimi deyil, "obyekt" kimi baxır. Müəllimlər özlərini müqəddəs peşə sahibləri kimi deyil, gündə bir neçə saat məktəbə gedib əmək haqqı alan məmur kimi aparırlar. Bu həqiqətləri hər kəs bilir, ancaq səlahiyyəti olan heç kəs tədbir görmür. Valideynlər məktəbdəki problemləri deməkdən çəkinir, böyük əksəriyyəti məktəb mühitinin pozulmasında yaramaz direktorlarla, məsuliyyətsiz müəllimlərlə əlbir olur. Yenə də günahı hardasa abstrakt məkanlarda axtarırırq. İctimai nəzarət yoxdur, ictimai nəzarətçilər, şuralar yalnız gözdən pərdə asmaq, məktəbi və Nazirliyi cəmiyyətin haqlı iradlarından qorumaq üçün fəaliyyətdədir. Onlar da özlərini "ictimai məmur" kimi aparırlar... Təhsil Nazirliyi isə "müdrikcəsinə" susur... həmişəki kimi... Bir gün keçəcək, başqa bir hadisə bu hadisəni arxa plana keçirəcək. Yenə də təhsil bərbad vəziyyətdə qalacaq, yenə də gözdən pərdələr asılacaq. Təhsil sistem olaraq düzəlməyəcək". Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət qeyd edib ki, biz də məktəbdə oxumuşuq. Döymüşük də, döyülmüşük də. Amma qəddar olmamışıq. Hələ zəiflərə əl qaldırmağı özümüzə sığışdırmamışıq. Çünki bizə ailəmizdə kişinin (lap uşaq da olsa) zəifə və qadına əl qaldırmasının əskiklik olduğu təlqin edilib: "İndi baxıram ki, bir məktəbdə bir uşaq başqa bir uşağı sinif yoldaşlarının gözü qarşısında döyür. Döymək də deməzdim, az qala öldürür. Sinif yoldaşları da buna seyrçi qalır, hələ bir videosunu da çəkirlər. Hər şey bir yana, o döyən uşağın ailəsini xüsusi nəzarət altına almaq lazımdır. Çünki onun belə amansızlıq etməsi təsadüf ola bilməz. Çox güman ki, ailəsində ciddi problemlər var. Daha doğrusu, onun ailəsi çağdaş dünyadan ayrı düşmüş ibtidai təfəkkür daşıyıcısıdır. Belə ailə isə cəmiyyət üçün təhlükəlidir. O baxımdan müvafiq qurumların həmin ailəni xüsusi nəzarətə götürməsi mütləqdir. Döyülənə gəlincə, anlaşılır ki, ailəsi onu gözüqıpıq böyüdüb. Siz kasıb, imkansız ola bilərsiniz. Bəlkə də ailədə nəsə çatışmazlıq ola bilər. Amma uşaq böyüdəndə ona həm də özünü qorumağı öyrətmək lazımdır. Şəxsən məni uşaqlıqda elə öyrətmişdilər: döyülsən belə əfəl olma. Gücün çatmasa belə özünü müdafiəyə cəhd et. Və belə bir tərbiyə həyatda həmişə köməyimə çatıb. Ona görə də hər yoldan ötən üzərimə gələ bilməyib və bilmir də..."

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31