“Əməyi ən ucuz qiymətə alınan uşaqlar” - PROBLEM
Sahibkarlar azyaşlıların qabarlı əllərindən milyonlar qazanırlar
6 İyun 2012 17:11 ProblemHazırda müasir dünyada qlobal problemlərdən biri də uşaq əməyinin istismarı hesab olunur. Uşaq əməyinin istismarı böyük gəlir sahəsi hesab olunduğundan onun qarşısını almaq müşkül məsələyə çevrilib. Məlumata görə, uşaq əməyinin istismarı inkişaf etmiş olkələrlə müqayisədə iqtisadi baxımdan geridə qalmış ölkələrdə daha geniş yayılıb. Son vaxtlar Azərbaycanda da uşaq əməyinin istismarı kütləvi xarakter alıb. Bununla bağlı rəsmi statistika aparılmasa da hamıya bəllidir ki, uşaq əməyinin istismarı əsasən ictimai-iaşə obyektlərində, xüsusən gecə barları, restoran və şadlıq evlərində, ticarət şəbəkələrində qeydə alınır. Həmçinin ucuz uşaq əməyindən sərnişinnəqliyyatda istifadə olunur. Yay mövsümünün gəlişi ilə əlaqədar uşaqların əməyinin istismarı daha geniş vüsət alıb. Hazırda ticarət, ictimai-iaşə obyektlərində ucuz uşaq əməyindən geninə-boluna istifadə edilir. Gün ərzində 10-12 saat işlədilən uşaqlar ağır şəraitdə çalışmaq zorunda qalırlar. Artıq uşaqlar əksər bazar-dükanların qarşısında, avtobus dayanacaqlarında kvas, yaxud digər sərinləşdirici ickilər satmaqla məşğuldur. Daha dəhşətlisi odur ki, onlar üçün gündəm müdafiə məqsədilə heç bir şərait yaradılmayıb və uşaqlara belə ağır iş rejiminin sonunda 3-5 manat verilir.
***
Statistik məlumata görə, dünyada ildə təxminən 150 milyon 5-14 yalı uşağın əməyi istismar olunur, 1 milyona yaxın uşaq maddi və digər mərhumiyyətlərə məruz qalır. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinini 29 faizini uşaqlar təşkil edir. Son vaxtlarda isə metro keçidlərində, avtomobil dayanacaqlarında azyaşlı uşqların "mini market işlətdiklərinin şahidi oluruq. Şadlıq evlərində uşaqlardan "mələk" kimi istifadə edilməsi artıq ənənə halını alıb. Onu da qeyd edək ki, bir sıra hallarda elə valideynlər özləri uşaqları məcburi əməyə cəlb edirlər. Ailə büdcəsi zəif olan valideynlər şıxış yolunu elə uşaqların evə gətirdikləri qəpik-quruşda görürlər. Bəzi valideynlər isə uşaqlarının toylarda "mələk" kimi istismar olunmasından "zövq" alırlar, belə demək mümkünsə bununla fəxr edirlər. Bəs Azərbaycan qanunvericiliyində uşaq əməyi hansı qaydada tənzimlənir? Qanunvericilikdə sözügedən problemlə bağlı konkret olaraq hansısa qadağalar nəzərdə tutulub və ümumiyyətlə, uşaqların təhsildən yayındırılaraq məcburi qaydada əməyə cəlb olunması ilə bağlı hansı cəza növləri mövcuddur?
***
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının "Uşaqların hüquqları haqqında" Qanunun 22 maddəsində uşaqların təhsil hüququ dövlət tərəfindən təmin olunur və bu hüququn qorunmasını dövlət öz üzərinə götürür. Bu qanun uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Həmçinin İnzibati Xətalar Məcəlləsi uşaqların təlim və tərbiyəsini lazımi qaydada yerinə yetirməyən valideynlər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir. Fakt isə ondan ibarətdir ki, bu günə qədər uşaqlarını məcburi əməyə cəlb edən valideynlərin hansısa formada məsuliyyətə cəlb edilməsinin şahidi olmamışıq. Baxmayaraq ki, hazırda belə valideynlərin sayı kifayət qədərdir və hadisələr də elə hüquq mühafizə orqanları əməkdaşlarının qarşısında baş verir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu növ qanunsuz hərəkətlər barədə cinayət işinin başlanması üçün vətəndaşın fərdi qaydada ərizə ilə müraciət etmək tələbinin olması qanunvericilikdə boşluq kimi qiymətləndirilir. Həmçinin Əmək Məcəlləsinin 9 maddəsində qeyd edilir ki, alkoqol və tütün məmulatlarının uşaqlara satılması, spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır. Buna baxmayaraq, paytaxtın bir sıra satış mərkəzlərində bu növ məhsulların satışını elə uşaqlar həyata keçirir. Qətiyyətlə demək olar ki, artıq uşaqların özləri məcburi əməyə cəlb olunmalarında maraqlı görünürlər. Yəni, uşaqlar könüllü olaraq öz əməklərini ucuz qiymətə satmaqda maraqlıdırlar. Hətta dərsdən yayınmadan hazırlıq kursu pullarını ödəmək üçün bu işə qol qoyanlar da var.
"Uşaq əməyinin ən pis formaları" haqqında 1999-cu il Konvensiyasının 3 maddəsində qeyd edilən uşaq əməyinin formaları (köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən, uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surətdə cəlb etmə, fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə, müvafiq beynəlxalq müqavilələrdə müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə, öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək iş) beynəlxalq səviyyədə qadağan olunub. Lakin araşdırmalar göstərir ki, uşaqların müxtəlif formada sadalanan qadağalara cəlb olunmasına rast gəlinir. Hüquqşünas Mirzə Manafovun sözlərinə görə, milli qanunvericiliyə əsasən Azərbaycanda 15 yaşından yuxarı uşaqların müəyyən qaydalar çərçıvəsində işləməsi mümkündür. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da qanunlar uşaqların müəyyən qaydalar daxilində işləyib pul qazanmalarına icazə verir. Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək işraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərərən gecə klublarında, barlarda, restoranlarda, o cümlədən spirtli içkilərin satışı və saxlanılması yerlərində uşaqların əməyinin istismarı qadağandır: "Bütün bunlara baxmayaraq, uşaqların qeyri-qanuni istismarı hələ də mövcuddur. Bəzi işlər var ki, onlar az gəlirli olduğu üçün bir zox insanlar həmin sahələrdə işləmək istəmirlər. Belə sahələrdə uşaq əməyi daha ucuz hesab edilir ki, bəzi iş adamları həmin işlərə azyaşlı uşaqları cəlb edirlər".
Alim