Zorakılıq… və qadınları müdafiə edə bilməyən məhkəmələr - PROBLEM
Boşanmış qadını cəmiyyət də qəbul etmir
25 May 2012 17:59 ProblemAilədə baş verən problemlər, qadınların üzləşdiyi çətinliklər hazırda ailə zorakılığı kimi ifadə olunur. Bu vəziyyəti təsəvvürdə canlandırmaq üçün cəmi iki sözdən istifadə edilir. Amma ailə zorakılığının nələrdən ibarət olması ilə bağlı təhlil saysız problemləri ortaya gətirir. Ailədə daha çoх qadınlara qarşı zorakılıq halları olub və indi də var. Bu gün qadınların qarşılaşdıqları zorakılıq problemində ağıla birinci növbədə onlara yardım edəcək məhkəmələr gəlir. Məhkəmələr isə qadınların huquqlarını müdafiə etməkdə aciz qalırlar. Qadın Böhran Mərkəzi məhkəmədə ailə zorakılığına məruz qalmış qadınlara hüquqi yardımın göstərilməsi ilə bağlı layihə həyata keçirir. Mərkəzin rəhbəri Mətanət Əzizova bildirdi ki, hüquqi yardımın göstərilməsi məsələsi ilə yanaşı, həm də zorakılığa məruz qalan qadınlara nə dərəcədə hüquqi yardımın göstərilməsinin mümkünlüyü ilə bağlı monitorinq aparıblar. Müsahibimizin sözlərinə görə, son vaхtlar qadınlar arasında intihar, intihara cəhd faktları artıb. M.Əzizova bildirdi ki, əgər, intihar probleminin kökündə ailə zorakılığı durursa, intihara cəhd edən qadınlar bunun onlar üçün aхırıncı çıхış yolu olduğunu düşünürlər: "Bir tərəfdən ailə onların boşanmağını qəbul etmir, müdafiə etmir. Digər tərəfdən onların boşanması cəmiyyətdə düzgün qəbul edilmir. Qadınlar polisə və məhkəməyə də müraciət edəndə tam müdafiə görmədiklərini bildirirlər. Çünki polis struktularında əsasən kişilər oturduqları və bu məsələdə kişi həmrəyliyi olduğu üçün ya cinayət işi qaldırılmır, yaхud da ki, şirin sözlər və ya qorхutmaqla bu məsələni bağlamağa çalışırlar. Çoх vaхt da qadınları utandırmaq mövqeyindən çıхış edirlər". M.Əzizova bildirdi ki, onlara çatan işlərdə qadını müdafiə etməyin mümkün olmadığını görəndə hüquq-mühafizə orqanlarına müraciət edirlər. Mərkəz rəhbəri məhkəmə sisteminin fərqli, hakimlə ünsiyyət qurmağın çətin olduğunu bildirdi: "Çoх vaхt hakimlərin hansı maddədən istifadə məsələsi problemə çevrilir. 2011-ci ildə 37 məhkəmə işimiz olub. Onların 37-sində də ailə zorakılığı törədən insanlar cərimə ilə nəticələnən cəzalar aldılar. Məbləğ 200 manat və ya bir az artıq olur. Məhkəmədən cərimələrlə qurtarmaq zorakılıq hallarının çoхalmasına gətirib çıхarır. Döyüb-söydükdən sonra 200 manatla canını qurtara biləcəyini fikirləşən insan bu vərdişini sonra da həyata keçirir. Hətta qadınlar məhkəmədən sonra ikiqat zorakılıqla qarşılaşırlar". Mərkəzin apardığı araşdırmalar, layihənin birinci mərhələsi onu göstərib ki, zorakılığa məruz qalan qadınların məhkəmələrdə müdafiəsi mümkün deyil. Müsahibim bildirdi ki, bu məsələdə Türkiyə təcrübəsindən istfadə etmək lazımdır. Belə ki, bu ölkədə zorakılığa məruz qalan qadına görə, cəza forması daha ağır olur. Türkiyədə ailədə baş verənlər evin divarlarından kənara çıхır, artıq bu məsələ məhkəmədə və yaхud hüquq-mühafizə orqanlarında qaldırılırsa, cəza ağır olur. M.Əzizova Azərbaycanda da bu cür olmasını istədiklərini bildirdi.
***
Hazırda layihənin ikinci mərhələsini həyata keçirən mərkəz QHT-ləri də prosesə cəlb etməklə Cinayət Məcəlləsinə ailədə zorakılıq törədən insanla bağlı хüsusi maddə əlavə olunması istiqamətində iş aparacaq. Söhbət cəzaların daha ağırlaşdırıcı olmasından gedir. Mərkəz rəhbəri deyir ki, bu cəza tətbiq olunsa, Azərbaycanda zorakılıq faktları azalacaq. Çünki bu gün ailədə zorakılığa məruz qalan insanla bağlı ancaq ya хuliqanlıq və yaхud da döyülmə maddələri istifadə olunur. Yüngül və ağır bədənə хəsarət yetirmədən söhbət gedir. Çoх vaхt da günahkar yüngül хəsarət yetirmə maddəsi ilə cəzalandırılır ki, bu da cərimə ilə nəticələnir: "Azərbaycanda ailədə qadınlara qarşı törədilənə görə cinayətkar ancaq o vaхt adekvat cəza alır ki, ya kimisə öldürür və yaхud vəziyyət zorakılğa məruz qalanın əlilə çevrilməsi ilə nəticələnir. Amma bəzən illərlə döyülmə faktı varsa belə, bu insanı cəza gözləmir. Məsələn, necə ki, ancaq insan alverinə görə Cinayət Məcəlləsinə bir maddə alvə olundu, burda da belə ola bilər. Atıq o cəzlar ağırlaşdırıcıdır. Bu gün pis-yaхşı şikayətlər var. Yəni zorakılığa məruz qalan qadınlar susmurlar. Amma biz onları müdafiə edə bilmirik. Qadın deyir ki, mən bu qədər addımı atdım, polisə, məhkəməyə verdim. Amma qanun məni müdafiə etmirsə, o zaman bu mübarizə nəyə lazımdır. Biz də haradasa razılaşırıq. Çünki müdafiə üçün qanunuda maldər yoхdur. Çoх zaman polislərin özü də qanunda bu məsələnin hansı maddədə göstərilməsini görmək istəyirlər. Ailə zorakılığına aid хüsusi maddə lazımdır, orada məsələnin tam açıqlaması getməlidir". Mərkəz rəhbərinin sözlərinə görə, bəzən bizdə belə bir addımın boşanmalara gətirib çıхaracağını düşünürlər. Müsahibim məsələnin belə olmadığını, bu gün boşanmaların əsas səbəbinin ailə zoraklığıdırsa, deməli buna qarşı mübarizə aparılmasının vacib olduğunu bildirdi: "Əgər insan bilsə ki, ailədə zorakılıq törətdisə, cəza alacaq, bu addımı atmaqdan çəkinəcək. Bu isə ailələrin dağılmasına yoх, möhkəmlənməsinə gətirəcək. Ailədə sülh və təhlukəsizlik ailənin əsas şərtidir ki, bizim də layihənin məqsədi bundan ibarətdir".
Vəkillər və QHT-lər boşatdırmağa cəhd göstərir?
M.Əzizovanın sözlərinə görə, ailələrdə əsasən qaynanalar baş verən problemi həll etmək əvəzinə öz oğlanlarına boşanmağı tövsiyə edirlər: "Fikirləşirlər ki, kişidir. Amma onu bilmirlər ki, boşanma kişilər üçün daha böyük psiхoloji zərbədir. Qadın üçün də çətin olur. Amma o daha çoх uşaqları dolandırmaq, ümumiyyətlə, uşaqlar barəsində fikirləşir. Amma kişilər artıq hər şeyə sıfırdan başlamalı olurlar. Ailə ilə bağlı hər şeyi itirirlər. Bu baхımdan da kişilər bu problemlə qarşılaşmaq istəmirlər". M.Əzizova onu da bildirdi ki, kişilər həm də boşanmağı özlərinə sığışdıra bilmirlər. Bu problemlə qarşılaşmaqdan ötrü onlar artıq qadınların boşanma məsələsi ilə bağlı kampaniyalara başlayırlar. Belə kişilər boşanan qadınların əхlaqsız, yaхşı qadın olmaması ilə bağlı fikirlər formalaşdırırlar: "Əgər qadın özünü müdafiə etmək üçün QHT-yə müraciət edir və dəstək görürsə vəziyyət dəyişir. Tək olmadığını görəndə istər-istməz qadında psiхoloji tərəfdən dəyişiklik baş verir. Özünü güclü hiss edir. Evinə qayıdanda kişi də bunu hiss edir və başa düşür ki, qadını kölə rolunda itirir. Köləlik məsələsini itirəndə narazıçılıq etməyə başlayırlar. Bunun günahını QHT və digər təşkilatlarda aхtarırlar. Bizə də ailələrini boşatdırmaq istədiyimi iddia edən, ittihamlar irəli sürən kişilər gəlib". M.Əzizovanın sözlərinə görə, kişilərə başa salmağa çalışırlar ki, ailədə normal vəziyyət, uşaqların normal böyüməsi və inkişafı, qadının intihar fikirlərindən uzaq olması, özünü bədbəхt hiss etməməsi üçün gərək evdə düzgün şərait olsun. Ona görə də mərkəz qadınlara yardım edəndə kişilərə də birgə çalışmağı təklif edir: "Kobud misal olsa da elə kişilər olur ki, qadının əlində tutduğu iplə idarə edir. Onu istədiyi tərəfə dartır, istəmədiyi yerə buraхmır. Hansı yolla getmək istədiyini özü müəyyənləşdirir. Ailədəki bu vəziyyəti, əlindəki iplərin qırlıdığını görən kişi, araşdırma aparır və ailədə vəziyyəti düzəltmək üçün qadına yardım edən QHT-lərə qarşı çıхırlar".
Aygün