Niyə bəzi yerli müəlliflər çap oluna bilmir?
6 Dekabr 14:00 MüsahibəKitab oxuma mədəniyyəti cəmiyyətin inkişaf səviyyəsini göstərən əsas meyarlardan biridir. Azərbaycanda kitab sənayesinin durumu, yerli müəlliflərin üzləşdiyi çətinliklər və nəşriyyatların qarşılaşdığı problemlər müzakirə edilməli əsas məsələlərdəndir. Bu sahədə "Qədim Qala" nəşriyyatının icracı direktoru Şöhlət İxtiyaroğlu ilə olan müsahibəmiz, həm oxucuların zövqləri, həm də kitab nəşrinin gələcəyi ilə bağlı bir çox önəmli məqamlara aydınlıq gətirəcək.
- Hazırda oxucular arasında hansı janrda kitablar daha populyardır?
- Digər kitablarla müqayisədə psixoloji, detektiv janrında olan kitablara üstünlük verilir. Lakin bu, başqa janrda olan kitabların oxunmaması demək deyil.
- Yerli müəlliflərin əsərlərinin çapı ilə bağlı hansı çətinliklər olur?
- Əslində, yerli, gənc, olduqca uğurlu, kifayət qədər oxucu kütləsinə malik müəlliflərimiz var. Lakin bəzi yerli müəlliflərin çap olunmaqla bağlı problemi, həqiqətən, mövcuddur və onlar buna görə nəşriyyatları qınayırlar. Məsələ burasındadır ki, nəşriyyatların, demək olar ki, 95%-i özəldir. Bu səbəbdən çap olunacaq kitabların vəsaitini borc, kredit və s. yolla əldə edirlər. Həmin maliyyənin batmaması, mətbəəyə olan borcu ödəyə bilmək üçün çap olunan kitablar anbarda yatmamalı, hamısı satılmalıdır. Ona görə də nəşriyyatlar yerli müəllif məsələsində çox seçici davranmaq məcburiyyətində qalırlar və təbii olaraq, kitabları çox satılan müəllifə üstünlük verirlər.
Ümumiyyətlə, çap edilməyən müəlliflərə də şans vermək lazımdır. Şans verilən, amma çap olunub böyük oxucu kütləsi qazana bilməyən müəlliflərin problemi isə seçdikləri mövzu ilə əlaqədar ola bilər. Məsələ burasındadır ki, bir kitab çapdan çıxdıqda ilk olaraq onu heç olmasa 5-10 oxucu mütaliə edir. Həmin oxucular sosial platformalarda oxuduqları kitab, müəllif barədə öz rəylərini asanlıqla yazıb paylaşa bilirlər. Nəticədə, müəllif haqqında müəyyən fikir formalaşır. Təbii ki, əgər müəllif öz əsəri ilə diqqət çəkə bilirsə, bu yolla öz oxucu kütləsini də genişləndirir. Yəni demək istəyirəm ki, yalnız media vasitəsilə reklam müəllifin tanınmasına, geniş oxucu kütləsi yığmasına kifayət etmir. Müəllifin yazdıqları oxucunun istəyinə və ehtiyaclarına cavab verməlidir. Belə olmasa, yəni oxucu müəllifin bir əsərini oxuyarkən ondan təsirlənməsə, faydalanmasa, yazılanlar onun zövqünə cavab verməsə, həmin oxucu müəllifin növbəti kitabına, əsərinə maraq göstərməyəcək. Demək istədiyim odur ki, bəzən kitabın heç reklama da ehtiyacı olmaz - oxucular sayəsində özünə geniş auditoriya toplaya bilər. Məsələn, Rövşən Abdullaoğlunun kitabları artıq bir neçə ölkədə, fərqli dillərdə çap olunub. Hətta "Bu şəhərdə kimsə yoxdur" romanı yeddi dilə tərcümə olunub. Yaxın vaxtlarda artıq 31-ci dəfə nəşr olunacaq. Bu isə o deməkdir ki, on ilə yaxın müddət ərzində əsər öz oxucu kütləsini qoruyub saxlaya və genişləndirə bilib.
Çap imkanı olmayan müəlliflərlə bağlı fikrim isə budur ki, onlar üçün ayrıca dövlət dəstəyi təmin edilməlidir. Bu, müxtəlif yollarla ola bilər. Məsələn, özəl nəşriyyatlara sırf yerli gənc müəlliflərin kitablarının nəşrinə dəstək məqsədilə müəyyən vəsait ayrıla bilər.
- Tərcümə kitablarının nəşrində keyfiyyətə nəzarətin vacibliyi barədə düşüncələriniz nələrdir?
- Çox önəmli məqama toxundunuz. Çap keyfiyyəti ilə yanaşı tərcümənin keyfiyyəti də çox mühümdür. Çünki oxucu kitaba müəyyən vəsait verib alır. Bu da o deməkdir ki, alınan kitabın keyfiyyətli olması oxucunun haqqı, nəşriyyatın isə məsuliyyətidir. "Qədim Qala" nəşriyyatı olaraq hər iki məsələyə çox diqqətlə yanaşırıq. Çalışırıq ki, keyfiyyət ən yüksək səviyyədə olsun. Lakin, təəssüf ki, ciddi problemlər ucbatından bu istəyimiz bəzən çətinliklə reallaşır, nəticə özümüzü də tam qane etmir. Həmin problemlərdən biri də tərcümə və redaktə sahəsində mütəxəssis çatışmazlığıdır. Görünür, əvvəllər bu sahəyə tələbat az olduğundan mütəxəssis sayı da azdır. İndiki tələbatı isə o az qisim qarşılaya bilmir. Zənnimcə, bu sahəyə gənc mütəxəssisləri təşviq etmək lazımdır.
- Kitab dizaynı və üz qabığı seçimi prosesində hansı meyarlara diqqət yetirilir?
- Oxucu stendə yaxınlaşanda ilk gördüyü kitabın adı və cildi olduğuna görə bu, önəmli məqamdır. Mümkündür ki, o, kitabı məhz adına, cildinə görə seçsin. Mətn çox mükəmməl işlənsə belə, cild dizaynı və adı diqqət çəkməyəndə, maraqsız, bəsit olanda, yaxud keyfiyyətsiz işlənəndə oxucu kitaba marağını itirə bilər. Odur ki biz də bu məsələlərdə çox diqqətli olmağa çalışırıq.
-Elektron və audio kitabların populyarlığı çap kitablarına necə təsir edir?
- Fikrimcə, kitabın formatından çox, onun oxunması önəmlidir. Əslində, indinin özündə ciddi təsir göstərmir, gələcəkdə də göstərəcəyini düşünmürəm. Lakin, təbii ki, tələbat dəyişəcəksə, platforma da dəyişəcək. Gündəlik həyatda mütaliə üçün asudə vaxtı olmayan şəxslər audio kitablardan istifadə edirlər. Yenə deyirəm, önəmli olan məhz oxumaqdır.
- Azərbaycan oxucularının kitab seçimi dünya trendlərindən nə dərəcədə fərqlənir?
- Ümumiyyətlə, "News York Times", "Amazon" bestsellerlər siyahısına nəzər salsaq, görərik ki, dünya üzrə oxucular daha çox fantastik, detektiv, şəxsi inkişaf yönümlü kitablara maraq göstərirlər. Azərbaycan oxucuları isə daha çox psixoloji romanlara, şəxsi inkişaf kitablarına üstünlük verirlər. Buraya detektiv janrını da əlavə etmək olar.
- Nəşriyyatlar yerli müəlliflərin əsərlərini tanıtmaq üçün nə edə bilər?
- Əksər nəşriyyatlar özü özünü maliyyələşdirdiyinə görə, dediyimiz kimi, bu, nəşriyyata kənar maliyyə dəstəyi olduğu təqdirdə daha effektli olar. Həmin maliyyə dəstəyi dövlət tərəfindən və ya müəyyən dəstək proqramı çərçivəsində banklardan faizsiz, aşağı faizli kredit yardımı formasında da ola bilər. Çünki nəşriyyat sahəsi də kifayət qədər riskli sahədir.
- Azərbaycan kitab sənayesinin inkişafı üçün əsas ehtiyaclar nələrdir?
- Biz kitabı öz həyatımıza daxil edib, onu özümüz üçün ehtiyac halına gətirsək, bu, çox böyük uğur olar. Bunun üçün isə ilk növbədə kitabın əlçatanlığını təmin etmək lazımdır. Xüsusən də regionlarımızda bu problem daha qabarıqdır. Biz Azərbaycan Nəşriyyatları Assosiasiyası olaraq böyük regionlarımızda: Sumqayıt, Gəncə, Lənkəran, Xırdalan, Naxçıvanda kitab sərgiləri keçirdik. Burada insanların kitaba olan tələbatlarını hiss etdik və bir daha əmin olduq ki, oxucu kitaba doğru gələ bilmirsə, kitabı oxucuya aparmalıyıq. Bunun üçün böyük kitab mərkəzlərinə, mağazalarına, oxucu-müəllif görüşlərinə ehtiyac var. Bu məsələdə də maddi dəstəyə ehtiyac danılmazdır. Məsələn, böyük biznes şirkətləri, banklar ən azından hər biri bir regiondakı mərkəzin açılışına dəstək verə bilər. Həmin qurumlar öz regional biznes layihələrinə bu tip işləri də daxil edə bilər.
Qeyd edim ki, bir neçə il öncə "Metroservis" adlı bir qurum var idi. O, kitab və qəzetləri metronun giriş-çıxışındakı köşklərə çatdıraraq onların satışını təmin edirdi. Bunun özü əhəmiyyətli təbliğat maşını idi. İnsan baxdığı hər yerdə kitab görəndə onu həyatına daha asan daxil edə bilir. Bu səbəbdən "Metroservis"in fəaliyyətinin yenidən bərpasına ehtiyac olduğunu düşünürəm. Ən əsası isə, xalq olaraq vətəndaşlarımızın hamısı bu prosesdə maraqlı olmalıdır. Kitab sənayesinin inkişafı elə özümüzün, cəmiyyətin, ölkənin inkişafı deməkdir. Bu yaxınlarda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində 76-cı beynəlxalq kitab sərgisində yazıçı Rövşən Abdullaoğlu ilə birgə iştirak etdik. Kitablarımızın bir neçəsinin müəllif hüquqlarını alan nəşriyyatlarla görüşümüz baş tutdu. Bunları deməkdə məqsədim yerli müəlliflərimizin də dünyaya çıxışının mümkün olduğunu vurğulamaqdır. Təki buna istək, həvəs, həmçinin maddi dəstək olsun.
Zeynəb Rzayeva