Bağçalının ŞKTR-i Türkiyəyə birləşdirmə təklifi – Ekspert ŞƏRHİ – ÖZƏL

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilmiş prezident seçkilərinin nəticələrini tənqid edərək, ŞKTR parlamentini təcili iclasa çağırıb. O, parlamentarilərin ölkənin Türkiyə Respublikasına qatılmasına qərar verməsini təklif edib. Bağçalı seçici fəallığının az olduğunu əsas gətirərək, nəticələrin Kipr türklərinin taleyini təmsil edə bilməyəcəyini vurğulayıb və federasiyaya geri dönüşün qəbul edilməməli olduğunu bildirib.
Qeyd edək ki, 19 oktyabrda keçirilən seçkilərdə federasiya tərəfdarı olan Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib.

Maraqlıdır, Dövlət Bağçalının ŞKTR-in Türkiyəyə birləşməsi təklifinin reallaşma ehtimalı nə dərəcədədir?

"Bağçalının fikirlərini Türkiyənin rəsmi siyasəti və ya siyasi kursu kimi qəbul etməyə ehtiyac yoxdur. Çünki bu, Türkiyənin dövlət siyasətini deyil, sadəcə Bağçalının şəxsi ideoloji mövqeyini və daxili siyasətə yönəlik bir fikrini əks etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Kipr Respublikası beynəlxalq aləmdə, ümumiyyətlə, tanınmır - yalnız Türkiyə tərəfindən tanınıb. Şimali Kiprin hansısa federativ formada başqa bir dövlətə birləşdirilməsi beynəlxalq hüquqa ziddir.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə də bunu çox yaxşı anlayır. Bu səbəbdən, beynəlxalq hüququ pozmamaq və Avropa Birliyi ilə münasibətlərində problem yaratmamaq üçün belə bir addım atmayacaq. Yəni, Şimali Kipr Türk Respublikası Türkiyəyə birləşdirilməyəcək. Hər halda, Şimali Kipr müəyyən mənada müstəqil dövlət statusuna malikdir.

"Bununla yanaşı, məsələ iqtisadi baxımdan da çox həssasdır. Əgər belə bir birləşmə baş versə, Aralıq dənizində aparılan qazma işləri, neft və qaz çıxarılması ilə bağlı Türkiyəyə qarşı ciddi təzyiqlər yarana bilər. Çünki Türkiyə artıq Aralıq dənizindəki enerji yataqlarına nəzarəti öz əlində saxlamaq istəyir və bu istiqamətdə fəaliyyət göstərir.
Digər tərəfdən, əgər Kipr Türkiyəyə birləşdirilsə, bu, beynəlxalq aləmdə bir növ "anneksiya" kimi qiymətləndirilə bilər və nəticədə Türkiyə həm Avropa Birliyi, həm də Qərb dövlətləri tərəfindən ciddi təzyiqlərlə üzləşər.
Bu səbəbdən, Bağçalının səsləndirdiyi fikri Türkiyənin daxili siyasətinə aid ideoloji bir çıxış kimi dəyərləndirmək daha doğrudur. Bu, Türkiyənin diplomatik və xarici siyasət kursunda öz əksini tapmır və hazırda bu istiqamətdə hər hansı rəsmi addım da atılmır", - deyə ekspert əlavə edib.

R. Məmmədova vurğulayıb ki, Türkiyənin əsas məqsədi Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır. Yəni Ankara hazırda Şimali Kiprin bir dövlət kimi tanınması və qəbul olunması istiqamətində fəaliyyət göstərir. Ona görə də "Türkiyə Kipri özünə birləşdirəcək" kimi iddialar doğru deyil. Şimali Kiprdə keçirilən prezident seçkilərindən sonra bəzi siyasətçilərin, o cümlədən Erhümanın çıxışlarında federativ birləşmə fikirləri səslənsə də, Bağçalı bu ideyanı sadəcə daxili auditoriyaya hesablanmış şəkildə dəstəkləyib.

Siyasi şərhçi sonda qeyd edib ki, bu məsələni Türkiyənin rəsmi xarici siyasətinin bir parçası kimi deyil, daha çox daxili ideoloji baxış və siyasi ritorika çərçivəsində qiymətləndirmək lazımdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31