Azərbaycan tərəfi bütün istiqamətlərdə şərt qoyan və diqtə edən tərəfdir
Arzu Nağıyev: “Buna görə də ermənilər müxtəlif siyasi manevrlər edirlər” “Bu da münaqişənin həllinə mənfi təsir edir” Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən hər vasitə ilə yayınmağa, danışıqlar prosesinə əngəl olmaqla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. İşğalçı ölkənin bu qeyri-konstruktiv addımı son aylar daha qabarıq şəkildə özünü göstərir. Elə separatçı rejimin konstitusiyasına dəyişikliklər edərək Dağlıq Qarabağı Artsax adlandırmaq cəhdi də bunun tərkib hissəsidir. Bəs görəsən işğalçı ölkənin bu təxribat xarakterli hərəkətləri cəbhə xəttində yenidən gərginliyi artıra və hərbi əməliyyatlar aktiv fazaya qədəm qoya bilərmi? Bu və ya digər suallara aydınlıq gətirmək üçün siyasi ekspert Arzu Nağıyevə müraciət etdik. Arzu Nağıyev “OLAYLAR”-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı ortaya qoyduğu münasibətə də toxunub.
10 Noyabr 2016 14:29 MüsahibəArzu Nağıyev: "Buna görə də ermənilər müxtəlif siyasi manevrlər edirlər"
"Bu da münaqişənin həllinə mənfi təsir edir"
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən hər vasitə ilə yayınmağa, danışıqlar prosesinə əngəl olmaqla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. İşğalçı ölkənin bu qeyri-konstruktiv addımı son aylar daha qabarıq şəkildə özünü göstərir. Elə separatçı rejimin konstitusiyasına dəyişikliklər edərək Dağlıq Qarabağı Artsax adlandırmaq cəhdi də bunun tərkib hissəsidir. Bəs görəsən işğalçı ölkənin bu təxribat xarakterli hərəkətləri cəbhə xəttində yenidən gərginliyi artıra və hərbi əməliyyatlar aktiv fazaya qədəm qoya bilərmi? Bu və ya digər suallara aydınlıq gətirmək üçün siyasi ekspert Arzu Nağıyevə müraciət etdik. Arzu Nağıyev "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı ortaya qoyduğu münasibətə də toxunub.
-Arzu müəllim, Ermənistanın açıq-aşkar danışıqlar prosesindən yayınması, Qarabağı Artsax elan etmə cəhdi münaqişənin həllini dalana dirəyə bilərmi?
-Azərbaycan prezidenti cənab İlham Əliyevin Qarabağla bağlı son bəyanatı açıq şəkildə məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi. Yəni bu münaqişə yalnız mərhələli şəkildə həll olunmalıdır. Bu mesajın ardından ATƏT-in Minsk Qrupunun həmsədrləri dərhal regiona səfər etdilər. Ermənistan rəhbərliyi isə paket həll variantının üzərində dayanıb. Rusiya SSRİ-nin varisidir və bu yanan ocağın yaradılmasında SSRİ-nin birbaşa rolu olub. Ona görə də Rusiya məsələni sona qədər yerinə yetirməlidir. Sankt-Peterburq görüşündə ilk dəfə uzun müddətdən sonra müəyyən bir müsbət hal yaranmışdı. Lakin Serj Sərkisyan hakimiyyətindən, hətta fiziki məhvindən qorxaraq pərdəarxası görüşlərdə İrəvana qayıtdığı müddətdə artıq məhv ediləcəyini bildirdi və siyasi gedişlər edərək hökumət dəyişikliyinə getdi. Hətta separatçılarla görüşündə yenidən müstəqilliklə bağlı bəyanatlar verdi. Yeni baş nazir də Qarabağa səfər edib qondarma qurumun adında dəyişiklik etmək təklifi ilə çıxış etdi. Təbii ki.bunlar danışıqlardan yayınma üçün atılan addımlardır.
-Beynəlxalq birlik, eləcə də ATƏT-in Minsk qrupunun buna qarşı səssizliyi Ermənistanın maraqlarına xidmət etmirmi?
-ATƏTMinsk Qrupu səssini çıxarmır desək bu düzgün olmazdı. Lakin konstruktiv və səmərəli iş görməməsi göz qabağındadır. MəluMdur ki, regiona səfərdən sonra yenə bəyanatlar verildi. Hazırda qarşıda hər iki dövlətin Xarici işlər nazirlərinin Hamburqda görüşü gözlənir. Əgər bu görüşdə də ermənilər qeyri-adekvat bəyanatlardan o yana keçməsələr, artıq böyük qarşıdurma yarana bilər. Əgər əksinə müəyyən qərarlar qəbul edilsə, yəqin ki, daha yüksək səviyyəli görüşlər ola bilər.
-Bu cür vəziyyət münaqişənin alovlanması üçün təkan ola bilərmi?
-Münaqişə istənilən vaxt alovlana bilər. Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun üzvü olan, ikitərəfli görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, lakin Ermənistana təsir etməyən dövlətlər bütün səlahiyyətlərindən istifadə edərək təsir mexanizmini daha da təkmilləşdirməli və bundan tam şəkildə istifadə etməlidirlər. Əks halda regionda baş verə biləcək hərbi qarşıdurma bu ölkələrdən də yan ötməyəcək.
-Birləşmiş Ştatlardakı seçkilərin nəticələrinin bir sıra regional münaqişələr, o cümlədən Qarabağ probleminin həllinə hansısa formada təsiri mümkündürmü?
-Donald Tramp, həm də Hillari Klinton öz seçki öncəsi debatlarında, çıxışlarında elə bir yeni məsələ ortaya qoya bilmədilər, onların sözlərində hər hansı ciddi yeniliyin şahidi olmadıq. Hər ikisinin də əsas vurduğu nöqtə iqtisadiyyat, ölkəyə təhdid, terrorizmlə mübarizə oldu. Onlar bundan o yana hər hansı problemi qabarda bilmədilər. Ən maraqlısı isə odur ki, onların hər ikisinin bu problemlərin həlli üçün konkret resepti də yox idi. Düşünmürəm ki, belə tezliklə münaqişənin həllində məhz ABŞ-ın təsiri olsun. Təbii ki, regional layihələrdə tam iştirakçı olmaq üçün ilk növbədə təhlükəsizlik məsələləri ,o cümlədən təhdidlər aradan qaldırılmalıdır. Bu təhdidlərin ən mühüm də Dağlıq Qarabağ münaqişəsidir.
-Ümumiyyətlə, yaxın perspektivdə Qarabağ probleminin həlli mümkün görünürmü?
-Qeyd etdiyim kimi, problemin həlli ancaq mərhələli şəkildə həyata keçə bilər. Tam şəkildə yaxın zamanda münaqişənin həll ediləcəyi inandırıcı görünmür. Əsas məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan tərəfi bütün istiqamətlərdə, hərbi, diplomatik və siyasi məsələlərdə şərt qoyan və diqtə edən tərəfddir. Buna görə də ermənilər müxtəlif siyasi manevrlər edirlər. Düşünürəm ki. bu da münaqişənin həllinə mənfi təsir edir.
Məhəmməd