“Siyasətin öz yeri, yaradıcılığın, mətbuatın da öz yeri var”

Elçin Mİrzəbəyli: “Heç vaxt nə siyasətlə, nə də digər yaradıcılıq istiqamətləri ilə medianı qarışdırıb səhv salmıram” On beş ildir ki, Azərbaycanın gündəlik mətbuat orqanları sırasında öz dəsti-xətti ilə seçilən “Xalq Cəbhəsi” qəzetinin yubileyinə sayılı günlər qalıb. İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunan qəzetə 2006-cı ildən etibarən tanınmış siyasətçi, şair və jurnalist Elçin Mirzəbəyli rəhbərlik edir. Elə qəzetin ötən dövrdəki fəaliyyəti və gələcək prespektivləri ilə bağlı baş redaktor Elçin Mirzəbəyli ilə söhbətləşdik. 

Elçin Mİrzəbəyli: "Heç vaxt nə siyasətlə, nə də digər yaradıcılıq istiqamətləri ilə medianı qarışdırıb səhv salmıram"

On beş ildir ki, Azərbaycanın gündəlik mətbuat orqanları sırasında öz dəsti-xətti ilə seçilən "Xalq Cəbhəsi" qəzetinin yubileyinə sayılı günlər qalıb. İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunan qəzetə 2006-cı ildən etibarən tanınmış siyasətçi, şair və jurnalist Elçin Mirzəbəyli rəhbərlik edir. Elə qəzetin ötən dövrdəki fəaliyyəti və gələcək prespektivləri ilə bağlı baş redaktor Elçin Mirzəbəyli ilə söhbətləşdik. 

-Elçin bəy, artıq 15 ildir ki, "Xalq Cəbhəsi"qəzeti fəaliyyət göstərməkdədir. Sizcə, qəzet ötən illərdə qarşısına qoyduğu hədəflərə çata bilibmi?

1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var

-Qarşımızdakı hədəflər milli hədəflər- Aərbaycan milli-mənəvi dəyərlərinin təbliği, azərbaycançılıq, türkçülük ideyalarının təbliği idi. Bu istiqamətdə ilk gündən bu günə qədər qəzetin informasiya siyasətində hər hansı bir dəyişiklik baş verməyib. Bu yolu bacardığımız qədər uğurla davam etdirməyə çalışmışıq. Prinsip etibarilə hədəflərimizin bir qisminə çatdığımızı düşünürəm. Ancaq mətbuat orqanının hədəfi sonsuz olur. Nə qədər ki, canımızda can var, nə qədr ki, irəli getməyi bacaracağıq, o vaxta qədər də hədəflərə doğru irəliləmək davam edəcək. 

- Çoxsaylı qəzet bolluğu şəraitində rəhbərlik etdiyiniz qəzetin yeri və rolunu necə görürsünüz?

- Ümumən götürəndə "Xalq Cəbhəsi" qəzeti Azərbaycanın gündəlik mətbuat orqanları sırasında hər zaman öz yeri, öz rolu, öz sifəti olan bir mətbuat orqanı kimi seçilib. Biz bu gün də müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırıq. Yəni, qəzetin informasiya siyasətində daha çox analitik yazılara üstünlük veririk. Artıq informasiya sahəsində elektron media bizi qabaqlayır. Çünki internet medianın imkanları daha genişdir. Bizim qəzet bir növ internet mediaya da transformasiya olunub. Yəni, öz saytımız var ki, onun vasitəsilə də qəzetimizin ənənəvi informasiya siyasətini davam etdirməyə çalışırıq. Qənaətimə görə Azərbaycan mətbuatı sırasında öz yerimiz var. Yəni, biz hər hansı mətbuat orqanının yerinə iddia etməmişik, sadəcə olaraq öz ənənəmizi, öz yolumuzu və öz sifətimizi ortaya qoymuşuq. 

- Hazırda qəzetlərin siyasiləşməsi barədə müxtəlif fikirlər səslənməkdədir. Sizcə, "Xalq Cəbhəsi" qəzeti müstəqilliyini nə dərəcədə qoruyb saxlaya bilib?

-Azərbaycandakı bütün mətbuat orqanları qədər də "Xalq Cəbhəsi" qəzeti öz müstəqil siyasətini qoruyub saxıamağa çalışır. Heç kimə sirr deyil ki, mən partiya sədrinin müaviniyəm, şübhəsiz ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prinsiplərini və ideyalarını da öz siyasətimizdə nəzərə alırıq. Lakin bu ideyalar və prinsiplər Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edir. Bu baxımdan da dövlətin, millətin, xalqın maraqlarına xidmət edən prinsiplərin müstəqilliyə xələl gətirdiyini söyləmək absurd olardı. Burada hər hansı bir xələllikdən söhbət gedə bilməz. Qəzetdə dərc olunan gündəlik məlumatlara diqqət yetirsəniz məlum olar ki, bir çox hallarda mənim təmsil olunduğum BXCP-nin məlumatlarınından daha çox digər siyasi partiyaların da məlumatları yayılır . Bununla bərabərlik, qərəzsizlik prinsipi qorunmağa çalışılır. "Xalq Cəbhəsi" qəzeti Azərbaycanda azsaylı mətbuat orqanlarındandır ki, bu günə kimi qəzetlə bağlı məhkəməyə müraciət olunmayıb, yəni, qəzetdə təksib verilməyib. Hesab edirəm ki, bu da bizim öz peşə prinsiplərimizə nə qədər sədaqətllə yanaşdığımızı nümayiş etdirir. 

- Siz həm yaradıcı insansınız, həm də siyasətlə məşğulsunuz. Siz bu keyfiyyətlərlə qəzetə rəhbərlik etməklə nə itirdiniz, nə tapdınız? 

- Mənim qəzetə rəhbərlik etməyim təsadüfdən, yaxud göydəndüşmə bir hadisə olmayıb. Mənim ömrümün əhəmiyyətli bir hissəsi mətbuatla bağlı olub. Çap mediasında da, televiziyada da fəaliyyətim olub. Bu mənim peşəmdir, sahəmdir, çaışdığım işdir. Öz yaradıcılıq imkanlarımı da, potensialımı da bu sahədə büruzə verirəm. Heç vaxt nə siyasətlə, nə də digər yaradıcılıq istiqamətləri ilə medianı qarışdırıb səhv salmıram. Söhbət işə peşəkar yanaşmaqdan gedir. Əgər söhbət emosional yanaşmadan gedərsə, insan hissləri ilə davranıb hər hansı bir sahəyə həmin hislər göstəricisindən yanaşarsa, təəssüf ki, o zaman nəinki gündəlik bir mətbuat orqanını, heç divar qəzetini də idarə etmək olmaz. Ona görə də emosional, hisslər baxımından heç bir şeyə yanaşmıram. Siyasətin öz yeri, yaradıcılığın, mətbuatın da öz yeri var. 

- Hazırda çap mətbuatının elektron media ilə əvəzlənməsi prosesi gedir. Siz həm yaradıcılıq, həm də texniki baxımdan elektron media ilə ayaqlaşmaq istiqamətində hansı işləri planlaşdırısınız?

- "Xalq Cəbhəsi" qəzeti Azərbaycanda ilk elektron versiyası olan mətbuat orqanlarındandır. Hazırda bizə aid olan "Baymedia" da var. Bu portal vasitəsilə də elektron media ilə ayaqlaşmağa çalışırıq. Texniki imkanlarımız buna yol verir və təbii ki, hər şeyin bir zamanı var. Ən əsası ondan ibarətdir ki, "Xalq Cəbhəsi" qəzetinin ənənəvi medianın prinsiplərinə söykənən sistemli bir idarəetmə strukturu var, sistemli fəaliyyət göstərən kollektivi var və bu kollektiv üzərindən istənilən bir böyük layihəni həyata keçirmək mümkündür. 

- Hazırda ölkədə fəaliyyət göstərən əksər qəzetlərin reklam problemi var ki, bu da onların müstəqil fəaliyyətinə təsirsiz ötüşmür. Sizcə Aərbaycan mətbuatını hər hansi ciddi problem gözləyirmi? 

- Reklam problemi mətbuat üçün ümumi bir problemdir. Burada təkcə reklam bazarı ilə bağlı məsələlər deyil, eyni zamanda iqtisadi münasibətlərlə bağlı olan problemlər də var. Azərbaycanda bütün sahələr üzrə ciddi islahatlar həyata keçirilir. Özəl sektorun inkişafı istiqamətində də ciddi addımlar atılır. Bu addımların da bəhrəsini görəcəyimizi düşünürəm. Təbii ki, özəl sektor inkişaf etdikcə, bazarın liberallaşdırılması prosesi genişləndikcə, nəticə etibarilə reklam bazarının daha da geniş şəkildə formalaşmasına zəmin yaradacaq. Bu həm qeyri-neft sektoruna daxil olan özəl qurumlar arasında rəqabəti gücləndirəcək, eyni zamanda media orqanları arasında rəqabəti genişləndirəcək. Əslində bu məsələ geniş olmaqla yanaşı, qlobal bir prosesdir. Buna dar mətbuat çərçivəsindən, mətbuatın reklam bazarı çərçivəsindən yanaşmaq yanlış olardı. Bu məsələlərə kompleks yanaşmaq lazımdır. Çünki problemlər kompleks şəkildə həllini tapdıqca reklam bazarı ilə bağlı məsələlər də öz həllini tapacaq. 

- Azərbaycan mətbuatının hazırki peşəkarlıq səviyyəsini necə dəyərləndirirsiniz. Sizcə Azərbaycan mətbuatında informasiya təhlükəsizliyi təmin olunurmu?

- Mediada peşəkarlıq məsələsinə birmənalı şəkildə münasibət bildirmək çətindir. Söhbət müasir, çağdaş mediadan gedirsə, yeni mediadan danışırıqsa, burada müəyyən fərqli yanaşmalar ortaya çıxa bilər. O yeni media qurumları ki, ənənəvi medianın bazası üzərində formalaşıblar, yəni birdən-birə göydən düşməyiblər, müəyyən təhsil görüblər, müəyyən peşə fəaliyyətləri olub, təcrübələri var, həmin kütləvi informasiya vasitələrində peşəkarlıqla bağlı hər hansı bir problem yoxdur. Olsa da cüzidir, bütün mətbuat orqanlarında nəzərə çarpan problemlərdir. Məlum olduğu kimi indi sayt açmaq çox sadələşib, istənilən şəxs sayt aça bilər. Təbii ki, onların böyük əksəriyyəti qeyri-peşəkardır. Lakin düşünürəm ki, bu da müəyyən bir mərhələdir. Zaman gəldikcə həmin "mətbuat orqanları" sıradan çıxacaqlar. Çünki rəqbət mühitinə davam gətirə bilməyəcəklər. Bu sahəyə ciddi bir formada vəsait xərcləməyə imkanları olmayacaq.  İnformasiya təhlükəsizliyinin təmin olunması məsələsinə isə gəldikdə, bu da bir qlobal anlayışdır. Bu təkcə bir mətbuatla bağlı olan məsələ deyil. Bu dövlət üçün xüsusi əhəmiyyət kəsb edən bir siyasətdir. Bu sahədə də son dövrlərdə kifayət qədər ciddi addımlar atılır. Azərbaycanın özünün müstəqil peykinin olduğunu nəzərə alsaq, artıq bu istiqmətdə bəzi böyük dövlətlərin belə nail ola bilmədikləri addımların atıldığını görə bilərik. Media sektorunda informasiya təhlükəsizliyi ilə bağlı ara-sıra müəyyən problemlər olur. Mənə elə gəlir ki, son dövrlərdə mətbuat bir az toparlanıb. Artıq dünyada və regionda baş verən proseslərə daha ciddi yanaşmağa çalışır. Ötən dövrlərdə buraxılmış səhvlərdən müəyyən nəticələr çıxarır. İndiki şəraitdə ciddi bir problemin olmadığını düşünürəm. Nəzərə alsaq ki, xarici mətbuat orqanlarının təsiri amilindən bütün bu məsələlərə yanaşsaq, son dövrdə burada da müəyyən qədər müsbət proseslərin getdiyinin şahidi olarıq. Ümumən bu məsələni qənaətbəxş hesab etmək olar. 
 
Alim 
  

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31