Terroru lənətləyən hər bir insan Xocalıya ədalət tələb etməlidir
Nərgiz Əliyeva: ““Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanın iri region və şəhərlərində tədbirlər həyata keçiriləcək”
22 Fevral 2016 13:22 Müsahibə"Bu tipli iri miqyaslı tədbir və aksiyalar Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oynayır"
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 24 il keçir. 1992-ci il, fevralın 26-da Xocalıda törədilən vəhşiliklərin dünyaya çatdırılması və bu hadisənin soyqırım kimi beynəlxalq aləmdə tanınmasına nail olmaq istiqamətində ötən illər ərzində məqsədyönlü tədbirlər, aksiya və layihələr həyata keçirilib. Bu istiqamətdə həyata keçirilən ən uğurlu kampaniyalardan biri də "Xocalıya ədalət" kampaniyasıdır. Hər il olduğu kimi bu il də sözügedən kampaniya çərçivəsində xarici ölkələrdə faciənin ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniya çərçivəsində ən genişmiqyaslı və çoxsaylı tədbirlərin keçirildiyi ölkələrdən biri də Gürcüstandır. Məlumat üçün qeyd edək ki, hər ilin fevral ayı Gürcüstanda Xocalı ayı elan edilir və bu ay çərçivəsində məlum hadisə ilə əlaqədar çoxsaylı tədbirlər keçirilir. Bu il də keçirilməsi nəzərdə tutulan tədbirlər, bu istiqamətdə görüləcək işlərlə bağlı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin rəhbəri, qurumun mətbuat katibi, eləcə də Gürcüstanda Xocalı ayı çərçivəsində aparılan təbliğat kampaniyasının koordinatoru Nərgiz Əliyeva ilə söhbətləşdik.
-Nərgiz xanım, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Azərbaycanlıların Mədəniyyət Mərkəzinin yarandığı ilk gündən əsas hədəfi gənclərin inkişafı, onların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, dövlət dilini mənimsəməsi istiqamətində işlərin görülməsi olub. Bu günədək bizim təşkilat bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirib. Həmin layihələrdən bir neçəsini xüsusi qeyd etmək istərdim. Belə ki, Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün müxtəlif təqaüd proqramları icra olunur, Həmçinin Gürcüstanın böyük Azərbaycan dilli məktəblərində əlavə gürcü dili kursları təşkil olunub. Eyni zamanda mədəniyyətimizi yüksək səviyyədə Gürcüstanda və xarici ölkələrdə təbliğ edən "Sarvan" folklor ansamblı fəaliyyət göstərir. Ümumiyyətlə, bu kimi layihələr AMM-nin gənclər sahəsində apardığı işlərdi. Bu il ərzində AMM-in Gənclər şöbəsi bir sıra önəmli layihələrə imza atıb. Onlardan biri, Azərbaycan-gürcü jurnalistlərinin gözü ilə, Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə adlı layihələr olub. Layihənin əsas məqsədi hər iki ölkə oxucusunu bir birimizin ölkəsi, mədəniyyətilə yaxından tanış etmək, jurnalistlər arasında körpü yaratmaq idi. Gənclərimizin inkişafı üçün şöbənin daxilində Gənclik, Tibb, Kitab, Futbol klubları fəaliyyət göstərir. Hazırda da qeyd edilən istiqamətlərdə işlərimizi davam etdiririk
-Bu günlərdə Xocalı facisəinin 24-cü ildönümü tamam olur. Gürcüstanda bu məqsədlə hansı tədbirlərin keçirilməsi qərara alınıb?
-AMM-in Gənclər şöbəsi Heydər Əliyev Fondunun vitse-presizdenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" kampaniyasını Gürcüstanda geniş şəkildə həyata keçirir. AMM yarandığı gündən etibarən fevral ayı Gürcüstanda Xocalı ayı elan olunur. Ay ərzində Gürcüstanın böyük şəhərlərində Xocalı həqiqətləri adlı tədbirlər həyata keçiririk. Tədbirlərə yerli əhali ilə bərabər əcnəbilər də cəlb olunur, onlara həqiqətlərimiz haqqında ətraflı məlumatlar verilir. Biz hər il müxtəlif regionlara səfər edirik və bu hadisələri yerli əhaliyə çatdırır. Bunun üçün tərəfimizdən gürcü dilinə müxtəlif əyani vasitələr tərcümə etdirilərək yerli əhaliyə təqdim olunur. Məlumat üçün qeyd edim ki, ötən il Gürcüstanda ilk dəfə Xocalıya ədalət aksiyası keçirildi. 400 nəfərdən çox iştirakçı ilə Tbilisi şəhərinin mərkəzi küçələrində və Ermənistan səfirliyi qarşısında aksiya təşkil etdik. Gürcü və ingilis dillərində Azərbaycan həqiqətləri haqqında informasiya bukletləri hazırlayaraq şəhər sakinlərinə və xarici qonaqlara payladıq, onlara həmin hadisələr haqqında ətraflı məlumat verdik. Qeyd edim ki, aksiyaya gürcü xalqı nümayəndələri də qoşuldu. Ümumiyyətlə, bu cür tədbirləri biz il boyu təşkil edirik. Mərkəzimizin qonağı olan bütün gürcü və əcnəbi insanlara əyani vasitələr paylayır, onlara həqiqətlərimiz haqqında məlumatlar veririk. Bu il də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində iri region və şəhərlərdə tədbirlər həyata keçiriləcək. Bu ilki tədbirlərə daha geniş auditoriyanı cəlb edəcəyik. Müxtəlif tipli mövzular üzrə tədbirlər keçirib həmin tədbirlərə ekspert, tarixçi, alim və professorlari cəlb edəcəyik. Aksiyalar keçirərək sadə insanlara broşürlar paylayacağıq və s. Düşünürük ki, bu tipli iri miqyaslı tədbir və aksiyalar Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oynayır. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin və separatçılarının Azərbaycan torpaqlarına girməsi və işğal etməsi heç bir beynəlxalq normalara sığmayan bir hadisədir. Müharibənin öz qayda - qanunları, hərbi qanunların da çərçivələri, məhdudiyyətləri var, Erməni qoşunları və cinayətkarları bu qanunlara riayət etmədən 1992-ci il, fevralın 26-da Xocalıda əsrin cinayətlərini törətdilər. Bu cür hallar nəinki Xocalıda, Qarabağ müharibəsi zamanı işğal olunan bütün ərazilərdə baş verdi. Xocalı qətliamı isə bu cinayətlərin ən dəhşətlisi oldu. Bu genosid idi. Xocalı insanını milli mənsubiyyətinə görə qəddarcasına qətlə yetirdilər, uşaq, qadın, yaşlılara qarşı insan təfəkkürünə və hissiyyatına sığmayan amansızlıqla vəhşiliklər törədildi. Təbliğat zamanı həmin cinayətlərdə iştirak edən terrorçuların Xocalıda etdikləri cinayətlərin etiraflarını, insanlarımızı necə qətlə yetirdiklərini təsdiqləyən fikirlərini sitat gətirirəm ki, onların necə qəddar, qaniçən olduqlarını hər kəs bilsin. Həmin vəhşilikləri söylərkən isə hisslərimizi cilovlaya bilmirik. Əcnəbi dinləyicilərimiz söylədiklərimi və filmlərdə izlədiklərini gördükdə dəhşətə gəlib göz yaşlarını tuta bilmirlər. Buna nə ad vermək olar? İnsanlığa sığmayan əməlləri törədənlərə insan demək olarmı? Bizi acıdan isə dünyadakı ədalətsizlildir. Təssüflər olsun ki, bu terrora hələ də hüquqi status verilməyib, bir çox ölkələr bunu genosid kimi qəbul etməyib, cinayətkarlar-terrorçular hələ də cəzasını almayıb. Ən əsası isə işğal altında olan 20 faiz tarixi Azərbaycan torpaqları hələ də azad olunmayıb. Bunun üçünsə dünyada yaşayan bütün azərbaycanlılar həqiqətlərimizin təbliği istiqamətində sıx birləşməli və çalışmalıdır.
-İndiyədək beynəlxalq birliyin Ermənistana qarşı sərt addımlar atmamasının arxasında hansı amillər dayanır?
-Bu gün dünyanın mübarizə apardığı ən böyük problem terrordur. Bizim xalqımız bu terrorla illər öncə üzləşib, Xocalı, Qaradağlı, Quba və digər şəhərlərdə baş verən cinayətlər, qətliamlar terror deyilmi? BMT-nin mövcud qətnamələri nədən hələ də yerinə yetirilməyib? ATƏT Minsk qrupunun illərdir apardığı fəaliyyət heç bir nəticə verməyib. Bunun müxtəlif səbəbləri var. Onlar haqqında daha yaxşı şərhi peşəkarlar verə bilər. Mən isə bu problemin həlli yollarından biri kimi informasiya mübarizəsini görürəm. Düşünürəm ki, informasiya müharibəsində qalibiyyət bizim əlimizdədir. Hər bir azərbaycanlı bunun üçün əlindən gələni etməlidir, bu bizim mənəvi borcumuzdu.
-Bu istiqamətdə mərkəz olaraq hansı addımlar atırsınız?
-Azərbaycan və Qarabağ həqiqətlərin Gürcüstanda yayılması istiqamətində mühüm addımlar atırıq. Sistemli şəkildə beynəlxalq təşkilatlara Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən və həqiqətlərimizi təbliğ edən bəyanamələr və sənədlər göndəririk. Yaşadığımız ölkədə düşünürəm ki, bu informasiya müharibəsində qalibiyyət əldə etmişik.
-Xocalı facisəinə hüquqi qiymətin verilməsi, yəni bu cinayəti törədənlərin cəzalandırılması istiqamətində nə kimi addımlar atmaq zəruridir?
-Xocalı qətliamına hüquqi genosid statusu verən ölkələr, ştatlar artıq mövcuddur. Düşünürəm ki, yenə də bunun əsas yolu dünyayı məlumatlandırmaqdan və əlimizdə olan dəlil və faktlardan istifadə edərək Xocalı həqiqətlərini yaymaqdan keçir.
-Bəs diaspor təşkilatları, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Xocalı qətlaimının dünyaya çatdırılması baxımından göstərdikləri fəaliyyət nə dərəcədə əhəmiyyətli rol oynayır?
-Azərbaycan diasporunun təşkilatlanma tarixi az olsa da, dünyaya səpələnmiş soydaşlarımızın sayı kifayə qədərdir. Hər bir təşkilatın əsas məqsədi milli məsələlərin və Azərbaycan həqiqətlərinin təbliğidir. Düşünürəm ki, ərazisi işğal altında olan bir dövlətin millət nümayəndələrinin əsas prioritet məsələləri bu istiqamətdə işlərin görülməsidir. Qeyd etdiyim kimi bu gün Xocalı qətliamına hüquqi status verən bir neçə ölkə parlamenti var, Eləcə də Amerikanın 20 ştatı bu qətliamı tanıyır. Bu işdə və qətliamın dünyada təbliğində ən böyük rol Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyanın üzərinə düşdü. Kampaniyaya dünyada yaşayan azərbaycanlılar, xüsusilə gənclər yaxından dəstək verdilər. Onlar dünyanın bir çox ölkələrində, şəhərlərində Xocalı hadisələrini yad edərək əhalini bu barədə məlumatlandırır, Xocalıya Ədalət tələb edirlər. Düşünürəm ki, başda Leyla xanım Əliyeva olmaqla hər birimizin bu istiqamətdə apardığı iş əbəs yerə görülmür. Bu kampaniyaya hər bir azərabaycanlı, xalqımızın dostları, terroru lənətləyən sadə insan, uşaq, qadın, yaşlı ölümünə qarşı olan, müharibəyə və işğalçılığa dünyada son qoymağı tələb edən hər bir şəxs qoşulmalı və Xocalıya ədalət tələb etməlidir. İnanıram ki, bir gün hər bir məcburi köçkün və doğma yurdlarından, torpaqlarından evlərindən uzaq düşən insanımız o torpaqlara qayıdacaq, şəhidlərin ruhu şad olacaq. Biz də gözəl Qarabağa səfər edərək orada müxtəlif layihələr, düşərgələr keçirərək Azərbaycan bayrağı altında bayram edəcəyik.
Süleyman İsmayılbəyli