“20 ildən çoxdur ki, müxalif düşərgənin müsbətə dogru nəticəsi yoxdur”

Əlabbas Məhərrəmli: “Bu partiyaların da liderləri təəssüflər olsun ki, siyasi səhnəyə atılan gündən bir-birilərinə qarşi qeyri-səmimi olublar”

"Həqiqətən də müxalifətin pərakəndəliyi görünür"

Parlament seçkilərindən keçən müddət ərzində müxalifət düşərgəsində müşahidə olunan passivlik keçən ilin son ayından etibarən aradan qalxmağa başladı. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarında və iqtisadi sahədə baş verən arzuolunmaz proseslər müxalifət düşərgəsində fəaliyyət göstərən bir sıra partiyaları sanki hərəkətə keçirdi. Bölgələrdə baş verəb xırda narazılıqları geniş xalq kütləsinin etirazı kimi görmək istəyən müxalif düşərgənin bəzi siyasi təşkilatları məqsədlərinə çatmadıqda isə bundan məyus olaraq yenidən passiv mövqeyə çəkildilər. Eyni zamanda öz varlıqlarını sübuta yetirmək üçün yenidən müxtəlif əməkdaşlıq formaları təklif edirlər. Elə bir müddət əvvəl də bir sıra müxalifət partiyaları yeni əməkdaşlıq formatı təsis edərək mövcud vəziyyətdən çıxış yolu kimi hakimiyyətə bir sıra təkliflər ünvanlayıblar. Bəs görəsən müxalifətin yeni əməkdaşlıq formatı nə dərəcədə perspektivli olacaq və partiyalar qarşılıqlı şəkildə səmimi əməkdaşlıq edə biləcəklərmi? Eləcə də onların mövcud vəziyyətdən çıxış yolu kimi hakimiyyətə təqdim etdiyi təkliflər nə dərəcədə səmərəli və effektlidir. Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmliyə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əlabbas Məhərrəmli ölkədəki mövcud vəziyyətlə bağlı da fikirlərini bölüşüb.

-Əlabbas bəy, hazırda siyasi səhnədə baş verən prosesləri, bir neçə partiyanın yenidən toparlanma cəhdlərini necə dəyərləndirirsiniz?

-Bilirsiniz ki, bu gün dünyada bir çox siyasi və iqtisadi problemlər öz həllini tapmamış qalıb. Bu proseslərin Azərbaycandan da yan keçməsi labüddür. Belə bir dövrdə ölkənin ictimai-siyasi proseslərində iştirak edən siyasi institutlar daha da fəallaşırlar. Bu baxımdan hər hansısa partiyalarin birlik yaratmalarına, toparlanmalarına normal yanaşıram.

-Keçmişdəki acı təcrübələr müxalifət partiyalarının birlik təşəbbüslərinin əvvəlkitək perspektivsiz olacağından xəbər vermirmi?

-Etiraf etmək lazımdır ki, bu acı təcrübəni biz zaman-zaman Azərbaycan müxalifətindən görmüşük. Burada bir neçə amili nəzərə almaq lazımdır. Əvvəla müxalifət idialogiya və yaxud hansısa bir amal uğrunda qurulan partiyalardan deyil, daha çox şəxsiyyət üzərində qurulan partiyalardı. Bu partiyaların da liderləri təəssüflər olsun ki, siyasi səhnəyə atılan gündən bir-birilərinə qarşi qeyri-səmimi olublar. Ona görə də bu tip birliklərin ömürləri çox qısa olub. Basqa bir amil isə ondan ibarətdir ki, 20 ildən çoxdur ki, bu düşərgənin müsbətə dogru nəticəsi yoxdur. Nəticə olmayanda yenə birliklərin ömrü qisa olur. İndiki birliklərə fikir versəniz şahidi olacaqsınız ki, bu gün də birlik tam deyil. Çünki Milli Şura və orada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası ayrı, Müsavat Partiyasi ayrı, sonuncu yaranmağa başlamış ona yaxin partiyanın birliyi isə ayri fəaliyyət göstərir. AXCP dən ayrılan Razi Nurullayevi, Musavatdan ayrilan Tural Abbaslı tərəfdarlarını, Azərbaycan Drmokratik Rifah Hərəkatını burada təmsil olunduğunu nəzərə alsaq həqiqətən də müxalifətin pərakəndəliyi görünür.

-Bir sıra siyasi təşkilatlar maliyyə sektoru və iqtisadi sahədə baş verənləri sırf hakimiyyətin günahı kimi dəyərləndirməyə çalışırlar. Və iddia edilir ki, onlar mövcud durumdan daha asan yolla çıxa bilərdilər. Sizcə hakimiyyəti günahlandıran siyasi təşkilatlar ölkəni hazırkı vəziyyətdən çıxarmaq üçün güclü potensiala malikdirlərmi?

-Günahlandırmağa qalsa məntiqlə iqtisadi sferada baş verən hallara bilavasitə hökümət cavabdehdir. Na görə də siyasi təşkilatlar məsələyə bu nöqteyi nəzərdən yanaşırlar. Bilirsiniz ki, Cənab prezident də hökümət, məmurlar, rayon icra başçıları qarşısında ciddi tapşırıqlar qoyub. Ölkədə yerli sənayenin inkişafı üçün mühüm işlərin görülməsini tapşırıb. O, ki qaldı müxalifətin potensialına, hesab edirəm ki, onları da yoxlamaq olar. Müxalifətin içərisindən də bacarıqlı kadrlardan istifadə etmək olar.

-Ümumiyyətlə, hazırkı vəziyyətdə siyasi təşkilatların üzərinə düşən əsas vəzifə nə olmalıdır?

-Siyasi partiyaların üzərinə düşən vəzifələrdən birincisi təşkilatlanmaq və növbəti seçkilərə hazırlaşmaq olmalıdır. İqtisadi çətinliklə baglı isə Azərbaycan hökümətinə iqtisadi paketərini, təkliflərini verməlidirlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31