Qərbin Yaxın Şərqlə bağlı meqastrategiyası tam reallaşmamış qalacaq
Elşad Mirbəşiroğlu: “Səudiyyə Ərəbistanı və Qətərin Suriyaya müdaxiləsini ciddi nəticələrə gətirib çıxarmayacaq son cəhdlər kimi qiymətləndirmək olar”
16 Fevral 2016 14:30 MüsahibəSuriyada baş verən proseslər, Səudiyyə Ərəbistanı və Qətərin rəhbərlik etdiyi 150 minlik ərəb ordusunun bu ölkəyə hərbi müdaxilə mümkünlüyü, eləcə də gözlənilən nəticələrlə bağlı politoloq Elşad Mirbəşiroğlu "OLAYLAR"-a müsahibə verib.
-Elşad müəllim, hazırda Suriyada yaşanan prosesləri necə dəyərləndirirsiniz?
-Suriyada vəziyyətin getdikcə daha da gərginləşdiyini, proseslərin kuliminasiya nöqtəsinə çatdığını qeyd etmək olar. Çünki, hazırkı vəziyyətdə ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Cərəyan edən proseslərin xarakteri yaxın zamanlarda Suriya ətrafında bir çox məsələlərə aydınlıq gələcəyindən xəbər verir. Hazırda Əsəd rejimi ölkənin bir sıra strateji məntəqələrinə nəzarəti ələ almışdır və üstünlüyü öz xeyrinə dəyişməkdə davam edir. Bu, o deməkdir ki, Rusiya Suriyada maraqlarını sona qədər qorumaqda israrlıdır. Artıq Birləşmiş Ştatlar və onun Qərbi Avropadakı müttəfiqlərində də Rusiyanın Suriya ilə bağlı maraqlarından imtina etməyəcəyi ilə bağlı qənaətləri möhkəmlənməkdədir. Hesab etmək olar ki, Qərbin Yaxın Şərqlə bağlı meqastrategiyası tam reallaşmamış qalacaqdır. Suriyanı Yaxın Şərqin "strateji qapısı" kimi nəzərdən keçirmək mümkündür. Görünən isə odur ki, bu qapının Rusiyanın nəzarəti altında olması ehtimalları getdikcə artır. Hazırda, ümumilikdə Suriyada vəziyyətin Rusiyanın xeyrinə olduğunu düşünmək üçün kifayət qədər əsas vardır.
-Görünən odur ki, Türkiyə ilə Rusiyanı vuruşdurmaq üçün Qərbin planı işə yaradı. Sizcə bundan sonrakı nəticə necə olacaq?
-Qərb birbaşa Rusiya ilə hərbi qarşıdurmaya girməkdən ya çəkinir, ya da hansısa amillərin təsiri altında bunda maraqlı deyil. Bunu dəfələrlə müşahidə etmişik. Bu baxımdan, Qərbi Rusiyanı digər dövlətlərin əli vurmağa çalışır. Türkiyə ilə Rusiya arasında baş vermiş hərbi-siyasi gərginlik bunu aydın sübut edir. Türkiyə ilə Rusiyanın Suriya ilə bağlı maraqları kəskin toqquşsa da, onlar arasında ciddi narazılıq yox idi. Baxmayaraq ki, Rusiya Bəşər Əsəd rejimini tam dəstəklədiyi halda, Türkiyə qətiyyətlə Əsəd rejiminin getməsini istəyirdi. Ancaq yenə də Rusiya-Türkiyə münasibətləri kifayət qədər sabit idi və onlar arasında yüksək səviyyəli əməkdaşlıq mövcud idi. Lap başlanğıcdan Türkiyə Qərbin istəklərinə uyğun olaraq Suriyada Əsəd rejiminin qatı əlehdarı kimi çıxış etmişdi. Hesab edirəm ki, bu proseslərdə Türkiyə fərqli mövqe də nümayiş etdirə bilərdi. Belə ki, Türkiyə maksimum neytrallığını qorumaqla, sonrakı mərhələdə yaranacaq vəziyyətdən daha artıq geosiyasi dividentlər əldə edə bilərdi. Rusiya ilə Türkiyənin qarşı-qarşıya gəlməsi Qərbin maraqlarına tam uyğundur. Bununla həm Türkiyə ciddi şəkildə zəifləyərək regionda ciddi mövqelərə malik olmayacaqdı, həm də Rusiyanın hərbi fəaliyyəti məhdudlaşdırılacaq. Nəticədə isə, qazanan Qərb olacaqdır. Lakin, nəzərə almaq lazımdır ki, Rusiya heç bir halda Suriya ilə bağlı planlarından imtina etməyəcəkdir və onun qarşını almaq cəhdləri ciddi hərbi və siyasi əks cavabla qarşılanacaq. Hansı ki, biz bütün bunların hamısını Türkiyə nümunəsində müşahidə etdik. Bu baxımdan, hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması hər iki ölkənin strateji maraqları baxımından zəruridir. Bunu hər iki tərəf aydın dərk edir. Düşünürəm ki, tərəflər arasındakı gərginlik lap yaxın gələcəkdə aradan qalxacaqdır.
-Bu arada Səudiyyə Ərəbistanı və Qətərin də Suriyaya müdaxiləsi əlavə hansı problemlər yarada bilər?
-Sədudiyyə Ərəbistanı regiondakı vəziyyəti Birləşmiş Ştatların maraqlarına uyğun olaraq kəskin gərginləşdirən ölkədir. Çox güman ki, İŞİD-in fəal qalmasında Birləşmiş Ştyatlıarın təlimatlarına əsasən Səudiyyə Ərəbistanının yaxından rolu vardır. Təbii ki, müvafiq olaraq Səudiyyə Ərəbistanı və Qətərin başlıca hədəfləri Rusiyanın regiondan çıxarılmasına nail olmaqdan ibarətdir. Onların Suriyaya müdaxiləsi gözlənilən idi. Məqsəd təbii ki, İŞİD-i neytrallaşdırmaqdan ibarət deyil. Hədəf Bəşər Əsəd rejimini devirməkdir. Bu isə birbaşa Rusiya ilə qarşılaşmaq deməkdir. Hesab edirəm ki, Səudiyyə Ərəbistanının Suriyaya müdaxiləsi Bəşər Əsəd rejimi üçün ciddi narahatçılıq yaratmayacaq. Artıq qeyd etdiyim ki, Qərb Suriya məsələsində əvvəlki kimi, israrlı görünmür. Birləşmiş Ştatlar prezidenti Barak Obamanın təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının baş tutması da ondan xəbər verir ki, Qərb Suriya məsələsində Rusiya ilə hesablaşmalı olduğunu qəbul edir. Bu baxımdan, Səudiyyə Ərəbistanı və Qətərin Suriyaya müdaxiləsini ciddi nəticələrə gətirib çıxarmayacaq son cəhdlər kimi qiymətləndirmək olar.
-Bu arada Azərbaycanın nümayiş etdirdiyi mövqeni necə dəyərləndirmək olar?
-Azərbaycan Rusiya ilə Türkiyə arasında seçim etmək məcburiyyətində deyil. Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə kifayət qədər sıx təmasları mövcuddur və onların qorunub saxlanılması ölkəmizin milli maraqlarına uyğundur. Heç bir tərəfin Azərbaycandan bu məsələ ilə bağlı mövqe nümayiş etdirməyini istəməyə haqqı yoxdur. Hesab edirəm ki, həm Rusiya, həm də Türkiyə Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətlərində istifadə edərək, öz aralarındakı gərginliyi aradan qaldıra bilərlər. Rusiyanın Suriyadan sonra Azərbaycana müdaxilə edəcəyi ilə bağlı fikir səsləndirmək üçün də heç bir əsas yoxudr. Ümumiyyətlə, Suriya ətrafında gedən proseslərlərin kökündə tamam fərqli motivlər dayanır. Rusiya ilə Azərbaycan arasında kifayət qədər yüksək münasibətlər mövcuddur və gələcəkdə tərəflər arasında hər hansı bir anlaşılmazlığın baş verəcəyini istisna edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəqiqliklə hesablanmış diplomatik addımları Rusiya ilə Azərbaycan arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdadır və bu baxımdan, gələcəkdə də münasibətlərin ancaq inkişafından söhbət gedə bilər.
Füzuli