“Görüləcək çox işlərimiz var”

Natiq Bədəlov: “Çalışmaq lazımdır ki, Azərbaycan haqqında hər zaman geniş məlumat verə bilək”

Dövlətin, xüsusilə də dövlət başçısının diasporaya göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son illərdə bu sahə kifayət qədər inkişaf edib. Artıq dünyanın istənilən ölkəsində Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birliklərı fəaliyyət göstərir. Düzdür, müəyyən qisim diaspor təşkilatlarımız var ki, o qədər də aktiv fəaliyyət nümayiş etdirmirlər. Ancaq onu da etiraf etmək lazımdır ki, diaspor təşkilatlarımızın böyük əksəriyyəti öz aktivliyi, Azərbaycanın təbliği istiqamətindəki uğurlu fəaliyyəti ilə seçilir. Belə təşkilatlardan biri də Beynəlxalq Diaspora Mərkəzinin (BDM) Rusiya nümayəndəliyidir. BDM-in Rusiya nümayəndəliyinin qarşısına qoyduğu məqsəd və vəzifələr, yaxın vaxtlarda həyata keçirəcəyi layihələr barədə onun rəhbəri Natiq Bədəlovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Natiq Bədəlov Azərbaycan diasporunun mövcud durumu barədə də danışıb. Məlumat üçün qeyd edək ki, Rusiya Federasiyasında Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olan Natiq Bədəlov Tatarıstan Respublikasının İnformasiya Akademiyasının akademikidir. O, Tatarıstan prezidenti Rüstəm Minnixanov tərəfindən fəxri fərmanla təltif edilib.

-Natiq müəllim, təxminən neçə ildir ki, Tatarıstanda yaşayırsınız və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

-Dörd ildən artıqdır ki, Tatarıstanda yaşayıram. Bundan əvvəl isə Ukrayna və Moskvada yaşamışam. Birmənalı olaraq əsas fəaliyyətimiz diaspor sahəsi ilə bağlıdır. Bundan əvvəl Beynəlxalq Diaspora Mərkəzinin Ukrayna nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərmişəm. Hazırda isə BDM-in Rusiya nümayəndəliyinin rəhbəriyəm. Bu müddət ərzində paralel olaraq elmi fəaliyyətlə də məşğul olmuşam və informasiya sahəsinə aid diplom işi müdafiə etmişəm. Həmçinin Tatarıstanın İnformasiya Akademiyasının həqiqi üzvü olmuşam.

-Tatarıstanda yaşayan azərbaycanlılar hansısa problemlə üzləşəndə onların problemlərinin həllinə yardımçı ola bilirsinizmi?

-İstər mən, istərsə də Tatarıstanda yaşayan digər nüfuzlu şəxslər soydaşlarımızdan biri hansısa problemlə üzləşəndə həmin problemin həllinə çalışırıq. Bu istiqamətdə hər zaman əlimizdən gələni etmişik. Ancaq bunları heç də reklam xatirinə etmirik və etdiyimiz köməklikdən reklam kimi yararlanmırıq. Burada söhbət təkcə maddi deyil, eləcə də mənəvi dəstəkdən gedir.

-Bu gün Azərbaycan diasporunun durumunu necə dəyərləndirərdiniz?

-Azərbaycanlıların, dövlətimizin xaricdə, ölkəmizdən kənarda tanınması təkcə Azərbaycan dövlətindən, onun rəhbərliyi, elm adamlarının fəaliyyətindən asılı deyil. Eyni zamanda bu diasporamızın işidir. Etiraf etmək lazımdır ki, Azərbaycan dövləti, xüsusilə cənab Prezident İlham Əliyev diasporumuzun daha da inkişaf etməsi üçün bu istiqamətə ciddi diqqət və qayğı ayırır. Dövlət başçısı xarici səfərləri zamanı imkan tapdıqca həmin ölkələrdəki azərbaycanlılarla görüşür, onların problemləri ilə maraqlanır. Biz diaspor təşkilatlarının da borcu odur ki, bu etimadı, göstərilən diqqət və qayğının qarşılığını verək. Təbii ki, burada söhbət yalnız fəaliyyətdən, Azərbaycanı təbliğ etməkdən gedir. Ancaq diqqət yetirmək lazımdır ki, bu diaspora düzgün yönəldilirmi? Eləcə də diasporamız ölkəmizin daxili və xarici siyasətini fəaliyyət göstərdiyi ölkələrə düzgün çatdıra bilirmi? Hesab edirəm ki, diaspor təşkilatları, onların rəhbərləri, üzvləri Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, tarixi sərkərdələrinin fəaliyyət göstərdikləri ölkələrdə təbliği, tanıdılması istiqamətində fəaliyyət göstərməlidirlər. Həmçinin Azərbaycanın bu günkü durumu, əldə etdiyi nailiyyətlər, dövlət rəhbərliyinin uğurlu xarici və daxili siyasəti, ərazilərimizin ermənilər tərəfindən işğal edilməsi barədə məlumatlar da ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən həmin ölkələrin ictimaiyyətinə çatdırılmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycan haqqında hər zaman geniş məlumat verə bilək. Xüsusilə, Dağlıq Qarabağ problemi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi və Xocalı soyqırımı barədə.

-Zaman-zaman belə bir mənfi tendensiya müşahidə edilib ki, diaspor təşkilatları gənclərin potensialından kifayət qədər istifadə etmir, onların önə çıxmasına mane olurlar. Bəs siz BDM-in Rusiya nümayəndəliyinin rəhbəri olaraq gənclərlə işləməyi düşünürsünüzmü?

-Həqiqətən də bu bizim bəlalı yerimizdir. İstər Kazan, istər Moskva, istərsə də Saratov, Ulyanovck, Samara, Murmansk və digər vilayətlərdə bizim kifayət qədər bacarıqlı gənclərimiz var. Həmin gənclərin bir qismi təhsil alır, digər bir qismi isə işləmək üçün həmin vilayət və şəhərlərə üz tutublar. Etiraf edim ki, hələlik həmin gənclərlə aparılan işi qənaətbəxş saymıram. Diaspora sahəsində çalışan bizlər gənclərlə iş sahəsində böyük işlər görməliyik. Düzdür, bir çox gənclər təşkilatları yaradılıb və onlarla müəyyən görüşlər keçirilib müzakirələr aparılır. Amma bu o demək deyil ki, biz tam olaraq gənclərin qüvvəsindən istifadə edirik. Ancaq gələcəkdə həmin gənclərin potensialından istifadə edərək onların içərisindən savadlı, bacarıqlı gəncləri seçib irəli çəkməyi düşünürük. Mütləq şəkildə gənclərin iştirakı ilə həftə sonu məktəbləri təşkil edə, qəzet buraxa bilərik. Ümumiyyətlə, bu sahədə çox işlər aparılmalıdır. Eyni zamanda onlar vasitəsilə musiqimizi, mədəniyyətimizi təbliğ etməliyik. Bir sözlə gənclərimizi irəli çəkərək onların tanınmasına yardımçı olmalıyıq. Hesab edirəm ki, bu işlərin üzərində işləmək lazımdır. Beynəlxalq Diaspora Mərkəzinin Rusiya nümayəndəliyi olaraq bu barədə fikirləşirik. Bununla bağlı xüsusi olaraq proqram hazırlamaq istəyirik. Həmin proqramı da yaxın vaxtlarda açıqlayacağıq.

-Qarşıdan Xocalı soyqırımının 24-cü ildönümü gəlir. BDM-in Rusiya nümayəndəliyi olaraq bu məqsədlə hansısa tədbir keçirməyi düşünürsünüzmü?

-Bu bizim çox yaralı yerimizdir. Onu da qeyd edim ki, Rusiyanın müxtəlif vilayət və şəhərlərində Xocalı soyqırımına münasibət birmənalı deyil. Elə şəhərlər var ki, orada Xocalı soyqırımı ilə bağlı tədbir keçirməyə maraqlı olmurlar. Yaxud elə vilayətlər də var ki, orada Xocalı soyqırımı sadə, kiçikhəcmli bir toplantı ilə qeyd olunur. Bütün bunlara baxmayaraq biz də Xocalı soyqırımının 24-cü ildönümünü qeyd etmək məqsədilə müvafiq məsləhətləşmələr aparırıq. Soyqırım filmlər, sərgilər, dəyirmi masalar şəklində insanlara çatdırılacaq. Bu kimi işlərin həyata keçirilməsində gənclərin bizə həddən artıq köməyi olacaq. Bu il, yaxud gələcək illərdə Xocalı soyqırımını səhnələşdirilmiş şəkildə yaşadığımız ölkənin ictimaiyyətinə çatdırmağa çalışacağıq.

-Bəs Tatarıstanın seçkili orqanları, siyasi institutları ilə əməkdaşlığınız hansı səviyydədir? Ümumiyyətlə, Tatarıstanda Azərbaycana, azərbaycanlılara qarşı münasibət necədir?

-Tatarıstanda bizə qarşı münasibət çox gözəldir. Bu da hər iki respublikanın müsəlman olması, həm Azərbaycan, həm də Tatarıstan dövlət başçılarının qurmuş olduğu əlaqələr, ikitərəfli münasibətlər, iki ölkə arasındakı dostluq əlaqələri ilə bağlıdır. Lakin bu əlaqələri, münasibətləri daha da irəli aparmaq lazımdır. Bu sırada Tatarıstanın seçkili orqanlarında iştirak etmək də başlıca vəzifədir. Hesab edirəm ki, Tatarıstanda nüfuzu və hörməti olan, sayılıb-seçilən azərbaycanlılar gələcək illərdə orada keçiriləcək seçkilərdə fəal iştirak etməli və seçkili orqanlarda təmsil olunmalıdırlar. Biz də bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcəyik.

-Bəs Tatarıstanda yaşayan ermənilər hansısa formada sizin fəaliyyətinizə mane olmağa çalışırlarmı?

-Tatarıstanda ermənilər yaşasa da, lakin hələlik onlar bizim fəaliyyətimizə maneçilik törədə bilmirlər. Hesab edirəm ki, bu da bizim Tatarıstanda tutduğumuz mövqe və apardığımız siyasətdən irəli gəlir.

-Natiq müəllim, son illər istər Rusiya, istərsə də Ukraynada fəaliyyət göstərən bəzi diaspor təşkilatlarımız ümumi hədəflərdən daha çox bir-biri ilə mübarizə aparmağa üstünlük verirlər. Sizcə, bu amil nədən irəli gəlir?

-Təəssüf ki, bəzi şəxslər və təşkilatlar ayır, parçala və qalib gəl prinsipi ilə fəaliyyət göstərirlər. Etiraf etmək lazımdır ki, bu gün istər Rusiya Federasiyası, istərsə də Ukraynada fəaliyyət göstərən bəzi Azərbaycan diaspor təşkilatlarının birgə mübarizə aparması, yumruq halında birləşməsi mümkün deyil. Bu gün Rusiyada müəyyən qüvvələr var ki, onlar diaspor təşkilatları arasında ziddiyyətlər yaratmaq, onları başqa istiqamətə yönəltmək istəyirlər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan diasporu nə qədər güclü olsa bir o qədər də onun sözü keçərli olacaq. Ona görə də bu istiqamətdə ciddi işlər görülməlidir. Düzdür, hərdən narazılıqlar, bir-birinin xətrinə dəymək, sözünü qəbul etməmək kimi mənfi hallar ola bilər, ancaq nəticədə hər kəs Azərbaycan dövlətinin, xalqının inkişafı, onun haqq səsinin dünyaya çatdırılması istiqamətində birgə fəaliyyət göstərməlidir. Məlumat üçün qeyd edim ki, Beynəlxalq Diaspora Mərkəzinin Rusiya nümayəndəlıyi bu işdə barışdırıcı mövqe tutaraq millətimizə, xalqımıza xidmət edən işlər görəcəyik. Qarşımıza qoyduğumuz əsas məqsəd isə ondan ibarətdir ki, yaxın 5-6 ay ərzində BDM-in Rusiya nümayəndəliyi tərəfindən Rusiya Azərbaycanlılarının Qurultayını keçirək. Məqsəd bir yerdə olub Vətənimiz, millətimiz, xalqımız üçün çalışmaqdır. Azərbaycan dövlətini və millətini sevənlər bizimlə olacaq, bunun əksi istiqamətində fəaliyyət göstərənlər isə qarşılarında böyük, güclü bir diaspor görəcəklər. Yəni qarşıda görüləcək çox işlərimiz var.

-Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı cənab Prezident İlham Əliyev səfirliklər və digər diplomatik nümayəndəliklərə tövsiyyə etmişdi ki, diaspor təşkilatları ilə yaxından əməkdaşlıq etsinlər. Konkret bir diaspor təşkilatı olaraq sizinlə maraqlanıb, əməkdaşlığa meyil göstərilibmi?

-Hesab edirəm ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Məncə bu məsələdə həm diaspor təşkilatlarının səhvləri, həm də səfirliklərimiz unutqanlığı var. Düşünürəm ki, ilk addımı məhz diaspor təşkilatı atmalı və bildirməlidir ki, biz varıq. Diplomatik nümayəndəliklərə müəyyən müraciətlər olmalı, onlardan dəstək istənməlidir. Səfirliklər də öz növbəsində diaspor təşkilatlarına köməklik etməlidir. Eyni zamanda dövlətin müvafiq qurumları, Diasporla İş üzrə Dövlət Komitəsi də biz diaspor təşkilatları ilə ciddi maraqlanmalı, təşkil etdiyimiz tədbirlərə dəstək verməlidirlər.

-Nümayəndəlik olaraq yaxın vaxtlarda müxtəlif peşə sahiblərindən ibarət nümayəndələrin qarşılıqlı səfərlərini təşkil etməyi düşünürsünüzmü?

-Beynəlxalq Diaspora Mərkəzinin Rusiya nümayəndəliyi olaraq ilk növbədə Azərbaycan və Tatarıstan elm xadimlərinin bir təşkilat və ya cəmiyyətini təsis etməyi düşünürük. Həmin quruma hər iki tərəfdən alimlər, ziyalılar daxil olacaq. Onun əsas fəaliyyəti elmi, tarixi, bədii, ədəbi mübadilə aparmaq olacaq. Təbii ki, Tatarıstandan olan elm adamlarının Azərbaycana, Azərbaycandan olan elm adamlarının isə Tatarıstana səfərlərini təşkil edəcəyik. Arzu edərdim ki, həmin nümayəndə heyətinin tərkibinə bir neçə millət vəkili və KİV nümayəndəsi də daxil olsun.

-Bu yaxınlarda sizin tərəfinizdən Rusiya Dövlət Dumasına məktub ünvanlanıb. Məktubun məğzi nədən ibarət idi?

-Məlumdur ki, Türkiyə ilə Rusiya arasında baş verən məlum təyyarə olayından sonra Rusiyada Türkiyəyə qarşı kəskin münasibət formalaşıb. Bu münasibətin fonunda Dövlət Dumasının bir qrup deputatı qondarma erməni soyqırımını tanıyan qanun layihəsinin qəbulu təşəbbüsü ilə çıxış edib. Biz də öz növbəmizdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub ünvanlayaraq belə bir qanun layihəsinin irəli sürülməsinə etirazımızı bildirdik. Məktubda ermənilərin Xocalıda törətdikləri soyqırıma diqqət çəkərək ilk növbədə bu soyqırımın tanınmasının vacibliyini bildirdik. Bir məlumatı da diqqətə çatdırım ki, Beynəlxalq Diaspora Mərkəzinin Rusiya nümayəndəliyi olaraq Rusiya və Türkiyə arasında meydana gələn gərginlikdən narahatıq. Hesab edirik ki, iki ölkə arasındakı gərginlik aradan qaldırılmalı və tərəflər aralarında olan problemi danışıqlar yolu ilə həll etməlidirlər. Biz BDM Rusiya nümayəndəliyi olaraq həm Rusiya, həm də Türkiyə dövlət başçılarına, eləcə də iki ölkənin ictimaiyyətinə müraciət hazırlayırıq. Həmin müraciətdə də tərəflərin mövcud problemi danışıqlar masası arxasında oturaraq diplomatik yolla həll etməsi arzu olunur.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31