Üçüncü devalvasiya olacaqmı?

Fikrət Yusifov: “Üzən məzənnəyə keçdikdən sonra devalvasiya söhbətinin gündəmə gəlməsi bir o qədər döğru deyil”

"Bundan sonrakı dövrdə manatın məzənnəsində hər hansı kəskin dəyişikliyin baş verəcəyi real görünmür"

Azərbaycan manatının Amerika dollarına nisbətdə iki dəfə kəskin şəkildə dəyərdən düşməsindən sonra ölkənin maliyyə sektorunda ciddi tədbirlərin görülməsi zərurətə çevrildi. Qısa zamanda maliyyə bazarında və bank sektorunda həyata keçirilən tədbirlər milli valyutanın Amerika dolları qarşısında nisbətən möhkəmlənməsini təmin etdi. Hazırda da manat xarici valyutaya nisbətdə öz möhkəmliyini qoruyub saxlayır. Hətta keçən müddət ərzində milli valyutamız Amerika dollarına nisbətdə bir qədər bahalaşıb. Ancaq bu ərəfədə bədbin proqnozlar da səsləndirilməkdədir. Bir sıra iqtisadçılar hesab edirlər ki, mart ayında, xüsusilə Novruz bayramı ərəfəsində Azərbaycanda üçüncü devalvasiya prosesi baş verəcək. Bəs görəsən bu iddialar nə dərəcədə doğrudur. Ümumiyyətlə, Azərbaycanda üçüncü devalvasiya prosesi mümkündürmü? Bu və ya digər suallarla bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran tədbirləri və onun müsbət nəticələrindən də danışıb.

-Fikrət müəllim, son vaxtlar milli valyutanın Amerika dollarına nisbətdə möhkəmlənməsi müşahidə edilir. Sizcə, bu tendensiya nə vaxta qədər davam edəcək və manatın möhkəmlənməsi davam edəcəkmi?

-Manatın üzən məzənnəyə keçməsindən sonra proseslərin necə davam edəcəyi hər bir kəsi düşündürür. Ümumiyyətlə üzən məzənnəyə keçdikdən sonra devalvasiya söhbətinin gündəmə gəlməsi bir o qədər döğru deyil. Hər hansı bir valyutanın dəyərinin üzən məzənnə prinsipi ilə müəyyən edilməsi o deməkdir ki, burada əsas rolu bazar oynayacaqdır.

-Ümumiyyətlə, təcrübədə üzən məzənnədən hansı hallarda istifadə olunur?

-Məlumat üçün qeyd edim ki, adətən təcrübədə üzən məzənnənin iki formasından istifadə edilir. Birincisi, idarə olunan üzən məzənnə. İkincisi isə tam sərbəst üzən məzənnə. Əgər Azərbaycana nəzıər yetirsək deyə bilərik ki, bizdə idarə olunan üzən məzənnədən istifadə olunur. Bu o deməkdir ki, zəruri hallarda Mərkəzi Bank bazara valyuta çıxarmaq yolu ilə məzənnənin tənzimlənməsində öz sözünü deyə bilər. Keçən ilin dekabr ayının 21-dən sonra apardığımız müşahidələr bir daha sübüut etdi ki, həmin dövrdə məhz manatın ətrafında yaradılmış psixoloji durum ona ciddi zərbə vura bildi. Əslində kəskin devalvasiya nə keçən ilin fevralında, nə də dekabr ayında real deyildi. Bəli manat yumşalmalı idi. Bunun vaxtı çatmışdı. Lakin onun belə sıçrayışlarla yumşalması süni yaradılmış ajiotajın nəticəsi idi desək qətiyyən yanılmarıq. Dediklərimizi sübut üçün bir sual edək. Artıq manatın ikinci devalvasiyasından iki aya yaxın vaxt ötür. Nə üçün valyuta bazarında ajiotaj yoxdur? Maliyyə bazarında nə dəyişib? Neftin qiymətlərində artım olubmu? Bəs onda nə üçün Mərkəzi Bankın birjaya çıxardığı valyutanın çox az bir qismi banklar tərəfindən alınır? Kimlərsə bunu dövriyyədə manatın azlığı ilə izah etməyə çalışır. Lakin onda da belə sual edilə bilər. Məgər keçən ilin dekabr ayındakı devalvasiya ərəfəsində dövriyyədə manat kütləsi indikindən qat-qat artıq idimi? Xeyir belə deyildi. Deməli bütün məsələlər daha çox psixoloji amillərlə bağlanır.

-Bu arada mart ayında növbəti devalvasiyanın baş verəcəyi bildirilir. Bu nə dərəcədə realdır?

-Hesab edirəm ki, bundan sonrakı dövrdə manatın məzənnəsində hər hansı kəskin dəyişikliyin baş verəcəyi real görünmür. Bəs nə baş verə bilər? Sadəcə dünya bazarlarında neftin qiymətlərinin artıb azalmasından asılı olaraq manatın da məzənnəsində müəyyən artım və azalmalar baş verə bilər. Bu səbəbdən də belə dəyişiklikləri tam normal bir hal kimi qəbul etməliyik. Unutmayaq ki, manatın arxasında güclü iqtisadiyyat və böyük valyuta rezervləri durur.

-Ümumiyyətlə, ötən müddət ərzində apardığınız müşahdiələrin nəticəsi olaraq hökumətin həyata keçirdiyi antiböhran tədbirləri və onun nəticələrini necə dəyərləndirirsiniz?

-Keçən ilin dekabr ayında baş vermiş devalvasiyadan sonra hökumətin atdığı addımlar antiböhran tədbirləri kimi dəyərləndirilməlidir. Milli valyutaların kəskin şəkildə ucuzlaşması bütün neft ölkələrində baş verib. Lakin bu ölkələrin heç birində əhalinin əmək haqlarının, təqaüdlərinin və sosial yardımların artırılması baş verməyib. Biz burada da imkanlarımızın mövcudluğunu hər kəsə göstərə bildik.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31