Qlobal böhranın təsirləri nəticəsində yaranmış vəziyyət

Pərviz Heydərov: “Bilavasitə dövlət başçısının nəzarəti altındadir”

Dünyada neft qiymətlərinin aşağı düşməsi fonunda manatın ucuzlaşması və bunun daxili bazarda yaratdığı müəyyən neqativ halların aradan qaldırılması istiqamətində hökumət genişmiqyaslı antiböhran tədbirləri həuyata kçeirməkdədir. Birbaşa dövlət başçısının nəzarəti altında olan tədbirlərin icra vəziyyəti də müntəzəm olaraq prezident tərəfindən öyrənilir. Hər halda yaranmış vəziyyətdən sonra dövlət başçısının qısa müddətdə 3 dəfə hökuməti bir yerə toplaması, vəziyyətdən çıxış yollarını müzakirə etməsi belə deməyə əsas verir. Prezidentin həmin görüşlərdə qeyd etdiyi mühüm məsələrdən biri də yerli istehsala üstünlük verilməsi və xaricdən asılılığın aradan qaldırılması məsələsi idi. Elə Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin məsələyə toxunub. Dövlət başçısı bildirib ki, yerli məhsulların istehsalında xaricdən asılılıq aradan qaldırılmalıdır. Heç şübhəsiz ki, daxili istehsalın artması və xaricdən asılılığın tədricən aradan qaldırılması indiki vəziyyətdə olduqca vacibdir və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir. Elə ekspertlər də hesab edirlər ki, yerli istehsalçılar dövlət başçısının bu tapşırığına ciddi diqqət yetirməlidirlər. İqtisadçı ekspert Pərviz Heydərovla söhbətimizdə bu istiqamətdə atılması vacib olan addımlardan danışdıq. Pərviz Heydərov "OLAYLAR"-a verdiyi müsahibədə hökumətin həyata keçirdiyi antiböhran tədbirlərinin yaradacağı müsbət nəticələrdən də danışıb.

-Pərviz müəllim, prezidentin də qeyd etdiyi kimi daxili mal və məhsulların istehsalına, onların alınmasına üstünlüyün verilməsi mövcud çətinliklərin nə dərəcədə aradan qaldırılmasına imkan yarada bilər?

-Yanvar ayında Prezident İlham Əliyevin bir-birinin ardınca keçirdiyi 3 müşavirə, eləcədə iqtisadiyyatın inkişafı və idarəolunması ilə bağlı verdiyi Fərman və digər normativ sənədlər, o cümlədən əhalinin sosial müdafiəsini gücləndirmək baxımından artımlarla bağlı imzaladığı müxtəlif sərəncamlar qlobal böhranın təsirləri nəticəsində yaranmış vəziyyətin bilavasitə dövlət başçısının nəzarəti altında olduğunu göstərməkdədir. Dövlət başçısının çıxışlarına diqqət yetirsək, hökumətin qarşısına qoyduğu vəzifələri ümumən, iki qrupa bölmək olar. Birincisi əhalinin sosial müdafiəsini daha güclü şəkildə təşkil etmək, ikincisi isə ortaya çıxmış yeni situasiya ilə əlaqədar tamamilə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması məqsədinə uyğun olaraq genişmiqyaslı tədbirlərə başlamaq. Qeyd edim ki, hər iki istiqamətdə artıq, müəyyən konkret addımlar atılmış və bu, davam etdirilir. Yerli istehsalın təşkili və müdafiəsi üçün müvafiq tədbirlər də bunun tərkib hissəsidir. Bunun isə bir neçə yolu vardır. Belə ki, məsələn, manatın özünün məzənnəsinin nisbətən üzən məzənnə siyasəti üzrə buraxılması daxili istehsalı stimullaşdırmaq üçün əhəmiyyətli xarakter daşıyır. Eyni zamanda, valyuta bazarının tənzimlənməsi məqsədilə tədbiq ediləcək yenilikləri də qeyd etmək yerinə düşər. Belə ki, bu da xaricə kapital axınına nəzarəti artıracağından, yerli istehsala sərmayə qoyuluşu və istehlak qiymətlərinin yüksəlməməsi üçün müvafiq şərait yaradır. Ancaq əsas məsələ və məqsəd heç şübhəsiz ki, daxili istehsala məxsus, yəni yerli məhsulların rəqabətqabiliyyətliliyini təmin etmək və məhz buna nail olmaqdan ibarətdir ki, istənilən halda problemin uğurlu həlli yolu bundan keçir. Hesab edirəm ki, bu mənada bütün tədbirlər əgər, kompleks şəkildə həyata keçirilərsə konkret nəticələr də daha bir tez şəkildə məhz bundan sonra üzə çıxacaq.

-Ümumiyyətlə, həyata keçirilən antiböhran tədbirləri öz müsbət effektini verəcəkmi?

-Təbii ki. Əvvəla, investisiya taktikamız dəyişir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da təqribən, 50 faizini xarici sərmayə təşkil edib. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında qeyd olundu ki, bu, çox müsbət faktordur. Lakin, Prezident İlham Əliyev iclasda vurğuladı ki, 2016-cı ildə yaranmış situasiya ilə əlaqədar ölkəmizə xarici investisiyalar daha böyük həcmdə cəlb edilməlidir. Belə ki, qlobal iqtisadi böhranın ölkəmizə təzyiqləri olduqca güclüdür və getdikcə də artmaqdadır. Azərbaycanda investisiyalar indiyədək daha çox neft sektoruna qoyulub. Halbuki qeyri-neft sektorunda da buna çox gözəl zəmin vardır. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayələr qoyulur. Prezident İlham Əliyev isə qeyd edib ki, ölkəyə, xüsusən də qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməliyik. Söhbət o sahələrdən gedir ki, bunun inkişafı real ixrac potensialımızı genişləndirsin və idxaldan asılılığı azaltsın. Təbii ki, bu proses yerli sahibkarlara da aid olmalı, eyni zamanda, onlar da Azərbaycan iqtisadiyyatına bacardıqca daha çox sərmayə qoymalıdırlar. Təəssüf ki, son vaxtlar bu, az müşahidə edilir. Hazırda sərmayələri daha çox iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmaq tələb olunur. Dövlət qurumları - mərkəzi və yerli icra orqanları bunun üçün sahibkarlara tələb olunan hər cür şəraiti yaratmağa məcburdurlar. Məsələn, Prezidentin 18 yanvar tarixdə imzaladığı investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman məhz bu məqsədi daşıyır. Fərmanla "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edildi. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verəcək. İnvestisiyanın təşviq edilməsi sərmayə qoymaq istəyən sahibkarlara daha güzəştli şərtlərlə fəaliyyət göstərmək imkanı verəcək ki, təsdiq olunmuş qaydaya əsasən, məsələn, İqtisadiyyat Nazirliyi verəcəyi investisiya təşviqi sənədi barədə məlumatı cəmi 3 gün ərzində Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinə təqdim edəcək. Bu isə o deməkdir ki, potensial investorlar üçün ilk növbədə vaxt itkisi aradan qalxmaqla, operativlik əldə olunacaq. Ümumiyyətlə, investisiyaların təşviqi kənd təsərrüfatı, sənaye, xidmət sektoruna həm daxili, həm də xarici sərmayə cəlbini stimullaşdırmaq baxımından olduqca məqbul əhəmiyyət kəcb edəcək. Bununla əlaqədar demək olar ki, kompleks güzəştlərdən ibarət tədbirlər həyata keçiriləcək ki, bunlardan məsələn, ölkəyə idxal olunan bir sıra texnika, avadanlıq və qurğular gömrük rüsumundan azad ediləcəyini xüsusən, qeyd etmək olar. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq iqtisadiyyat üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədini aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə 7 il müddətinə gömrük rüsumundan azad ediləcək. Bundan əlavə, əmlak və torpaq vergiləri üzrə, o cümlədən digər güzəştlər də tədbiq olunacaq. Yəni bütün bunlar dövlət büdcəsinə gəlirlərin müəyyən hissəsindən bir növ hələlik imtina edilməsi hesabına nəzərdə tutulsa da, sonradan bütövlükdə qeyri-neft sektorunun inkişafı ilə nəticələnəcəyindən daxilolmaların artmasına gətirib çıxaracaq. Hazırda hökumətin iqtisadi kursu da məhz buna doğru istiqamət götürmüşdür.

-Özəlləşdirmə prosesinin yeni mərhələyə qədəm qoyması, xarici investisiyaların ölkəyə səlb edilməsi öz müsbət təsirlərini göstərəcəkmi?

-Azərbaycanda bu gün özəlləşdirilə bilinən və hətta, bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Eyni zamanda, hazırkı qlobal iqtisadi böhrandan yaxa qutarmaq üçün də özəlləşdirmə bir vasitədir. Həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəmələr problemin birdəfəlik həlli üçün də çıxış yoludur. Qısa desək, özəlləşdirmə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması işində bir növ əsas elementlərdən birini təşkil edir. Bu gün neftə görə dövlətimizin gəlirləri azalıb. Və o da məlumdur ki, neft gəlirləri olmasa, yəni bilavasitə Neft Fondundan transfert həyata keçirilməsə sosial ödənişləri icra etmək mümkün deyil. Üstəlik, dövlət öz vəsaitləri hesabına investisiyalar həyata keçirtmək, hətta iqtisadiyyatın bəzi sahələri üzrə müxtəlif xarakterli daxili və xarici borc öhdəliklərini də yerinə yetirməklə məşğuldur. Hansı ki, bu işdə əsas yükü SOCAR daşıyır. Odur ki, Prezident İlham Əliyev yanvarın 18-də keçirilən müşavirədə bildirdi ki, ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması haqda göstəriş verib. Bu isə o deməkdir ki, tezliklə yeni dövlət aktivləri - müəssisə və təsərrüfat subyekləri satışa çıxarılacaq. Hesab edirəm ki, bu dəfə "Azərenerji", "Azərsu", AZAL, "Azəristiliktəchizat", "Azəryolservis", nəqliyyat dəhlizinə aid olmayan avtomobil, dəmir yollarının böyük bir hissəsi, Xəzər dəniz gəmiçiliyi özəlləşdirilməlidir. Elə şərait yaratmaq lazımdır ki, xarici və yerli investorlar budəfəki özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər. Ümumiyyətlə, qarşıda planlaşdırılan geniş özəlləşdirmə planı kommunal xidmət sahələrindən start götürməklə iqtisadiyyatın bütün sahələrini əhatə etməli, prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olmasını, həm iqtisadiyyatda canlanma əldə etməyi, həm ölkəyə xarici investorların gəlməsini, həm idarəetməni təkmilləşdirməyi həm də dayanıqlı inkişaf əldə etməyi təmin etməli olduğundan, adlarını çəkdiyimiz qurumların əmlaklarının azı 40-49 faiz hissəsi tezliklə satışa çıxarılmalıdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31