Yeni iş yerlərinin açılması ən ciddi məsələdir

Qənirə Paşayeva: “Prezidentin tapşırıqlarının həyata keçirilməsinə əngəl olan məmur həmin dəqiqə cəzalandırılmalıdır”

Millət vəkili Qənirə Paşayevanın müsahibəsi

- Qənirə xanım, parlamentin sonuncu növbədənkənar iclasında dövlət qurumlarına, yerli icra hakimiyyətlərinə, eyni zamanda, özəl sektorun nümayəndələrinə çağırıış etdiniz, onları ixtisarlar apararkən diqqətli və həssas olmağa çağırdınız. Sizin bu çağırışınız, bu narahatlığınız nədən qaynaqlanırdı və bu məsələ-işçilərin ixtisarı məsələsi çox təhlükəlimi həddə çatıb?

- Bu məsələ çox ciddi və narahatlıq doğuran bir məsələdir. Ona görə parlamentin növbədənkənar iclasında bütün qurumlara - həm dövlət qurumlarına, həm də şirkətlərə geniş müraciət edərək, bir məsələni onlardan xahiş etdim. Çünki məlum hadisələrdən sonra həm dövlət sektorunda, həm özəl sektorda iş yerlərində ixtisarların aparıldığnı müşahidə edirik və çox təəssüflər olsun ki, bəzən bu ixtisarları apardıqları zaman da onlar baxmırlar ki, görək bu ixtisar etdiyimiz insanın ailəsində işləyən varmı? Bu, ixtisar etdiyimiz insanın ailəsində evə çörək gətirən varmı? İxtisar etdiyimiz insanın ailəsində oxuyan tələbə varmı? Bunu ixtisar edəndə ailənin vəziyyəti necə olacaq? Bu ailə ac qalmayacaq? Bu ailə çarəsiz qalmayacaq? Bu ailənin gələcəyi necə olacaq?
Odur ki, istər dövlət qurumları, istər özəl sektor bu məsələdə çox diqqətli, çox həssas olmalı, iş yerlərini ixtisar etmək istəyəndə oturub onu çox ciddi şəkildə analiz etməlidilər. Hər bir insana bunu tətbiq edəndə onun ailəsinə, onu gözləyə biləcək faciələrə baxmalıdırlar.
Yenə deyirəm, bu, indiki durumda çox ciddi məsələdir. Yoxsa, ixtisar edirik, elə bizə bu qədər lazımdır, bu, düzgün yanaşma deyil. Əslində, nəyi etmək olar, onlara-ixtisar edilənlərə necə kömək oluna bilər, bunun üzərində düşünmək lazımdır və düşünməlidirlər də. Bu kontekstdə iş yerlərinin açılması, insanların işlə təmin olunması ən ciddi məsələlərdən biridir. Təsadüfi deyil ki, biz mövcud qanunvericiliyə müəyyən əlavə və dəyişikliklər edirik və etdik ki, yerli istehsala, yerli istehsalçıya dəstək göstərilsin. Cənab Prezidentin bununla bağlı tapşırıqları var. Odur ki, rayonlarda icra hakimiyyəti başçıları, bələdiyyələr, dövlət qurumu rəhbərləri cənab Prezidentin tapşırıqlarından nəticə çıxarmalıdırlar, artıq süni əngəllər, süni maneələr kimi problemlər yığışdırılmalıdır. Bir insan iki yerlik, beş yerlik, on yerlik iş açırsa belə, ona kömək etmək lazımdır. Bu istiqamətdə təşəbbüs göstərən, iş görmək istəyən adamlara dəstək göstərmək gərəkdir. Eyni zamanda, buna hansısa əngəllər, hansısa maneələr törədənlər varsa, onlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Kim olursa-olsun, hansı vəzifəni tutursa-tutsun, yəni, indiki vəziyyətdə islahatların, cənab Prezidentin tapşırıqlarının həyata keçirilməsinə əngəl olan hər hansı məmur həmin dəqiqə cəzalandırılaraq, tutduğu vəzifədən azad edilərək, daha da ağır cəzalar almalıdır ki, başqalarına da dərs olsun. Çünki cənab Prezident son müşavirədə də "xalqın mənafeyi hər şeydən yuxarıda olmalıdır" dedi və bu gün xalqın mənafeyinin hər şeydən yuxarı olması fəlsəfəsi ilə ona xidmət edən bütün layihələrə, bütün islahatlara mane olanlar ciddi şəkildə cəzalanmalıdır. İnhisarlar tamamilə aradan qalxmalıdır ki, rəqabət artsın, qiymətlər aşağı ensin, maddi imkanları zəif insanlar var ki, onlara çox zərər gəlməsin. Süni qiymət bahalaşmasına qarşı mübarizi ilə bağlı da cənab Prezident hər müşavirəsində ictimai nəzarət sözünü xüsusi vurğulayırdı. Bu baxımdan, İctimai nəzarətin təmin edilməsi üçün də bütün dövlət qurumlarının qaynar xətt yaratması lazımdır ki, insanlar hansısa xoşagəlməz halları görəndə həmin dəqiqə zəng edib məlumat versinlər.Və onlara məlumat verdiyi anda da o nazirliklərin içində qruplar olsun ki, həmin dəqiqə gedib məsələni yerində araşdırıb, ciddi tədbirlər görsünlər. Yalnız bu zaman ictimai nəzarət öz effektivliyini ortaya qoya bilər. Eyni zamanda, qanunvericilik çərçivəsində ictimai nəzarətlə bağlı məsələlərə çox ciddi şəkildə baxmalıyıq. Yeni qanunvericilikdə bu məsələlərin daha da ciddi şəkildə öz əksini tapması bizim üçün çox vacib məsələlərdəndir.

- Çıxşınızda həmçinin, banklarla bağlı məsələni, xüsusilə, kreditlərin ödənilməsi ilə əlaqədar banklarla müştərilər arasında problemlərin yaranması və onların həlli yolları məsələsini də qaldırdınız...

- Çünki hesab edirəm ki, bu məsələ də vacib və ağrılı məsələdir. Düşünürəm və hesab edirəm ki, məlum devalvasiya, onun yaratdığı çətinliklərlə bağlı banklar məsələlərə yanaşmada vətəndaşları mütləq nəzərə almalı, daha ciddi və daha həssas mövqe ortaya qoymalıdırlar.
Axı, əgər banklar devalvasiyanın olacağını bilmirdisə, sadə insanlar bunu haradan biləydilər? Siz dollarla verməsəniz, insanlar necə dollarla o krediti ala bilərdilər? Və bu günləri ən azı on min manata və ya on min dollara qədər krediti olan insanlar maddi vəziyyətləri daha ağır olan insanlardır. Onların əksəriyyəti bu gün kreditlərini qaytara bilmirlər. Ona görə hesab edirəm ki, bu məsələyə baxılmalıdır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da parlamentin iclasında "bu məsələyə addım-addım baxılacaq" dedi. Bir daha belə hesab edirəm ki, kreditlərin devalvasiyadan əvvəlki məzənnə ilə qaytarılması, ödənilməsi məsələsinə baxılması vacib bir məsələdir. Bankların kredit faiz dərəcəsinin enməsi vacib məsələdir. Banklara etibarın, inamın artması vacib məsələdir. Həmçinin, bu gün qeyri-neft sektorunda ən önəmli sahələrdən bir də kənd təsərrüfatı ilə bərabər turizmdir. Doğrudan da, biz turizmdən böyük vəsaitlər əldə edə bilərik. Bunun üçün də yeni təkliflərin, islahat paketlərinin gəlməsi lazımdır. Özəlliklə biz hardan daha çox turist cəlb edə bilərik, bunun üzərində düşünməliyik, araşdırmalıyıq. Bunu araşdırdıqdan sonra o ölkələrlə viza rejiminə də baxmaq olar. Yəni, vizanın götürülməsi məsələsinə də baxmaq olar. Çünki hər bir turist ölkəyə gələn pul deməkdir. Ölkədə nə qədər insanın müxtəlif xidmət sahələrində pul qazanması, yeni iş yerləri deməkdir. Ona görə də kənd təsərrüfatının inkişafı, yerli istehsalın artması ilə bərabər hesab edirəm ki, turizm sektoruna da çox böyük önəm verməliyik.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31