“Dağlıq Qarabağ probleminin ədalətli həlli indiyədək heç vaxt ön planda olmayıb”

Mütəllim Rəhimli: “Regionda maraqlı qüvvələr vaxtaşırı təkliflərlə çıxış ediblər ki, bu da Ermənistanın mövqeyinin müdafiəsinə söykənib”

Uzun illərdən bəri proqnozlaşdırılan üçüncü dünya müharibəsi deyəsən reallaşmaq ərəfəsindədir. Dünya dövlətlərinin istər iqtisadi, istərsə də hərbi gücə sahib olmaq uğrunda apardıqları mübarizə bunu şərtləndirən amillərdən birinə çevirib. Bu arada ayrı-ayrı dövlətlər arasında yaşanan gərginliklər və bu prosesə kənar ölkələrin də qoşulması yeni bir dünya savaşını qaçılmaz edir. Bəs görəsən belə bir təhlükə gözləniləndirmi? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, hazırda dünyada cərəyan edən prosesləri necə dəyərləndirirsiniz. Bir tərəfdən Tehran-Ər-Riyad gərginliyi, digər tərəfdən Türkiyə-Rusiya münasibətləri, o cümlədən Şimali Koreyanın Hidrogen bombasını sınaqdan keçirməsi 3-cü dünya müharibəsinin başlamasından xəbər vermirmi?

- Həqiqətən də böyük güclər arasında bir konfrontasiya var. Bu gərginlik öz məntiqi sonluğunu tapmalıdır. Bu dünyanın müxtəlif yerlərində lokal qarşıdurmalar şəklində özünü göstərir. Hesab edirəm ki, hələ bu münaqisələrin qlobal xarakter almaması üçün kifayət qədər yollar var. Loyal mövqedə dayanan kifayət qədər qüvvələr mövcuddur ki, dünyanı bu münaqişədən xilas etsin. Bununla belə hələlik getdikcə artan gərginliyi müşahidə etməkdəyik. İran və Səudiyyə Ərəbistanı arasında olan münasibətlərin tezliklə düzələcəyinə əmin deyiləm. Artıq onlar Yəməndə, Suriyada silahlı mübarizə aparırlar və bunun daha da şiddətlənəcəyi gözlənilir. Rusiya ilə Türkiyə arasındakı gərginliyin bundan sonra artması hər iki tərəfin marağına uyğun deyil. Bu ölkələrin qarşılıqlı siyasi, iqtisadi maraqları mövcuddur və problemin aradan qaldırılması üçün ilk növbədə siyasi iradə lazımdır.

-Şimali Koreyanın son addımı nüvə müharibəsini nə dərəcədə mümkün edəcək?

- Şimali Koreya kimi diktator rejimə malik bir ölkənin əlində nüvə silahının olması dünyada sülhə ciddi təhdiddir. Bu ölkədəki rejimin mahiyyəti narahatlıq yaradır ki, o hər zaman nüvə silahından istifadə edə bilər. Çünki onsuz da regionda sabitlik olduqca kövrəkdir, Şimali və Cənubi Koreya arasında gərgin münasibətlər var. Amma bu hələ o anlama gələ bilməz ki, Şimali Koreya hər an nüvə silahını tətbiq edəcək. Düzdür, nüvə silahına malik olan ölkələr arasında onu tətbiq etmək ehtimalı daha çox Şimali Koreyaya məxsusdur. Bununla belə güman edirəm ki, bu ölkəyə qarşı münasibət əvvəlkindən fərqlənəcək, onu daha çox münaqişəyə cəlb edə biləcək mövqedən imtina olunacaq. Lakin bu o demək deyil ki, Şimali Koreyanın nüvə arsenalı tamamilə nəzarətsiz buraxılacaq. Güman edirəm ki, lazımi məqamlarda dünya gücləri nüvə silahı üzərində nəzarəti ələ alacaqlar. Bu isə onun nüvə silahını istifadə etmək ehtimalını minimum endirir.

-Bu arada qlobal miqyaslı problemləırin meydana çıxması regional münaqişələr, eləcə də Qarabağ probleminin həllini nə dərəcədə arxa plana ata bilər?

-Dağlıq Qarabağ probleminin ədalətli həlli indiyədək heç vaxt ön planda olmayıb. Regionda maraqlı qüvvələr vaxtaşırı təkliflərlə çıxış ediblər ki, bu da Ermənistanın mövqeyinin müdafiəsinə söykənib. Qarabağ məsələsinin həlli Azərbaycanın iradəsinə bağlıdır. Düşünürəm ki, regionda münaqişələrin çoxalması və gərginliyin artması Dağlıq Qarabağ probleminin həllinin yubanması üçün əsas ola bilməz. Əksinə, bəlkə də bu situasiya daha çox problemin həlli üçün şərait yaratmış olar. Vəziyyəti dərindən dəyərləndirərək, uyğun zamanda Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir.

-Bəs, yaxın vaxtlarda nəzərdə tutulan Azərbaycan və Ermənistan prezientlərinin görüşündən gözləntiləriniz nədir?

- Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə inanmıram. Bu danışıqlar münaqişə üzərində kənar nəzarətin təmin edilməsinə daha çox xidmət edir. Regionda gərginliyin artdığı və hətta dünya xəritəsində dəyişikliklər olacağının iddia edildiyi bir vaxtda maraqlı tərəflər nəzarətdən kənar hər hansı bir gərginliyin müharibəyə çevrilməsini istəmirlər. Bu onların böyük və strateji planını poza bilər. Biz dəfələrlə müşahidə etmişik ki, Qarabağla bağlı danışıqlar əksər hallarda bir-birinə zidd baxışları olan iki tərəfin təxminən eyni vaxta düşən vasitəçiliyi ilə aparılır. Bundan əvvəl Avropada Azərbayca və Ermənistan prezidentlərinin görüşü təşkil olundu. İndi isə Rusiyanın istəyi və vasitəçiliyi ilə bu görüşün baş tutması gözlənilir. Bundan əvvəl də ilkin olaraq Rusiyada, sonra isə Avropada belə bir görüş olmuşdu. Əsas problem ondadır ki, hazırda həm Rusiyanın, həm də Avropanın Dağlıq Qarabağ münaqişəsinə baxışları üst-üstə düşür. Hər iki tərəf də problemin həll edilməsinin yox, onun indiki kimi qalmasının tərəfdarı kimi çıxış etdiyi görünür. Azərbaycan və Ermənistan prezientlərinin indiki görüşü də bir növ Rusiyanın problem üzərində özünün nəzarətini təmin etməyə hesablanıb. Çünki

Rusiya Avropaya etibar etmir və regiondakı mövcud vəziyyəti prezidentlərin dilindən özü eşitmək istəyir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31