ATƏT problemi həll etmək gücündə deyil

Mütəllim Rəhimli: “Çox yaxşı ki, artıq Azərbaycan ictimaiyyəti bunu dərk edir və bu quruma etibarını itirib”

"Biz problemi özümüz həll etməyə girişməli və kənardan heç kimdən kömək gözləməməliyik"

Başa vurmaqda olduğumuz 2015-ci ildə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir müsbət irəliləyiş əldə edilmədi. Əksəriyyət Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşündə problemin həlli istiqamətində irəliləyişin əldə ediləcəyinə ümid bəsləsə də, lakin gözləntilər özünü doğultmadı və Bern danışıqları da nəticəsiz başa çatdı. Məlumat üçün qeyd edək ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentləri arasında ən az görüş məhz bu il olub. Eyni zamanda il ərzində problemin həlli ilə əlaqədar vasitəçilər tərəfindən hansısa təkliflər də gündəmə gəlməyib. Bəs görəsən problemin həllinə başlıca maneə olan Ermənistanın bu şıltaqlığına beynəlxalq birlik, eləcə də münaqişənin həllini özərinə götürmüş ATƏT-in Minsk Qrupu nədən işğalçı ölkəyə təzyiq göstərmir? Yaxud münaqişənin uzanması müəyyən beynəlxalq qurumlara nə üçün sərf edir? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, prezidentlərin Bern görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

-Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın İsveçrənin Bern şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşünün növbəti dəfə təşkil edilməsi cəbhədə getdikcə artan gərginliyin azaldılmasına və situasiyanın nəzarət altından çıxmamasına hesablanıb. Artıq bir çox hallarda artilleriya qurğularının da iştirak etdiyi döyüşlərin böyüməsi regiona nəzarətin itirilməsinə gətirib çıxara bilərdi. Çünki Azərbaycanın hərbi gücü imkan verir ki, düşməni əzərək öz ərazilərindən qovsun. Bu isə iri dövlətlərin və beynəlxalq güclərin regiona nəzarət mexanizminin iflası demək olardı. Bunu isə nə Birləşmiş Ştatlar, nə Avropa, nə də Rusiya istəmir. Hərbi vəziyyətin Azərbaycanın xeyrinə olduğunu düşünərək ölkəmizin bu görüşdən imtina etməsi fikrini də irəli sürmək olar. Lakin bu addım məqbul deyil və beynəlxalq aləmdə onun əleyhinə istifadə edilmək ehtimalı var. Ona görə də Azərbaycan tərəfi belə görüşlərə qatılsa da birmənalı mövqeyini sərt formada ortaya qoymalı, ərazilərinin işğaldan azad edilməsini tələb etməlidir. Həm də bu görüşlər bizi cəbhədə erməniləri sıxışdırmaqdan və tələfata uğratmaqdan çəkindirməməlidir. Əksinə düşmənə ardıcıl olaraq vurulan zərbələr onu tez-tez danışıqlar masasına oturmağa məcbur etməlidir. Fürsət yaranan kimi isə genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə torpağımızı düşməndən azad etməliyik.

-Əksəriyyət bu görüşə ümidlə baxırdı. Lakin ümidlər doğrulmadı. Bu onu deməyə əsas verirmi ki, vasitəçilər problemin həllində acizdirlər?

-Əslində bu görüşlərin Dağlıq Qarabağ probleminin həllində heç bir rolu yoxdur. Onun təşkili də Azərbaycanın maraqlarına uyğun deyil və inanmıram ki, Azərbaycan iqtidarı belə bir təkliflə çıxış etmək məcburiyyətində qalsın. Çox güman ki, həm münaqişəyə kənar nəzarəti həyata keçirən qüvvələr və Ermənistanın təşəbbüsü ilə bu görüş baş tutub. Məqsəd isə indiki məqamda Ermənistanı Azərbaycanın vurduğu hərbi tələfatlardan qorumaqla bu ölkədə baş verən daxili siyasi böhranın aradan qaldırılmasına yardımçı olmaqdır. ATƏT problem həll etmək gücündə deyil. Bu haqda siyasilər çoxdandır ki, cəmiyyəti məlumatlandırmaqdadır. Çox yaxşı ki, artıq Azərbaycan ictimaiyyəti bunu dərk edir və bu quruma etibarını itirib. Biz bunu bilərək, problemi özümüz həll etməyə girişməli və kənardan heç kimdən kömək gözləməməliyik.

 -Növbəti ildə problemin həlli ilə bağlı gözləntiləriniz nədir?

-Çox istərdim ki, 2016-cı ildə Dağlıq Qarabağ məsələsi həll olunsun. Bunun üçün ilk növbədə problemi həll etmək əzmimizi ortaya qoymalı, müxtəlif vasitələrlə onu uzatmağa və beləliklə, geosiyasi maraqları naminə istifadə etmək istəyən qüvvələrə manevr yeri qoymamalıyıq. Həm də nəzərə almaq lazımdır ki, regionda getdikcə siyasi proseslər gərginləşir ki, bu da bölgədə yerləşən dövlətlərin iqtisadiyyatının ağırlaşmasına gətirib çıxaracaq. Üstəlik neftin qiymətinin aşağı düşməsi də Azərbaycanın riskli qərarlar verməsini əngəlləyir. Bütün bunlar isə növbəti ildə Qarabağ probleminin həlli ilə bağlı pessimist proqnozların ortaya çıxmasını şərtləndirir.

-Türkiyə-Rusiya gərginliyinin Dağlıq Qarabağ probleminə hansısa formada təsiri ola bilərmi?

-Türkiyə-Rusiya münasibətlərində olan gərginliyin indiki səviyyədə qalmasının Dağlıq Qarabağ probleminə hər hansı təsir edəcəyinə inanmıram. Ancaq gərginliyin artan xətt üzrə inkişafının regiona təlatümlər gətirəcəyi şübhəsizdir. Bu sırada nəinki Dağlıq Qarabağ uğrunda, hətta Azərbaycanla Ermənistan arasında daha geniş miqyaslı döyüşlərin şahidi ola bilərik. Eləcə də digər ölkələr daxilində və arasında konfliklər baş verə bilər. Belə bir situasiyanın isə problemin həllinə deyil, onun daha da gərginləşəcəyinə xidmət edəcəyini düşünürəm.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31