Millət vəkilindən ABŞ Konqresinə xatırlatma

Fərəc Quliyev: “Bumeranq siyasətinin öz ölkələrinə zərəri dəyə bilər”

"Düşünürəm ki, Birləşmiş Ştatların ciddi siyasiləri və dövlət adamları bunun qarşısını alacaqlar"

Son vaxtlar müəyyən beynəlxalq təşkilat və qurumlar tərəfindən yenidən Azərbaycana qarşı təzyiqlər müşahidə edilir. Əsasən siyasi və Qarabağ problemi üzərindən edilən təzyiqlərin başlıca məqsədi isə Azərbaycanın artan nüfuzuna zərbə vurmaq, onun imicini zəiflətməkdir. Təssüflüsü odur ki, Birləşmiş Ştatlar Konqresi də Azərbaycana qarşı düşmən mövqeyində olan qüvvələrlə eyni sırada yer alıb. Belə ki, ABŞ Konqresində Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi məsələsi gündəmə gəlib. Bəs görəsən Azərbaycana qarşı belə bir ədalətsiz addım atmaq nə dərəcədə məntiqlidir və belə bir situasiya baş verəcəyi təqdirdə bu Vaşinqton-Bakı münasibətlərinə hansı mənfi təsirlər göstərəcək? Eləcə də həmin xoşagəlməz addımın atılması Birləşmiş Ştatların Cənubi Qafqazdakı maraqlarını zərbə altında qoymayacaq? Bu və ya digər məsələlərlə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətləşdik. O, "OLAYLAR"-a verdiyi müsahibədə Birləşmiş Ştatlar Konqresində məlum məsələsinin gündəmə gəlməsində erməni lobbisinin əli olduğunu da istisna etməyib.

-Fərəc bəy, son vaxtlar Azərbaycana qarşı Qarabağ problemi üzərindən təzyiqlər olunur, ölkəmiz nəyəsə məcbur edilir. Sizcə, burada başlıca məqsəd nədir?

-Bir qayda olaraq dövlətlərin mövqeləri həmişə belə olub. Onlar hər zaman bunu kart olaraq öz əllərinə oynayıblar və prosesin bitməsində də heç vaxt maraqlı olmayıblar. Bu açıq şəkildə Rusiyanın işğalıdır və bu işğalı da ermənilərin əli ilə həyata keçirib. Hətta ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmək iradəsi olsa, məsələ əvvəlki kimi sıfır nöqtəsinə qayıtsa, yenə də buna icazə verməyəcəklər. Çünki bu Rusiya üçün heç də sərfəli deyil. Həm də burada böyük maraqları olan digər dövlətlər, o cümlədən Birləşmiş Ştatlar münaqişənin
belə bir vəziyyətdə bitməsində maraqlı deyil. Birləşmiş Ştatlar özünün bütün istəklərini bölgədə həyata keçirmək üçün bu kartdan məharətlə istifadə etmək istəyir. Vaşinqton yaxşı bilir ki, zəif olmayan, prolemlə üzləşməyən bir dövlətə onun milli maraqlarının bir hissəsini güzəştə getmək, başqa dövlətin marağının burada gerçəkləşdirilməsi üçün şərait yaratmağa məcbur etmək mmkün deyil. Ona görə də Qarabağ kartından istifadə edirlər. Digər tərəfdən kimin nə deməsindən asılı olmayaraq burada xristian təssübkeşliyi də var və bu da açıq-aydın özünü göstərir. Amma hesab edirəm ki, artıq dünyada müəyyən qaydalar dəyişdi və əməkdaşlıq məsələsində tərəfdaşlar bir-birinin mənafeyini gözləməyəndə sonradan baş verən bütün fəsadlar hamıya toxunur. Bunu bütün dövlətlər istər Ukrayna məsələsi, istərsə də Yaxın Şərqdə baş verən proseslərdə yaşadılar. Amma neyləmək olar ki, hər kəs bəşəri, bölgə təhlükəsizliyi haqqında düşünməkdən öncə dövlətlər öz maraqlarını düşünürlər və öz maraqlarından çıxış edirlər. Hesab edirəm ki, prosesin hər hansı formada bitməsi heç kimə sərf etmədiyindən burada bir yara saxlamaq, onun üzərində oynamaq, dövlət maraqlarını təmin etməyə çalışırlar. Məsələnin kökü bundadır.

-Birləşmiş Ştatlar Konqresi tərəfindən bəzi azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq edilməsi məsələsinin gündəmə gəlməsi ölkəmizə qarşı yeni bir təzyiq vasitəsi deyilmi?

-İndiyə qədər Azərbaycana qarşı müəyyən bəyanatlar qəbul olunub, müəyyən tədbirlər görməyə çalışıblar. Bunu da insan haqları və başqa məsələlərlə əlaqələndirməyə çalışıblar. Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanında hələ bu il seçki keçirildi və seçkilərdə qadınlar da seçib seçilmək hüququndan yararlandılar. Ancaq onlara qarşı heç bir təzyiq vasitəsindən istifadə olunmur. Əgər qaydalar, xüsusilə beynəlxalq konvensiyalardan irəli gələn yanaşmalar varsa, bu yanaşma hamıya eyni olmalıdır. Yoxsa seçmə üsulu ilə, birinə bir, digərinə başqa cür yanaşmaq doğru deyil. Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi çağırışının özü də ölkəmizə qarşı təzyiq vasitəsidir. Amma düşünürəm ki, bu çox yanlış bir məsələdir. Bir vaxtlar Türkiyəyə qarşı bu cür yanlış, təcridetmə, ögey münasibətin sonunda NATO-nun özünün mövqeləri xeyli zəifləmişdi. Amma son anda Türkiyənin əhəmiyyətini anlamağa başladılar. Amma mən hesab edirəm ki, Azərbaycanın da əhəmiyyətini anlamağa başlayacaqlar. Əlbəttə ki, bütün konqresmenlərin ünvanına demək olmaz ki, onlar Azərbaycanı anlamırlar. Hər halda orada müəyyən qrup var və Azərbaycana qarşı çalışırlarsa, onlar öz siyasətlərində ciddi şəkildə redaktələr etməlidirlər. Əks təqdirdə bu gedişlə
bumeranq siyasətinin öz ölkələrinə zərəri dəyə bilər. Ümumiyyətlə, Azərbaycanın bəzi məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi təklifini çox yanlış siyasət hesab edirəm. Düşünürəm ki, Birləşmiş Ştatların ciddi siyasiləri və dövlət adamları bunun qarşısını alacaqlar.

-Sizcə Birləşmiş Ştatlar Konqresinə belə bir təklifin irəli sürülməsində erməni lobbisinin əli varmı?

-Əlbəttə ki, bu məsələlərdə ermənilərin əli var. Ancaq bunun yalnız ermənilərin işi olduğunu da demək doğru sayılmaz. Birləşmiş Ştatlardakı bir çox konqresmen və senatorlar birmənalı şəkildə lobbiçilik fəaliyyətinin qurbanı olurlar. Bu hər bir ölkədə olur. Əgər sözügedən məsələ o səviyyədən yuxarı qalxmayacaqsa, bunu erməni lobbisi ilə əlaqələndirmək olar. Əks təqdirdə o səviyyədən yuxarı qalxacaq və təqdim olunmuş sənədə razılıq veriləcəksə, bu o demək olacaq ki, bu daha çox həmin dövlətin içərisində olan başqa bir qrupun maraqlarıdır. Mən ümid edirəm ki, məsələ dondurulmuş, bundan irəli getməmiş şəkildə qalacaq.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31