Neft qiymətlərinin düşməsinin Azərbaycana hansı təsirləri olacaq?
Pərviz Heydərov: “Makroiqtisadi sabitliyi qoruyub saxlamaq lazımdır”
15 Dekabr 2015 13:43 Müsahibə"Makroiqtisadi sabitliyin əsasını isə inflyasiya və manatın dəyərinin normal tənzimlənməsi amilləri təşkil edir"
Dünya bazarında brend markalı meftin qiymətində kəskin azalma müşahidə edilir. Son məlumatlara görə, brend markalı neftin 1 barreli artıq 36 dollar ətrafındadır. Neftin qiymətində müşahidə edilən azalma əsas neft ixrac edən ölkələrə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür. Bəs bu təsirləri qarşılamaq üçün hansı adekvat tədbirlərin görülməsinə ehtiyac var? Ümumiyyətlə, neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına hansı mənfi təsirləri göstərə bilər? Bu və ya digər suallarla bağlı iqtisadçı ekspert Pərviz Heydərovla söhbətləşdik.
-Pərviz müəllim, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına hansı mənfi təsir göstərəcək?
-Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatında mənfi nəticələrini əslində çoxdan göstərir. Məlum olduğu kim başa çatmaqda olan bu ilin, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülmüşdü. Lakin, elə ilin əvvəlindən dünya bazarlarında qiymətlər bundan xeyli aşağı səviyyədə hökm sürməkdədir. Belə ki, yenə, 50-60 dollar arasında olmasına şükr etmək olardı. Məsələ bundadır ki, ilin ikinci yarısından etibarən, qiymətlər hətta 50 dollardan da aşağıya düşdü. Bu isə 2 dəfə ucuz deməkdir. Ona görə də cari ilin büdcəsi nəzərdə tutulduğu kimi yerinə yetirilmədi. Gəlirlər və xərclər məcburən, azaldıldı. Çünki Dövlət Neft Fondundan (DNF) transfert nəzərdə tutulduğu kimi 10 milyard 388 milyon deyil, 8 milyard 100 milyon manat məbləğində həyata keçiriləsi oldu. Hələ bununla bərabər, dövlət büdcəsinin icrası kifayət qədər böyük kəsirlə yekunlaşa bilər. Biz, hələ manatın ABŞ dollarına nəzərən 34 faiz ucuzlaşdırılmasını demirik. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması tendensiyasının qarşısını almaq və yaxud sürətini azaltmaq məqsədi ilə həyata keçirilən bu tədbir, bir sıra məqamlar baxımından əhəmiyyətli oldusa da, təəssüf ki, bilavasitə sözügedən tendensiya üçün heç də müsbət xarakter kəsb etmədi. Yəni ki, ehtiyatlar yenə azalmaqdadır. Hələ yaxşı ki, DNF vardır. Belə ki, bu qurum 2015-ci il ərzində ölkəmizin dövlət büdcəsi və iqtisadiyyatdakı makroiqtisadi sabitlik üçün həqiqi mənada "avtomobillərdə insanların baş verə biləcək qəza zamanı təhlükəsizliklərini təmin etmək baxımından mövcud hava yastığı" rolunu oynadı. Hazırda əsas məsələ növbəti ildə, 2016-da vəziyyətin necə olacağı ilə əlaqədardır. Məlumdur ki, neftin qiyməti qalxmayacaq. Və 2016-cı ilin dövlət büdcəsində də 1 barrelin qiyməti 50 dollar civarında götürülüb ki, dünya bazar qiymətləri əgər, bu səviyyədə rəqs edərsə və ümumiyyətlə, 40 ABŞ dolarından yuxarı səviyyədə qalarsa, əslində, heç bir çətinlik baş verməyəcək. Yox, əksinə, 40 dollardan çox aşağı düşərsə, növbəti ilin də proqnozları dəyişməyə məcbur qalacaq. Lakin, əsas odur ki, makroiqtisadi sabitlik pozulmasın.
-Sizcə buna adekvat olaraq hansı addımlar atılmalıdır?
-Bu ilin sonuna Azərbaycanda təxminən 4 faizlik iqtisadi artım gözlənilir. Bu isə o deməkdir ki, bütün çətinliklərə baxmayaraq, iqtisadiyyatda artım var və bu, davam etməkdədir. Bunun üçün isə bir daha təkrar edirəm ki, makroiqtisadi sabitliyi qoruyub saxlamaq lazımdır. Makroiqtisadi sabitliyin əsasını isə inflyasiya və manatın dəyərinin normal tənzimlənməsi amilləri təşkil edir.
2016-cı ilin dövlət büdcəsi proqnozları kifayət qədər real əsaslara söykənməkdədir. Lakin, neftin qiymətinin sürpriz ucuzlaşmasından prinsipcə, manatın məzənnəsinin nisbətən buraxılması ilə sığortalanmaq olar. Ancaq, kəskin ucuzlamaya və yaxud sərbəst üzən məzənnəyə keçmək kimi addımlar atmaq istəyinin də reallaşmasına qətiyyən yol vermək olmaz. Bunu çıxış yolu olaraq düşünmək özü belə, yanlış ideya xarakter daşıyacaq. Ümumiyyətlə, əsas məqsəd iqtisadiyyatda canlanma yaranmasına nail olmaq təşkil etməlidir ki, buna isə birinci növbədə tikintidə nail olmaq lazımdır. Qeyri-neft sektorunun bütövlükdə inkişafı strateji məsələdir. Qısa müddət ərzində qeyri-neft sahəsində kəskin məhsuldarlığa nail olmaq müşkül işdir. Çünki burada söhbət, həm də rəqabət qabiliyyətli məhsul istehsalına nail olmaqdan gedir ki, təkcə, kəmiyyətcə irəliləyişə nail olmaq heç nəyi həll etməyəcək. Qeyri-neft sektorunun inkişafında məhz, sırf olaraq keyfiyyətcə irəliləyişlərə nail olmaq gərəkir. Belə ki, əsas məqsədi ixrac edilə bilən məhsulların sayının və həcminin artmasına nail olmaq təşkil etməlidir. Bütün bunlardan ötrü isə fikrimcə, vergi dərəcələri yumşaldılmalı, xarici kapital axını üçün imkanlar genişləndirilməli, bank kreditləri üzrə faizlər aşağı salınmalı, istehlak kreditlərinin artımında məhz yerli məhsulların satışının genişlənməsinə, yaxşılaşmasına və stimullaşdırılmasına nail olunmalıdır.
-Bu mənfi tendensiya sosialyönümlü layihələrin icrasını təxirə salmayacaq?
-İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3 faiz real artım deməkdir. Bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 milyard manat və yaxud 1,1 faiz bənd aşağı olacaq. Ancaq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı 3 il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən isə 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8 faiz olmaqla, ÜDM istehsalı 57,7 milyard manat təşkil etməlidir. Demək istədiyim budur ki, inkişaf zəif templə də olsa davam edəcək. Yəni ki, iqtisadi tənəzzül deyilən tendensiya şükrlər olsun ki, yoxdur və olmayacaq da. Lakin bizim strateji hədəfimiz bütün sosial ödənişlərin və layihələrin yaxın gələcəkdə bütövlükdə iqtisadiyyatın real sektorundan gələn gəlirlər hesabına maliyyələşdirilməsinə nail olmaqdır. Hazırda Neft Fondundan transfert olmasa büdcə təşkilatlatlarında maaş və o, cümlədən əhalinin pensiyalarını ödəmək mümkün deyil. Düzdür, 2016-cı ildə neftin qiyməti nə qədər düşsə də bu sahədə heç bir problem müşahidə edilməyəcək. Lakin, strateji planda bu məsələnin köklü şəkildə həll etmək tələb olunmaqdadır.
Süleyman