“Cəbhə xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən kütləvi şəkildə pozulması ona ünvanlanıb ki,...”
Elman Nəsirov: “Dövlət başçıları səviyyəsində danışıqlar baş tutmasın”
8 Dekabr 2015 13:36 Müsahibə"Bu Ermənistanın köhnə oyunudur"
V çağırış Milli Məclisə yeni seçilmiş deputatlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirovdur. Millət vəkili qarşıdakı müddətdə parlamentdəki fəaliyyəti, görəcəyi işlərlə bağlı "OLAYLAR"-a müsahibə verib. O, müsahibəsində son günlər cəbhə xəttində atəşkəsin müntəzəm olaraq pozulması və bunun Azərbaycan-Ermənistan prezidentlərinin Parisdə nəzərdə tutulan görüşünə mümkün təsirlərindən də danışıb.
-Elman müəllim, millət vəkili kimi parlamentdə əsas fəaliyyət istiqamətlərinizdə nələrə üstünlük verəcəksiniz?
-Parlamentdə təmsil olunan 125 deputatın hər biri təbii ki, Milli Məclisin müvafiq komitələrində fəaliyyət göstərir. Mən də parlamentin İnsan Hüquqları Komitəsinin üzvüyəm. Adından da göründüyü kimi bu komitənin və onun üzvlərinin missiyası bəllidir. Biz insan hüquqları sahəsində qanunvericlik fəaliyyəti ilə məşğul olacağıq. Məlumdur ki, beynəlxalq aləmdən ölkəmizə qarşı haqsız təzyiqlər var. Eyni zamanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar real vəziyyətə adekvat olmayan, təhrif edilmiş yanaşmalar mövcuddur. Bir çox hallarda insan hüquqlarından təzyiq elementi kimi istifadə edirlər. Geopolitik maraqlardan çıxış edərək bir ölkədə insan hüquqlarının vəziyyətinin əla olduğunu qeyd edir, başqa bir ölkə ilə haqsız olaraq təzyiq dilində danışırlar. Bu kimi reallıqlar da təbii ki, müstəqil siyasət yürüdən Azərbaycan dövlətini qane etmir. Hesab edirəm ki, parlamentin İnsan Hüquqları Komitəsinin fəaliyyətində bu məqamlar da diqqət mərkəzində saxlanılan məsələlərdir. Eyni zamanda qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı məsələlər diqqət mərkəzindədir və komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Bütövlükdə insan hüquqları ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək, bu istiqamətdə müvafiq qanunvericilik addımları atmaq əsas fəaliyyət istiqamətləridir. Mən də 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən millət vəkili seçilmiş deputat kimi fəaliyyətimi həmin komitədə bu istiqamətlərdə yönəldirəm. Eyni zamanda mənim 38365 nəfərlik bir seçicim var. Onların problemləri, qayğıları da mənim əsas diqqət mərkəzimdədir. Ona görə də mütəmadi şəkildə seçicilərlə görüşün keçirilməsi nəzərdə tutulur. Bu proses mütəmadi şəkildə getməkdədir. Hesab edirəm ki, bu addımlarımızla Azərbaycan dövlətçiliyi, dövlətimizin milli maraqlarının təmin olunması məsələsinə xidmət etmiş oluruq.
-Yeni Azərbaycan Partiyasının sizə etimad göstərməsini necə qarşıladınız? Belə bir etimadın göstəriləcəyini gözləyirdinizmi?
-Əvvəla onu qeyd edim ki, bu gün hakim pariyanın sıralarında 700 minə yaxın insan cəmlənib. Partiyanın sıraları kifayət qədər böyükdür. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda ən böyük partiyadır. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Bu partiyaya xüsusilə gənclərin böyük axını var. Pariyanın cəlbedicilik imkanları və potensialı böyükdür. Partiyanı yaradan şəxsin ulu öndər Heydər Əliyev olması, bu gün partiyaya cənab prezident İlham Əliyevin sədrlik etməsi bütövlükdə Yeni Azərbaycan Pariyasına olan rəğbətin və istəyin artmasında mühüm rol oynayır. Qeyd etdiyim kimi partiyanın sədri həm də dövlət başçısıdır və dövlət başçısının həm daxili, həm də xarici siyasətdə qazandığı böyük uğurlar nəticə etibarilə həm də partiyanın mövqelərini möhkəmləndirir, xalqın ona olan etimadını gücləndirmiş olur. Bu nöqteyi nəzərdən heç şübhəsiz ki, hakim partiya tərəfindən namizədliyimin irəli sürülməsi çox şərəfli, eyni zamanda çətin, mürəkkəb bir mıəsələdir. Çətin və mürəkkəb məsələ olması qeyd etdiyim kimi partiyanın çox geniş kadr potensilana malik olması ilə bağlıdır. Yəni 700 minə yaxın insanın içərisindən kifayət qədər yüksək potensiala malik insanları seçmək imkanı var. Amma eyni zamanda yerlər məhdud olduğundan həmin namizədlər sırasına düşmək çox böyük etimaddır. Bildiyimiz kimi cəmi 125 deputat yeri var və keçən parlament seçkilərində partiyanın 71 namizədi qalib gəlmişdi. Orta hesabla 70-71 nəfər 700 min nəfərin içərisindən seçilə biləcək insanlardır. Əlbəttə, hesab edirdim ki, partiyada mənə etimad var. Mənim fəaliyyətim, çıxışlarım müsbət dəyərləndirilir. Mən pariyanın beynəlxalq əlaqələr komissiyasının katibi kimi fəaliyyət göstərirdim. Ona görə də müəyyən inamlar vardı ki, partiyada mənə etimad göstərilməsi mümkün ola bilər. Amma qəti, birmənalı şəkildə demək çöx çətin idi. Çünki partiyada son dərəcə nüfuzlu, savadlı insanlar, peşəkar siyasətçilər var. Bu nöqteyi nəzərdən belə bir düşüncə vardı ki, partiyanın çox güclü kadr potensialı olduğundan namizədliyim irəli sürülməyə də bilərdi. Mənə göstərilən etimada görə partiyanın sədri cənab İlham Əliyevə, partiyanın rəhbər heyətinə təşəkkür edirəm ki, mənim namizədliyim üzərində dayandılar və nəticə də müsbət oldu, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən olan seçicilər məhz mənim namizədliyimi dəstəklədilər.
-Siz partiyanın beynəlxalq əlaqələr komissiyasında katib olmaqla yanaşı Azərbaycan Respublikasının Prezidentin yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi Araşdırmalar İnstitunun direklorusunuz. Bütün bunlarla yanaşı millət vəkili də seçildiniz. Bu 3 vəzifəni icra etmək çətin olmayacaq?
-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 0,5 ştatla Siyasi Araşdırmalar İnbstitutunun direktoruyam. Parlament fəaliyyətimlə bağlı mən orada tam ştat deyil, yarımştat olaraq işləmək məcburiyyətində qaldım. Ancaq hesab edirəm ki, bunlar bir-birinə sıx, yaxın bağlı məsələlərdir. Qanunvericlik sahəsində fəal bir deputat olmaq üçün strateji araşdırmalarla məşğul olmaq, təhlillər aparmaq, elmi analitik yazılar hazırlamaq, siyasi mövqelər bildirmək, beynəlxalq siyasətlə bağlı təklif və tövsiyyələr hazırlamaq, irəli sürmək çox vacib məsələlərdir və bu vacib məsələləri həyata keçirmək üçün strateji araşdırmalarla məşğul olmaq çox faydalıdır. Hesab edirəm ki, Dövlət İdarəçilik Akademiyasının nəzdindəki araşdırmalar mərkəzinin direktoru olmağım parlamentdə müzakirə edilən məsələlərə, qanunvericilik təşəbbüsü ilə çıxış etməyimə əksinə kömək olur. Bu mənim üçün faydalı olan bir sahədir. Hesab edirəm ki, bu mənim parlamentdə fəallığımı şərtləndirən amillərdən birinə çevrilir.
-Son günlər cəbhədə gərginliyin artması Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə nəzərdə tutulan görüşünə təsir göstərə bilərmi?
-Heç şübhəsiz ki, təsir göstərəcək. Çünki Ermənistan tərəfi hər zaman öz köhnə oyununu oynayır. Keçən ilin oktyabr ayında Parisdə prezidentlər səviyyəsində görüş keçiriləndən iki həftə sonra Ermənistan növbəti təxribata əl atdı, helikokter təxribatını həyata keçirdi Bununla da danışıqlar zamanı əldə edilmiş kövrək nəticələrin üzərindən xətt çıkmiş oldu. Bu bir həqiqətdir. Biz bu gün də həmin tendensiyanın şahidi oluruq. 2015-ci ildə faktiki olaraq bir dəfə də prezidentlər səviyyəsində görüş keçirilməyib. Bu da münaqişənin həlli imkanlarının kifayət qədər buxovlanması və danışıqların dalana dirənməsinin nəticəsidir. Buna görə də məsuliyyət təbii ki, Ermənistanın üzərinə düşür. Eyni zamanda Ermənistanın bu davranışına göz yuman beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun üzərinə də böyük məsuliyyət düşür. İndi də Ermənistan həmsədrlərin bu il ərzində bir dəfə prezidentlər səviyyəsində görüşün keçirilməsinə çalışdığını görərək həmin görüşün baş tutmaması üçün işğalçı ölkə əlindən gələni edir. Bu nöqteyi nəzərdən cəbhə xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən kütləvi şəkildə pozulması ona ünvanlanıb ki, dövlət başçıları səviyyəsində danışıqlar baş tutmasın. Yaxud son nəticədə baş tutsa belə, münaqişə ilə bağlı əsas fundamental məsələlər kənarda qalsın, bütün diqqət atəşkəs rejiminin qorunub saxlanılması məsələləri üzərində cəmləşsin. Bu Ermənistanın köhnə oyunudur və yenə də onu davam etdirir. Təssüflər olsun ki, Ermənistanın bu şıltaqlığına beynəlxalq birlik, ATƏT-in Minsk Qrupu hələ də göz yummaqdadır. Həmçinin Ermənistan rəhbərliyi də cəfəng bəyanatlarla çıxış etməkdədir. Əgər Robert Köçəryan azərbaycanlılarla ermənilərin etnik uyğunsuzluğunun olduğunu deyirdisə, Sərkisyan dini uyğunsuzluğun olduğunu bildirir. Həmsədrlər isə belə bir vəziyyətdə işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyur. Bu reallıqda isə biz münaqişənin həllini istəyirik. Ancaq təssüflər olsun ki, münaqişə də həll edilmir. Təssüflər olsun ki, münaqişənin həllində nəinki irəliliyə doğru addım var, əksinə geriyə addım atılır. Təsadüfi deyil ki, həmin geriyə addımın təsdiqi kimi Ermənistan prezidenti Serj Sərkisyan bu yaxınlarda bəyan etdi ki, Dağlıq Qarabağ Ermənistanındır. Hesab edirəm ki, bu 23 il bundan əvvəlki vəziyyətə qayıdış deməkdir. Reallıq budur və təssüflər olsun ki, bu reallığı həmsədrlər görürlər. Onların da funksiyası sanki münaqişəni həll etmək deyil, münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdır. Sanki onların missiyası budur və onunla da məşğuldurlar.
-Belə çıxır ki, bu il də problemin həlli mümkünsüz olacaq?
-Bəli, 2015-ci ili münaqişənin həlli ilə bağlı itirilmiş il kimi hesab etmək olar.
Süleyman İsmayılbəyli