“Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid...”
Məhəmməd Əsədullazadə: “Separatizm, işğal və Rusiya amilidir”
8 Dekabr 2015 12:24 Müsahibə"Azərbaycan və Gürcüstanının ərazi bütövlüyünün həll olunmaması təhlükəsizliyi daha da təhdid edir"
Türkiyə-Rusiya gərginliyi, Moskvanın İŞİD terror təşkilatına qarşı mübarizədə Xəzər dənizindən istifadə etməsi Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunu da təhlükə qarşısında qoyur. Artıq bu təhlükə regiona addım-addım yaxınlaşmaqdadır. Bəs görəsən bu təhlükələri nə dərəcədə önləmək, onu zərərsizləşdirmək mümkündür? Bu və ya digər məsələlərlə bağlı "OLAYLAR"-ın suallarını Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə cavablandırıb.
-Məhəmməd bəy, hazırda Cənubi Qafqazda mövcud durumu necə dəyərləndirirsiniz və beynəlxalq güclərin regiona yeni təsir imkanları müşahidə edilirmi?
-Cənubi Qafqaz Avrasiyanın və bütövlükdə qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyət kəsb edən bir bölgəsində yerləşir. Bu gün Cənubi Qafqaz müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarını, təbii ehtiyatlarına görə güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilib. Cənubi Qafqazın Rusiya tərəfindən əkilmiş düşmənçilik toxumları cücərmiş və silahlı münaqişələrə çevrilmiş, etnik separatizm, işğal Cənubi Qafqazın ümumi mənzərəsini təşkil etmişdir. İyirmi ildən artıqdır ki, dondurulmuş münaqişələr hər an müharibə fazasına daxil ola bilər. Region dövlətlərinin, xüsusən, Azərbaycan ərazilərinin 20 faizi qonşusu Ermənistan tərəfindən işğal olunub. Gürcüstan ərazilərinin bir hissəsəsi isə Rusiya tərəfindən işğala məruz qalıb. .Bununla da regionda hərbi vəziyyət və separatizm öz aktuallığını saxlamaqdadır. Yaxın Şərqdə davam edən gərgin vəziyyətlə əlaqədar Cənubi Qafqazda dondurlumuş münaqişələr ciddiyyətini artırmış və region risk zonasına daxil edilmişdir. Regionda həllini gözləyən ən başlıca problem, məhz Dağlıq Qarabağ münaqişəsidir. Rusiyanın 2008-ci il avqust ayında Gürcüstana təcavüzü separatist subyektləri faktiki olaraq öz ərazilərinə qatması, Cənubi Qafqazda kövrək olan sülhə ümidləri heçə endirdi. Cənubi Qafqaz həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin keçdiyi marşrutdu və Qərbin enerji siyasətində baçlıca yerə malikdir. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Rusiyanın Cənubi Qafqaza marağını daha da artırıb və regionun sərhədlərinə öz hərbi texnikasını cəlb edərək Qərbin enerji layihələrinə təhdid yaradıb. Gürcüstan ərazisində Bakı-Supsa neft kəmərinə başlıca təhlükə riski yaranıb və bu regionda əlverişli enerji daşıyıcılarına ciddi zərbə vurmaq siyasətidir. Yaxın Şərqdə Rusiyanın hərbi iştirakı Cənubi Qafqaz üçün də təhdid amilidir. Ümumiyyətlə, Qafqaz regionu böyük dövlətlər, xüsusən Rusiya və ABŞ arasında mübarizə zonasına döndərib. Bu dövlətlərin hər biri öz regional siyasətini yürüdür, onların maraqları fərqli, hətta bir-birinə ziddir. Bu cür rəqiblik geosiyasi liderliyi əldə etmək məqsədilə Rusiyanın cənub cinahı boyunca yerləşən "böhran qövsü"ndə aparılan "yeni böyük oyun" kimi qələmə verilir. ABŞ-ın Cənubi Qafqazda maraqları və regionun Rusiyadan asılılığını azaltmaq cəhdi nəticə vermir və enerji siyasəti ilə ölkələrə ciddi cəhdlə nüfuz etməyə çalışır. NATO-nun Gürcüstanda təlim bazasının yaradılması, Rusiyanın sıxışdırılması və Xəzər dənizinə çıxış imkanlarını genişləndirmək siyasəti də aktuallığını saxlayır. Bir sözlə Yaxın Şərdə gərginləşən vəziyyət Cənubi Qafqazda siyasi və iqtisadi hərəkətliliyi artırıb və işğala məruz qalan region ölkələri öz ərazilərinin bərpa edilməsi üçün ciddi hərbi demarşlara başlayıb. Bu qəbldən olan Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün danışıqlara gedir və 20 ildən artıqdır ki, Rusiyanın himayəsi ilə işğal siyasətini davam etdirən Ermənistana öz gücünü nümayiş etdirməkdən də çəkinmir. Ancaq ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyəti demək olar ki, işğalçı tərəfə heç bir basqı etməyərək konfliktin dondurulmasında mühüm rol oynayıb. ABŞ, Fransa və Rusiyanın regionda toqquşan maraqları bu münaqişənin həll variantını mümkünsüz edib. Bu gün Cənubi Qafqaz NATO və Rusiyanın hərbi nüfuz dairəsi uğrunda rəqabət regionudur. Demək olar ki, NATO Gürcüstanda möhkəmlənmək istiqamətində iş aparır, Rusiya isə Ermənistanda movcudluğunu yeni hərbi imkanlarla genişləndirməkdədir.
-Türkiyə-Rusiya gərginliyi Cənubi Qafqaz üçün hansı mənfi təsirlərə səbəb ola bilər?
-Noyabr ayının 24-də Rusiyanın "SU-24" hərbi təyyarəsinin Türkiyənin hava sərhəddini pozması və Türkiyə tərəfindən vurulması, onsuz da Suriyada maraqların toqquşduğu iki ölkə arasında ciddi problemlərin yaranmasına səbəb oldu. Hətta hərbi qarşıdurmanı hazır vəziyyətə gətirdi. İki ölkənin Cənubi Qafqazda maraqlarının olması artan siyasi gərginliyin bu regionda da təsirsiz ötüşməyəcəyini labüd edir. Türkiyə ilk əvvəldən Rusiyaya görə iqtisadi siyasətlə regiona sirayət etsə də, siyasi olaraq Rusiyanı qıcıqlandırmırdı. Bu gün Rusiya Cənubi Qafqazı öz nüfuz dairəsi hesab edir və üçüncü ölkələrin siyasi varlığını qəbul etmir.
-Bəs bu proseslərin Qarabağ münaqişəsinin həllinə hansısa müsbət və ya mənfi təsirləri ola bilərmi?
-Nəzərə alaq ki, ilk əvvəldən işğal olunmuş rayonların qaytarılması danışıqların predmeti idi və müəyyən ümidlər doğurmuşdu. Təyyarə krizindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri və önəmli mesajlar verməsi, Türkiyənin artıq Cənubi Qafqaza siyasi təsirinin artıracağının mesajı idi. Eyni zamanda Azərbaycanı istənilən addımda dəstəkləməsi bəyanatı rəsmi Kremlə Türkiyənin ismarıcı sayıla bilərdi. Ancaq bu faktdır ki, Rusiya Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi iştirakını qəbul etməyəcək və Ermənistan-Azərbaycan təmas xəttində vəziyyəti gərginləşdirmək həddinə gətirəcək. Rusiyanın Erməistanda hərbi mövcudluğu isə Azərbaycanı da Türkiyə ilə birgə hərbi əməkadaşlığının inkişafına təkan verəcək. Ümumiyyətlə, regionda ciddi hərbi qarşıdurma gözlənilmir, amma insdentlərin yaşanması da istisna edilmir. Rusiya istənilən halda təxribat edə bilər və Azərbaycan bu təxribatların qarşısında Türkiyənin dəstəyi ilə müdafiə imkanlarını gücləndirməlidir. Rusiyanın Ermənistanın hava məkanının qoruması bahanəsi ilə orada havadan müdafiə sistemlərini qurması Qafqazda Türkiyənin rolunu zəiflətməyə yönəlib.
-Ümumiyyətlə, yaxın gələcək üçün regionda hansı müsbət və mənfi dəyişikliklər baş verə bilər?
-Bu bir danılmaz faktdır ki, Xəzər hövzəsinin zəngin neft və qaz sərvətləri bir çoxlarını regiona cəlb edir. Çünki Qafqaz bu ehtiyatların enerjiyə ehtiyacı olan bazarlara, xüsusilə Avropaya çatdırılması üçün ən qənaətbəxş və etibarlı dəhlizdir. Ona görə də Cənubi Qafqaz hamı üçün mühüm əhəmiyyət kəsb edən bir regiondur. Qərb burada sülhün və istiqrarın bərpasında maraqlıdır. Regiondan əhəmiyyətli neft və qaz kəmərlərinin keçməsi, yaxın perspektivdə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyi və bunun Mərkəzi Asiya ilə əlaqələrdə körpü rolu olması regionun əhəmiyyətin daha da artırır. Ona görə də burada münaqişələrin tez bir zamanda həll olunmasını sürətləndirir. Düşünürəm ki, Türkiyə və Azərbaycanın bilavasitə iştirakı ilə gerçəkləşəcək TANAP lahiyəsi ABŞ və Qərbin dəstəyini almaqla Rusiyanın regiona artan nüfuzunun qarşısını da önləyə bilər. Regionda inkişaf etdiriləcək enerji və beynəlxalq nəqliyyat infrastrukturu bölgə ölkələrinin inkişafına təkan verəcək. Bu layihələrdən kənar qalacaq Ermənistanın Rusiyanın forpostu kimi iqtisadi tənəzzülü getdikcə ağırlaşacaq. Rusiyanın Türkiyə ilə gərginləşən vəziyyəti fonunda Moskvanın Şimal hərbi dairəsinə daxil olan 7 minlik hərbi kontingenti və hərbi arsenalını Türkiyə ilə sərhəddə, Ermənistan ərazisində yerləşdirmək planı var. Əgər Rusiya bu adddımı atarsa, Cənubi Qafqazda vəziyyət mürəkkəbləşə və bu Azərbaycana qarşı birbaşa təhdid ola bilər. Zəmanət yoxdur ki, müharibənin başlaması ilə Rusiyanın müasir güclü hərbi arsenalı Ermənistan tərəfindən münaqişədə iştirak etməsin. Həmçinin beynəlxalq terrorizmin inkişafı və sürətli yayılması Qafqazdan da yan keçmir. Ona görə də terrora qarşı təlükəsizlik tədbirləri önlənməli və bunun qarşısının alınmasında ciddi region ölkələri əməkdaşlıq etməlidir. Çünki hazırda regionda silahlı münaqişələr və qeyri-sabitlik baş alıb gedir və bunların daha da artması, genişlənməsi ehtimalı var.
-Hazırda regionun təhlükəsizliyi üçün başlıca təhdid nədir?
-Qafqaz ölkələrinin daxili inkişafı və xarici münasibətləri region ölkələri arasında güc tarazlığını dəyişə bilər. Qafqazdakı güc tarazlığında mümkün dəyişikliklər ilk növbədə, regionun qonşularına, yəni Rusiya, İran və Türkiyəyə, sonra isə digər ölkələrə də təsir göstərəcək. Cənubi Qafqazda hazırkı vəziyyət regionun gələcəkdə qarşılaşacağı yeni münaqişələrdən və təhdidlərdən xəbər verir. Bu cür təhdidlərin əsas mənbələrini etnik münaqişələr, qeyri-sabitlik, separatçı meyillər və qeyri-bərabərlik təşkil edir. Regiona kənardan güclü dövlətlərin müdaxiləsi nəticəsində vəziyyət daha da pisləşə bilər. Hazırda regionun təhlükəsizliyi üçün təhdid separatizm, işğal və Rusiya amilidir. Burada Azərbaycan və Gürcüstanının ərazi bütövlüyünün həll olunmaması təhlükəsizliyi daha da təhdid edir. Regionda İran dini siyasətlə, Rusiya siyasi-hərbi təhdidlərlə vəziyyəti gərginləşdirir. Xəzər dənizinin Rusiya tərəfdən Suriyada münaqişəyə cəlb edilməsi isə bu regionun terrorizmin hədəfinə gətirmək ehtimalını artırır. Türkiyənin Qafqaz siyasətində barışcıl mövqeyi və Azərbaycanla müttəfiqliyi isə Cənubi Qafqazda sülhün və təhlükəsizlyin qarantı ola bilər. Eyni zamanda NATO-nun bu istqamətdə rolu regionu mümkün təhdidlərdən qoruya bilər.
Süleyman