AHİK vətəndaş cəmiyyətinin əsas institutlarından birinə çevrilib
Səttar Mehbalıyev: “Həmkarlar təşkilatları nə qədər güclü olsa, işçilərin hüquqları bir o qədər güclü müdafiə olunar”
3 Dekabr 2015 13:34 MüsahibəMüsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevdir.
-Səttar müəllim, həmkarlar təşkilatları fəaliyyəti dövründə cəmiyyətə vacib bir təşkilat olduğunu isbat edə bilibmi?
-Bildiyiniz kimi, XX əsrin sonu dünyanın siyasi mənzərəsini əsaslı şəkildə dəyişən proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmadı, arzuladığı müstəqilliyinə yenidən qovuşdu. 1991-ci ildə Sovet İttifaqının süqut etməsi ilə Azərbaycan xalqı 71 il əvvəl itirdiyi müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci ildə qəbul etdiyi Müstəqillik haqqında Konstitusiya Aktı ölkəmizin tarixində yeni dövrün başlanğıcını qoydu. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5 fevral 1993-cü ildə keçirilmiş təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edildi, bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Qanun qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi; həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından, siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırıldı; həmkarlar ittifaqlarının bütün strukturlarında inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının və orqanlarının müstəqilliyi təmin edildi; əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı; Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.
- Necə hesab edirsiniz, həmkarlar ittifaqları bu gün qarşıya qoyulan hədəflərə nail ola bilibmi?
- Bu gün Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. Biz güclü iqtisadiyyata, dayanıqlı sosial müdafiə sisteminə malik, hüquqi, demokratik cəmiyyətin tərəfdarıyıq. Həmkarlar ittifaqları qarşılıqlı əmək və sosial-iqtisadi münasibətlərin əsasını sosial tərəfdaşlıq prinsipində görür. AHİK hökumət və işəgötürənlərlə real dialoqun yaradılması üçün çalışır, əmək münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə töhfə verir. Təcrübə göstərir ki, sosial dialoqun köməkliyi ilə mürəkkəb vəzifələrin həlli, sosial sabitliyin təmin edilməsi mümkündür. Baş Kollektiv Sazişin layihəsinin hazırlanmasının və bağlanmasının təşəbbüşkarı kimi həmişə AHİK çıxış edir. Tərəflərin rəyi, bütün mübahisəli məsələlərin razılaşdırılması, təklif və iradlar nəzərə alınır. Baş Kollektiv Saziş üçtərəfli qaydada - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanır. Müvafiq olaraq sahələrdə tarif sazişləri, yerlərdə isə kollektiv müqavilələr bağlanır. Hazırda Azərbaycanda 13451 kollektiv müqavilə, 119 tarif sazişi fəaliyyət göstərməkdədir. Respublikada sosial tərəfdaşlığın formaları ildən-ilə təkmilləşir, 2014-2015-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə bir çox yeni və perspektivli müddəalar əksini tapmışdır. AHİK son 10 ildə həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair qanun və proqramların, bir çox normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak etmişdir. Ümumilikdə müxtəlif orqanlar tərəfindən hazırlanmış 100-dən çox qanun layihəsində AHİK-in rəyi nəzərə alınmışdır. Həmkarlar ittifaqı mütəxəssislərinin birbaşa iştirakı ilə ərsəyə gəlmiş bu sənədlər həmkarlar ittifaqının hüquqi bazasını xeyli genişləndirmişdir. 2008-ci ilin may ayında Əmək Məcəlləsinin 80-ci (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) maddəsinə dəyişiklik edildi. Bu dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu artırdı, həmçinin sıralarımıza yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratdı. Eyni zamanda minlərlə əməkçinin iş yerini itirməsinin qarşısı alındı.
- Özəl sektorda, eləcə də transmilli şirkətlərdə həmkarlar ittifaqları təşkilatlarının yaradılması daim problem olub. Hazırda bu sahədə vəziyyət necədir?
-Özəl sektorda, xidmət sferasında, kiçik və orta biznes sahəsində həmkarlar ittifaqı üzvlüyünə cəlb edilmə ilə bağlı problemlər mövcuddur. Vəziyyətdən çıxış yolu kimi AHİK və onun üzv təşkilatları həmkarlar ittifaqlarına üzvlüyün əsas səbəblərinin şərh edilməsi işinin genişləndirilməsi və həmkarlar ittifaqı üzvlərinin sayının artırılması üzrə proqramlar işləyib hazırlayıb və onları təcrübədə həyata keçirir. Azərbaycan həmkarlar ittifaqları transmilli şirkətlərdə (TMŞ) işçilərin həmkarlar ittifaqına cəlb edilməsi sahəsində də müəyyən təcrübə toplamışdır. AHİK-in III və IV qurultaylarının proqram sənədlərində transmilli şirkətlərdə təşkilati-motivasiya işinin gücləndirilməsi barədə üzv təşkilatlar qarşısında vəzifələr qoyulmuşdur. TMŞ-lərdə 68-dən çox həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Bu, neft-qaz sektoru, avtonəqliyyat, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə, inşaat və digər istehsal sahələridir. Xüsusilə Neft və Qaz Sənayesi İşçiləri HİRK transmilli şirkətlərdə çalışan yerli işçilərin həmkarlar ittifaqı yaratmaq təşəbbüslərini daima dəstəkləyir. Müəssisələrdə həmkarlar ittifaqlarının yaradılması orada çalışan işçilərin özləri üçün sərfəlidir. Bu gün həm bizdə, həm də başqa ölkələrdə həmkarlar ittifaqları işinin əsas istiqamətlərindən biri qeyri-formal məşğulluq məsələsidir ki, bunun sayəsində həmkarlar ittifaqları öz sıralarını xeyli genişləndirə bilər. Azərbaycanda əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsinə görə işəgötürənlərin məsuliyyəti, ölkə üzrə qüvvədə olan minimal əməkhaqqından az maaş müəyyən edilməsi, qeydiyyat proseduru keçməmiş miqrantların əməyindən istifadə ilə əlaqədar qanunvericilik aktlarının qəbul edilməsi nəticəsində qeyri-formal məşğulluqdan normal məşğulluğa keçid işi xeyli aktivləşmişdir.
- Mətbuatda həmkarlar ittifaqlarının vəsaitlərinin xərclənməsi məsələsi daim müzakirə predmetinə çevrilir. Həmkarlar ittifaqları yığılan vəsaiti hansı sahələrə yönəldir?
- Son 10 ildə Azərbaycan həmkarlar ittifaqlarına öz maliyyə imkanlarını möhkəmləndirmək, toplanan vəsaitin üzvlərinin mənafelərini daha səmərəli qorunmasına yönəltmək üçün imkanlar yaradılmışdır. Nəzərə almaq lazımdır ki, hətta Sovetlər dönəmində belə həmkarlar təşkilatlarının öz mülkiyyəti olmayıb. Ancaq müstəqillik illərində 6 sahə həmkarlar ittifaqı torpaq sahəsi alaraq istirahət mərkəzləri inşaa ediblər. Həmkarlar ittifaqlarının maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə üzvlük haqlarının 1%-dən 2%-dək artırılması sayəsində həmkarlar ittifaqı təşkilatlarının öz funksiyalarını yerinə yetirmək imkanları genişlənmişdir. Sahə həmkarlar ittifaqları öz üzvlərinin sağlamlığının və istirahətinin qayğısına qalaraq həmkarlar ittifaqı vəsaiti hesabına yeni istirahət bazaları tikdirib istifadəyə vermişdir. Nəticədə Təhsil İşçiləri Azad HİRK, Rabitə İşçiləri Müstəqil HİRK, Dəmiryolçuların Müstəqil HİRK, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK, Dəniz Nəqliyyatı İşçiləri HİRK-in sağlamlıq ocaqlarında 2014-2015-ci il ərzində 9500 nəfər Hİ üzvü dincəlmişdir. Bundan başqa, son iki ildə 45 min nəfər sosial sığorta vəsaitləri hesabına yollayışlarla respublikanın müxtəlif müalicə ocaqlarında sağlamlıqlarını bərpa etmişdir. Son illər ailəsi ilə birlikdə müxtəlif istirahət bazalarında çoxgünlük istirahətə üstünlük verənlərin də sayı artır. Qısamüddətli istirahətlərin xərcləri müəssisə və təşkilatlarda bağlanmış kollektiv müqavilələrə əsasən tam və ya qismən işəgötürənlər, həmkarlar ittifaqı təşkilatları tərəfindən ödənilir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına hər il orta hesabla 45 min nəfərdən artıq vətəndaş müalicə və istirahət ocaqlarına yollayışlarla təmin olunmuşlar. Uşaq sağlamlıq düşərgələrində isə işçilərin minlərlə övladı dincəlir. Azərbaycanda həmkarkar itifaqlarında 55-60 milyona yaxın vəsait toplanır. Bu vəsaitin 88 faizi iş yerlərində fəaliyyət göstərən ilk həmkarlar təşkilatlarının hesabında qalır. Onlar bu vəsaiti öz işçilərinə xərcləyirlər. Yerdə qalan 12 faiz isə Konfederasiyaya gəlir. Bu vəsait hesabına bütün sanatoriya, müalicə mərkəzlərinin təmir-tikinti işləri aparılır. Həmçinin ailə gəlirləri aşağı olan tələbələrin təhsil haqlarının 30-40 faizini ödəyirik, bir sıra tələbələrə pulsuz yemək verilir, xəstələrə yardım göstərilir. Bu vəsaitdən eyni zamanda, Konfederasiyada ətatların saxlanması, beynəlxalq əlaqələrin qurulması, toplantıların keçirilməsinə xərclənir. Ümumilikdə bu vəsaiti elə qənaətlə istifadə edirik ki, nəzərdə tutulan planlarımızı həyata keçirə bilək.
-Mütəmadi olaraq belə bir məsələ qaldırılır ki, AHİK hesabat vermədiyindən bu sahədə şəfaflığın təmin olunması məsələsində problemlər yaşanır.
- Həmkarlar təşkilatı heç bir dövlət orqanı qarşısında hesabat vermir. Həmkarlar təşkilatları yalnız öz seçiciləri qarşısında hesabat verir. Sahə həmkarlar təşkilatları yığılan pulların hara xərclənməsi barədə öz işçilərinə hesabat verirlər. Həmin təşkilatların öz büdcəsi, təsdiq olunmuş cmetası var ki, orada hər bir xərc maddəsi ayrılıqda əksini tapır. Dəqiq göstərilir ki, yardıma, idmana və digər sahələrə nə qədər vəsait ayrılıb. Həmkarlar təşkilatlarının sədrləri bu barədə seçiciləri qarşısında hesabat verirlər. Eyni zamanda sahə həmkarlar ittifaqları AHİK-ə, AHİK isə yenə də seçicilərinə hesabat verir. Üminilikdə biz heç bir qurum qarşısında hesabat vermirik. Çünki həmkarlar ittifaqları işçilərin könüllü şəkildə yaratdıqları bir təşkilatdır. Bu qurumlar nə sərəncam, nə də qərarla yaradılmır. Həmkarlar təşkilatları nə qədər güclü olsa, işçilərin hüquqları bir o qədər güclü müdafiə olunar.
Alim