Nizamini öz sözü ilə anlamanın yolları
4 Fevral 2021 10:47 MədəniyyətSəadət Şıxıyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Ölkə Prezidenti İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsi təkcə nizamişünaslıq sahəsində fəaliyyət göstərənlərin deyil, ümumiyyətlə, klassik irsi araşdıranların da məsuliyyətini artırır. Hər birimiz indiyədək nə kimi işlər görülüb, bu sahədə nə kimi boşluqlar var sualları ətrafında düşünür və özümüzün də fəaliyyət istiqamətimizi bu ilin tələbinə uyğun qurmağa çalışırıq. Nizaminin ədəbi şəxsiyyəti, əsərlərinin yazılma səbəbi, ithaf olunduğu şəxslər - məmduhları, süjet xətti, qaynaqları, struktur özəllikləri, qəhrəmanları, onların mümkün prototipləri və s. indiyədək çoxsaylı monoqrafiyalarda öyrənilib. Bu sahədə Azərbaycanda münbit bir elmi-fikri zəmin vardır. Azərbaycan nizamişünaslarından Həmid Araslı, Mübariz Əlizadə, Rüstəm Əliyev, Qəzənfər Əliyev, Xəlil Yusıflı, Qulamhüseyn Beqdeli, Xəlil Hüseynov, Çingiz Sasani, Qasım Cahani, Nüşabə Araslı, Mənzərə Məmmədova, Mehdi Kazımov və digərləri Nizaminin ədəbi şəxsiyyətinin müxtəlif cəhətlərini ciddi şəkildə araşdırmışlar və həmin tədqiqatlar bu gün də öz dəyərini saxlayır. Amma ümumilikdə bu çoxşaxəli araşdırmaların böyük əksəriyyəti sovet dövründə yazıldığı üçün tədqiqatçılar dövrün ideologiyasının qoyduğu məhdud hüdudlarda öz sözünü deməyə məcbur olmuşdular. Bu mənada Nizami irsinin dini əsası, irfani biliklərin ifadə şəkli, şairin digər və daha qədim dinlərin kultlarına müraciət biçimləri və səbəbi sovet dövrü nizamişünaslığında öyrənilməmişdi. Son dövrlərdə bu sahələrə təsadüfdən-təsadüfə müraciət olunsa da, bu dəfə də eymilə Nəsimi və Füzuli irsinin tədqiqi sahəsində müşahidə etdiyimiz kimi, ifrata varmalar, təsvirçilik və s. ön plana keçdi. Bu baxımdan dəyərli həmkarım Siracəddin Hacının müstəqillik illərimizdə sevgi və fədakarlıqla hazırladığı 10 cildlik "Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)" əsəri şairin dini biliklərinin əsasını və onun bu dini biliklər vasitəsilə bəşər övladına hansı dəyərləri təlqin etdiyini öyrənmək baxımından təqdirəlayiqdir.
Ümumiyyətlə, nizamişünaslıqda olması lazım gələn, lakin boşluq olan sahələr, təəssüf ki, az deyildir. Bunlardan biri şairin əsərlərinin tam şərhinin olmamasıdır. Halbuki şərhçilik Nizaminin dərindən öyrənilməsinə əlverişli şərait yarada biləcək bir üslubdur və görünür, gərgin axtarışlar nəticəsində ərsəyə gələ bildiyindən bu sahəyə də xüsusi maraq göstərilməmişdir. Bu sahədə ilk və hələlik ki, yeganə təcrübə Siracəddin Hacıya məxsusdur. Onun uzun illər üzərində işlədiyi şərhlər Nizami şərhçiliyi sahəsindəki boşluğu doldurmağa yardım etsə də, bu əsərlər yalnız "Xəmsə"nin müqəddimə qisimlərini ehtiva etdiyi üçün digər hissələrin də elmi şərhinə ehtiyac vardır. Bu isə alimlər qrupunun eyni sevgi və fədakarlıqla işləməsi ilə gerçəkləşə bilər.
Nizamişünaslıq sahəsindəki boşluqlardan biri isə şairin bütün əsərlərinin sözlüyünün indiyədək hazırlanmamasıdır. Bu istiqamətdə görülmüş işlər içərisində Mənzərə Məmmədovanın "Nizami Gəncəvi dilinin lüğəti" adlı ikicildlik dəyərli əsəri seçilir və çox gərgin axtarışların nəticəsidir. Amma bu əsərdə yalnız "İsgəndərnamə"nin birinci hissəsinin - "Şərəfnamə"nin leksik tərkibi cəmləşib. Nizaminin eyni bir kəlməni hansı anlamlarda işlətdiyinin aydın mənzərəsini yaradan lüğət daha çox dilçilik baxımından tərtib edilmişdir. Həmin sözlüyün dil tarixi, ədəbiyyatşünaslıq, xüsusilə poetika və digər sahələr baxımından təhlilinə də ehtiyac vardır.
Qeyd etməliyik ki, nizamişünaslıqdakı bu boşluğu aradan qaldırmağa yardımçı ola biləcək örnək əsərlər Türkiyə və İranda azlıq təşkil etmir. Hər bir görkəmli və həqiqətən, söz sənətkarı olan şairin sözlüyünün hazırlanması onun fikir dünyasını, ənənəvi və fərdi səciyyəli anlamlarını öyrənmək baxımından çox önəmlidir. Buna görə də Nizaminin hər bir əsərinin filoloji sözlüyünün hazırlanmasına ehtiyac vardır. Bu tipli sözlüklərdə kəlmənin lüğəvi anlamının qeydi sadəcə ilk mərhələ ola bilər. Həmin kəlmələr vasitəsilə şairin fikir dünyasının əzəmətini, söz dəryasının dərinliyini də nümayiş etdirmək mümkün olduğundan ifadələrin kəsb etdiyi mənalar, əlaqəli söz qrupları, onların bədii və fəlsəfi dəyəri müəyyənləşdirilməlidir. Bu anlamda Nizaminin əsərlərinin hər birinin çoxyönlü şərh və təhlil xarakterli sözlüklərinin yaradılmasına da ehtiyac vardır. Bu sözlüklər onun poetik, dini, fəlsəfi, irfani fikir qatlarını üzə çıxarmağa, onun çoxcəhətli ədəbi şəxsiyyətinin həqiqi dəyərini verməyə yardım edə bilər.
Nizamişünaslıq sahəsindəki boşluqlardan biri də onun istər mənzum, istərsə də filoloji tərcümələrində nəzərə çarpır. Bu tərcümələrin bəzən orijinala adekvat olmaması yeni, əslinə müvafiq tərcümələr zərurətini ortaya çıxarır.
Əslində mövcud tərcümələri tamamilə inkar etmək də doğru olmaz, onların içərisində uğurlu və əslinə yaxın parçalar da yetərincədir. Amma yubileydən yubileyə Nizami irsinə müraciət və çeşidli tərcümə cəhdləri tələskənlik üzündən bəzən təhriflərə yol açmışdır. Təəssüf ki, nöqsanlı çevirmələr sətri tərcümələrdə də nəzərə çarpır. Halbuki filoloji - sətri tərcümələrdə mətnin əslinə yaxınlığını qorumaq imkanları daha genişdir. Bir nümunəyə nəzər salaq. "Sirlər xəzinəsi"inin başlanğıcında deyilir:
Bismillahir-rəhmanir-rəhim,
Həst kelid-e dər-e gənc-e Həkim.
Fatihe-ye fekrət-o xətm-e soxən
Nam-e xodayist, bər u xətm kon"
(Bismillahir-rəhmanir-rəhim
Hikmət sahibinin xəzinəsinin qapısının açarıdır.
Sənin fikrinin başlanğıcı və sözünün sonu
Allahın adıyladır, onunla da sözü bitir).
Göründüyü kimi, Nizami "Sirlər xəzinə"sini Quranı örnək almaqla yazmışdır. Belə ki, o, "Fatihə" və ümumiyyətlə Quranın başlanğıcı olan "Bismillahir-rəhmanir-rəhim" ayəsi ilə öz kitabını başlayır. Burada şair "Fatihə"ni iki anlamda - həm Qurandakı yeri, həm də lüğəvi anlamını nəzərdə tutmaqla istifadə edir. Buna görə də tərcümədə bu ifadənin orijinaldakı şəkli ya çıxarışda qeyd olunmalı və ya mətndə orta mötərizədə göstərilməli idi.
Nizaminin burada "Həkim" deyə yad etdiyi, əlbəttə ki, Allahdır və onun 99 gözəl adı ("əsmayi-hüsna") içərisində "hikmət sahibi" anlamına gələn bu adı da yad olunur. Şairin bu adı seçməsi də təsadüfi deyildir. Özünün hikmətli kəlamlardan təşkil olunacaq "Sirlər xəzinəsi" əsərinə Allahın "Həkim" (hikmət sahibi) adı ilə başlaması onun cəmiyyət həyatını tənzimləyəcək ilahi qaynaqlı kəlamları nəzərdə tutduğunun da bir ifadəsidir... Halbuki filoloji tərcümədə oxuyuruq:
Bismillahir-rəhmanir-rəhim
Həkimlər xəzinəsinin qapısının açarıdır.
Fikrin başlanğıcı və sözün sonu -
Tanrının adı ilədir, o [adla da bu kitabı] bitir).
Göründüyü kimi, birinci beytdə "həkim" sözünün daşıdığı anlamın nəzərə alınmaması, ikinci beytdə kitabın başlanğıcında nədənsə həm də onun bitirilməsinə dair qeydə yer verilməsi şairin fikrinin təhrif olunması ilə nəticələnmişdir.
Çox dəyərli alim və tərcüməçi Rüstəm Əliyevə aid yuxarıdakı sətirlərdə yol verilən qeyri-dəqiqlik təəssüf hissi doğurur. Əslində mənzum və filoloji tərcümələrdə bənzər örnəklər az deyildir. Bu isə şairin əsərlərinin yenidən tərcümə olunmasını zərurətə çevirir.
Təkcə nizamişünaslıq deyil, ümumiyyətlə, klassik irsin digər sahələrində də tərcüməçi eyni zamanda tədqiqatçı olmalıdır. Çünki təkcə fars dilini bilməklə Nizaminin və digər klassiklərimizin əsərlərini ana dilimizə tərcümə etmək mümkün deyildir. Qənaətimizcə, bu tərcümələr tədqiqatçı və tərcüməçi şəxsiyyətinə malik peşəkarlar tərəfindən gerçəkləşdirilərsə, ortaya həqiqətən elmi dəyərə malik işlər qoyula bilər.
Nizamişünaslıqdakı boşluqlardan biri də onun əsərlərinin ideya qaynaqlarının dəqiqliklə öyrənilməməsidir. Bu istiqamətdə çox işlər görülməli, xüsusilə özünün vurğuladığı pəhləvicə qaynaqlar tam şəkildə üzə çıxarılmalı və müqayisələr aparılmalıdır. Nəticədə bu kimi araşdırmalar dünya şöhrətli şairimizin düşüncəsindəki fərdiyyət və özünəməxsusluğu dəyərləndirməyə şərait yaradacağından diqqətdən kənarda qala bilməz.
Başlıca istiqamətlərini qeyd etdiyim sahələr bir il içində yalnız özülü qurula bilər, bu sahələrin uğurlu elmi məhsulunun ortaya qoyulması üçün uzun illər - azından 4-5 il ciddi işləmək lazım gələcək...