Antarktida ilə bağlı QORXUNC PROQNOZ
13:01 DünyaAntarktidadakı şelf buzlaqlarının ərimə sürəti proqnozlaşdırılandan daha yüksək ola bilər.
Oxu.az xəbər verir ki, bu barədə yeni araşdırma "Nature Communications" jurnalında dərc olunub.
Tədqiqatçıların xəbərdarlığına görə, Antarktida şelf buzlaqlarının zəifləməsi və ya tamamilə dağılması nəhəng buz kütlələrinin okeana qarışması prosesini sürətləndirə bilər. Hazırda həmin buzlaqlar qoruyucu qalxan funksiyasını yerinə yetirərək giqatonlarla buzu özündə saxlayır.
Layihənin rəhbərlərindən biri olan Tsin Çjou "Daily Mail" nəşrinə müsahibəsində bildirib ki, bunun ən böyük qlobal nəticəsi dəniz səviyyəsinin yüksəlmə prosesinin sürətlənməsi olacaq.
"Antarktida gələcəkdə dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola biləcək ən böyük potensial mənbəni özündə birləşdirir", - deyə o qeyd edib.
Mütəxəssislərin fikrincə, ən pis ssenari reallaşarsa, milyonlarla insan daşqınların qurbanına çevrilə bilər. Buz qalxanı qoruyucu xüsusiyyətini itirərsə, dəniz səviyyəsinin nəzəri olaraq 58 metrə qədər yüksəlməsi ehtimal olunur.
Bir müddət əvvəl alimlər Antarktida buzlaqları ilə bağlı bədbin proqnozlar da səsləndirmişdilər. "The Times of India" qəzetinin məlumatına görə, qitənin bəzi əraziləri artıq təhlükəli həddə çatıb və buzlaqların geriləməsi kritik mərhələyə qədəm qoyub.
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi ilə mübarizə aparılsa belə, bəzi bölgələrdə buzların əriməsi yüzilliklər boyu davam edə bilər.