Azərbaycan yazıçısının romanı Bişkekdə keçirilən müsabiqədə ikinci dərəcəli mükafata layiq görülüb
Bişkekdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin “Kitab sənəti” 13-cü beynəlxalq müsabiqəsi keçirilib.
24 İyun 2016 11:01 MədəniyyətBişkekdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin "Kitab sənəti" 13-cü beynəlxalq müsabiqəsi keçirilib.
Tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan Türkmənistan, Belarus və digər ölkələrin kitab nəşriyyatları öz məhsullarını nümayiş etdirib.
Müsabiqədə "Qran-pri", "Birlik", "Mənim ölkəm", "Art kitab", "Elm və innovasiya", "Tədris ədəbiyyatı və təhsil", "İllüstrasiya sənəti", "Mədəniyyətlərin dialoqu", "Uşaq və gənclər üçün kitab" nominasiyalarında mükafatlar verilib.
"Qran-pri" nominasiyasında baş mükafat Qırğızıstan yazıçısı J.Jalievanın "Uşaqlar üçün qırğız folkloru" kitabına verilib. Bu nominasiyada ikinci dərəcəli mükafata "Tamerlan" ("Əmir Teymur") romanına görə Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuz layiq görülüb.
Xatırladırıq ki, Yunus Oğuzun bu kitabı Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda çap edilib və populyarlıq qazanıb.
Kitab Qırğızıstandakı Türkdilli dövlətlərinin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilib nəşr olunmuşdur. Bu ilin mart ayının 10-da kitabın Prezidentin birinci iqamətgahında təqdimatı keçirilib.