"Buna hünərim çatmayıb"
2 İyun 2016 19:45 MədəniyyətMüğənni İlhamə Qasımova həmkarlarının başqa bizneslə məşğul olmalarına münasibət bildirib.
Axşam.az-a açıqlama verən sənətçi son günlər müğənnilərin sənətdən qazanclarının olmamasından şikayətlənib:
"Mənim bizneslə məşğul olmağa heç vaxt hünərim çatmayıb. Hamı deyir ki, çoxlu səyahət edirsən, turizm şirkəti aç. Amma bu sahədə çox ciddiyəm, harasa gedəndə o ölkənin hər şeyini araşdırıram. Gərək bütün günü oturub araşdırma aparım və müştəriyə VİP xidmət təklif edim. Həm də turizm şirkəti gəlir gətirən peşə deyil. Hansısa müğənni ad üçün və ya ətrafındakı insanlara görə belə addım ata bilər.
Son günlər müğənnilər toylardan pul qazana bilmirlər. Ona görə də dolanmaq üçün biznesə əl atırlar. Həm də birdən səsinə nəsə oldu, oxuya bilmədi, əlavə gəlir yeri olmalıdır. Bütün dünya ulduzlarının özəl biznesləri olur".
İ.Qasımova arzusunda olduğu biznesi də açıqlayıb:
"İstəyərdim ki, böyük qadın klubu açım. İndi bu cür klublar çox olsa da, qiymətlər hamıya sərf etmir. Mən elə klub açsam, bütün xanımların gələ biləcəyi qiymətlər təyin etmək istərdim. Amma bunun üçün mənə böyük sərmayə lazımdır".
Müğənni bu günə kimi müğənnilikdən pul qazanmadığını deyib:
"Mən bu sənətə qazandığımdan çox sərmayə xərcləmişəm. Beş-altı il əvvəl bir az pul qazanırdım, onu da mahnılara xərcləyirdim. Amma Almaniya şirkətilə müqavilə imzaladıqdan sonra icazə verilmədi".
İ.Qasımova özünün bəstələdiyi və ingilis dilində oxuduğu "Why not" mahnısının uğurlu olmadığını söyləyib:
"Bizim ölkədə ingilis dilində olan mahnılara çox zəif reaksiya bildirilir. Əgər mən Azərbaycan dilində mahnı yazsam, partlayış olar. Əsl zəmanə mahnısı yazmağa qabiliyyətim var, fantaziyam genişdir.
Almaniyada mənə bəstəkarlıq təklifi edildi. Bunun üçün orada qalmalıydım. Ona görə də təklifdən imtina etdim".