“Eurovision” uğursuzluğumuz nədən qaynaqlandı? – Ekspert rəyləri
26 May 2016 11:23 MədəniyyətDünyada ən məşhur musiqi yarışlarından biri olan "Eurovision" mahnı müsabiqəsi bu dəfə də söz-söhbətsiz ötüşmədi.
Gün.Az xəbər verir ki, bir neçə gündür sona çatan yarışma ətrafında müzakirələr hələ də davam etməkdədir.
Kimisi Azərbaycanı bu yarışmada təmsil edən Səmranın oxuduğu mahnının sıradan olduğundan, kimisi ifasının zəifliyindən, kimisi də geyiminin mentalitemizlə ziddiyyət təşkil etməsindən gileylənir.
Öncə onu qeyd edək ki, müxtəlif illərdə olduğu kimi, bu il də yarışma, mahnı müsabiqəsi formatından çıxarılıb, siyasi mesajlar meydanına çevrildi. Burada xüsusilə Ermənistan təmsilçisi İveta Mukuçyanın yarımfinal mərhələsində Qondarma Dağlıq Qarabağın "bayrağ"ını qaldırmasını, daha sonra isə yarışmanın final mərhələsinin keçirildiyi "Globen-Arena"nın üzərində uçan kiçik təyyarənin üzərində yazılan "Karabach-İveta" plakatının olmasını qeyd etmək yerinə düşər.
Bizi isə bir neçə məqam maraqlandırır. Öncə başlayaq ondan ki, ötən illərlə müqayisədə, son iki ildə bu yarışmanın milli seçim turları qapalı keçirilir.
Yəni bundan öncə "Eurovision" üçün keçirilən milli seçim turlarında iştirak edən təmsilçilərimiz -açıq-aşkar baş tutan seçimlərdən keçirdilər. Maraqlıdır ki, açıq keçirilən seçim turlarından çıxan müğənnilərin hamısı müsabiqədə ilk onluqda yer alıb. Amma artıq bir neçə ildir yarışmanın milli seçim turlarının qapalı keçirilməsi öz mənfi təsirini göstərir, desək, yanılmarıq.
Çünki milli seçim turları qapalı keçiriləndən sonra ölkəmizi təmsil edən ifaçılar - Dilarə Kazımova ("Start a Fire") 22-ci yer, Elnur Hüseynov ("Hour Of The Wolf") 12-ci yer və nəhayət, Səmra Rəhimli ("Miracle") 17-ci yeri tutublar, yəni heç ilk onluğa da düşə bilməyiblər.
Xatırladaq ki, bundan əvvəlki illərdə müsabiqə üçün iştirakçını peşəkar münsiflər heyəti ilə bərabər tamaşaçıların da seçmək imkanı olurdu. Canlı efir zamanı onlar "Eurovision" səhnəsində görmək istədikləri iştirakçının SMS nömrəsinə səs göndərə bilirdilər. Bu, məsələnin bir tərəfi...
Digər məsələ belə mötəbər müsabiqədə ölkəmizi təmsil edən müğənnilərin natamam olmasıdır. Yəni, istənilən beynəlxalq yarışmaya göndərilən müğənni üzərində professional komandanın işləməsi şərtdir.
Təbii ki, bizim "Eurovision" təmsilçiləri üzərində də belə komanda çalışır. Amma görünən odur ki, artıq bu komandanın işi qənaətbəxş sayılmır. Çünki, müsabiqə iştirakçıları nəinki peşəkar sənət nümayiş etmirlər, həmçinin uğursuz səhnə geyimləri, qeyri-peşəkar davranışları, dar dünya görüşləri ilə yadda qalırlar.
Məsələn, bu ilki təmsilçimiz Səmra yarışmadan sonra Vətənə dönəndə hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, "nə olsun açıq-saçıq geyinmişəm. Ora Avropadır, həm də geyimim mənə yaraşır..."
Amma iş burasındadır ki, Avropanı açıq-saçıq geyinməklə təəccübləndirmək, diqqət çəkmək olmur. Burada əsas toxunulası məqam, təmsilçimizin geyimində milli atributların, koloritin əksini tapmasıdır.
Bizim təbii ki, Səmranın fiziki göstəricilərinə heç bir iradımız yoxdur. Qızın özü demişkən, geyindiyi paltar ona yaraşırsa, niyə də yox?! Amma açıq-saçıq geyinmək belə Səmranı uğursuz çıxışdan xilas edə bilmədi.
Fikrimizcə, müsabiqədə uğur qazanmamağımızın səbəbi təkcə geyimdə, mahnıda və ya ifada deyil. Yarışmaya qatılan iştirakçılarımızın dünya görüşləri artırılmalıdır, xüsusən də, öz ölkələri ilə bağlı məlumatlı olmalıdırlar. Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vacib faktları bilməli, ən əsası, işğal olumuş rayonları tanımalıdırlar.
Məsələn, builki yarışmada "Qondarma Dağlıq Qarabağ"ın bayraq qalmaqalı oldu, amma məsələ ilə bağlı Səmra konkret olaraq, hazırlıqsız idi. Müsabiqənin ilk yarımfinalından sonra keçirilən mətbuat konfransında ağzına su alıb, oturdu...
Ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçı faktor elə bir durum yaradıb ki, biz hətta "Eurovision" mahnı müsabiqəsinin siyasi xarakterli olduğunu bir kənara qoyaq - istənilən beynəlxalq səviyyəli mədəniyyət tədbirində belə hətta müğənni də yeri gəlsə, siyasətçi, dövlət adamı olmağa məcburdur.
Maraqlıdır ki, Səmra bununla bağlı yerli jurnalistlərin iradlarını qəbul etməyərək, "bu siyasi müsabiqə deyil, mədəniyyət yarışmasıdır" - deyib.
Ermənilərin bayraq qalmaqalı ilə bağlı xarici jurnalistlər önündə ağzını açıb bir kəlmə danışmayan təmsilçimiz, heç olmasa elə bu sözü onlara söyləsəydi, yenə də şükür edərdik. Amma bunu deməyi belə bacarmadı, çox təəssüf...
Buradan da belə qənaətə gəlmək olar ki, Səmranın özü demişkən, ona olduqca gözəl yaraşan və bədən əzalarını xüsusilə qabardan qısa geyimi, onun jurnalistlər qarşısında qeyri-peşəkar cavablarını heç də sığortalaya bilmədi...
Təbii ki, bunun günahı heç də Səmrada deyil, onu belə bir beynəlxalq yarışmaya hazırlayan İTV və üzərində işləyən komandadır. Bəli, Səmra Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumata malik olmaya bilər. Amma onu bu yarışmaya hazırlayan komanda, "Eurovision"un siyasiliyini və üstəgəl, Ermənistanın da orada iştirakını nəzərə almalı idi.
Siyasi hazırlıqsız...
Millət vəkili Zahid Oruc bu yarışmanın hər zaman siyasi xarakterli olduğunu qeyd edir:
"Reallıq ondan ibarətdir ki, dünyada "yumşaq güc siyasəti" deyilən bir anlayış var. Tankların girmədiyi, topların vurmadığı hədəfləri musiqi fəth edə bilir. Beyinləri tutur, qəlbləri işğal edir. Bir sözlə, milyonları özünün cazibə mərkəzinə və əsarətinə alır. Bu cəhətdən etiraf etmək lazımdır ki, dünyada "Afrikavision" və ya "Asiyavision", yaxud da müsəlman ölkələri içərisində hansısa bir islamı etiketdə mədəni tədbir yox, məhz bu yarışma geniş şəkildə propaqanda edilir, cəmiyyətlərə çatdırılır.
Bütün bunları bildiyimiz halda yarışmaçımız siyasi baxımdan hazırlıqsız idi. Nə yaxşı ki, Azərbaycanın inzibati komandasının təmsilçilərinin məsələyə kəskin etirazı səsləndi. Və bununla bağlı final yarışmasında belə bir təxribatlara yol verəcəyi təqdirdə onların sərt cəzalandırılacağı söyləndi.
Təbii ki, bizim həyatımız, taleyimiz ötən dövr ərzində yaşayışımız, ölkəmizin reallığı, işğal faktorları elə bir durum yaradıb ki, hər kəs - istər müəllim, istər həkim, istərsə də müğənni diplomat, siyasətçi, dövlət adamı olmağa məcburdur.
Yəni hər bir kəs ölkəsinin neçə faizinin ermənilər tərəfindən işğala məruz qaldığını bilməlidir. Bir az da irəli getmək olar. Əslində, Ermənistan əleyhinə, onların törətdiyi əməllər fonunda minimum məsələləri qaldırmaq kifayət edir ki, sən öz ölkənə xidmət etmiş olasan.
Ona görə də doğrudan da, budəfəki təmsilçimiz bu cür siyasi hazırlığa malik deyildi. Hətta mətbuat konfransında o, müəyyən zaman ərzində özünü toparlamağa, məsələyə reaksiya verməyə çalışdı. Nə yaxşı ki, zal onu bu sükunət vəziyyətindən çıxardı".
Zahid Oruc bildirdi ki, heç də Səmranı təftiş etmək fikrində deyil:
"Kimsə elə düşünməsin ki, biz bu adamı zərrəbinlə analiz etmək istəyirik, yaxud ondan imtahan götürmək niyyətindəyik. Vətən üçün imtahan, hansısa fəndən verdiyin imtahandan fərqlidir. Burada millətinə, xalqına, ölkənə bağlılığın və həyatımızın bəlli reallıqlarını minimum səviyyədə bilməyin yetərli olur ki, həmin prosesdə, diplomat kimi, əsgər, kimi ölkənin əsl döyüşçüsü kimi iştirak edəsən.
Mədəniyyət də bir səngərdir, döyüş müstəvisidir, vuruşma cəbhəsidir.
Ona görə də mən istəyirəm ki, milli seçim turları elə bir səviyyədə keçirilsin ki, orada cəmiyyətin rəyi nəzərə alına bilinsin. Həqiqətən bacarıqlı, istedadlı insanlarımız önə çıxsın. Əlbəttə, bu yarışmadır, hər hansı bir yer tutula bilər. Ən ədalətli yer 17 idi, ondan artığına iddia etmək düzgün olmazdı. Halbuki, Azərbaycanın potensialı 17-ci yerdən qat-qat yüksəkdir və güclüdür".
Qeyri-peşəkar aparıcılar...
"Eurovision 2016"nın yarımfinal mərhələləri və finalı zamanı diqqətlərdən yayınmayan daha bir məqam aparıcılarla bağlıdır. Belə ki, İTV vasitəsilə nümayiş olunan yarışmanı şərh edən aparıcı bir neçə dəfə kobud səhvə yol verdi: Məsələn, Avstraliya ilə Avstriyanı ayırd edə bilməmək, Avstraliyanın paytaxtı kimi Vyananı qeyd etmək kimi.
Tanınmış media eksperti Zeynal Məmmədlinin fikrincə, belə bir yarışma üçün sıradan aparıcı deyil, "Eurovision"la bağlı geniş, əhatəli məlumatı olan biri şərhçi qismində çıxış etməlidir:
"Eurovision"u şərh etmək, çox məsuliyyətli işdir. Ona görə də müsabiqəni peşəkar səviyyədə bilən teleaparıcı şərh etməlidir.
Və yaxud moderatorun yanında bunları bilən bir mütəxəssis olmalıdır. Bu cür səhvlər, təşkilati baxımdan kobud hesab olunur. Ümumiyyətlə, mən, Azərbaycan televiziyalarında bu kimi hallara təəccüblənmirəm. Çox təəssüf ki, bizdə qeyri-peşəkarlıq vulkan kimi püskürür".
"Eurovision"a iştirakçımızı hazırlayan komanda dəyişməlidir?
2012-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsinin milli seçim turlarında jüri kimi çıxış edən xalq artisti, pedaqoq Natəvan Şeyxova bizimlə söhbətində Səmranın ifasını çox bəyəndiyini deyir. Amma...
"Səmra çox yaxşı oxudu və mahnısı da əla idi. Sadəcə, bu dəfəki yarışmada güclü ifaçılar və mahnılar çox idi. Digər tərəfdən isə bu yarışmada hansısa yüksək yer tutmağımız mümkün deyildi. Biz artıq bu yarışmanı qazanmışıq. Düzdür, Səmra daha yüksək yer tuta bilərdi.
Birincilik isə mümkün deyildi. İTV milli seçim turlarını dəyişib, bu, çox pis haldır. Düşünürəm ki, milli seçim turları açıq keçirilməlidir. Hər şey göz önündədir. Belə olan halda biz nə münsif üzvlərinin, nə də səsverənlərin kim olduğunu bilmirik. Heç nə bilmirik, sadəcə, bal verirlər, bu qədər... Düşünürəm ki, yarışma ilə bağlı komanda dəyişikliyi də yerinə düşər. Çünki artıq bir neçə ildir ki, təkrarçılığa yol verilir" - deyə, N.Şeyxova qeyd edib.
Mütəxəssislərin də fikirlərindən belə anlaşıldı ki, həqiqətən də "Eurovision"a hazırlıq prosesində dəyişikliyə ehtiyac var. Bunun üçün isə ilk növbədə Azərbaycanı bu müsabiqədə hazırlayan komanda dəyişilməlidir. Əks təqdirdə, növbəti illərdə də yarışmada uğursuz nəticə göstərəcəyimizdən sığortalanmırıq.
P.S. Məsələyə İTV-nin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Bir neçə gün ərzində telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinə məsul şəxsi axtarsaq da, tapa bilmədik. Məlum oldu ki, hətta telekanalın özündə belə bu postda kimin əyləşdiyini bilən yoxdur...
Aytən Həsənova
Gün.Az