Azərbaycanlı ifaçı Qarabağ haqqında mahnı oxusaydı...
Gövhər Həsənzadə: “İstəməzdim ki, hansısa şouda öz haqlı məsələlərimizi kiməsə sübut edək”
18 May 2016 10:21 MədəniyyətSon bir neçə gün həm dünya, həm də ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri "Eurovision - 2016"nın nəticələridir. Məlum olduğu kimi, Azərbaycan bu müsabiqədə 117 xalla 17-ci sırada qərarlaşdı. Bəzi iddialara görə isə "Eurovision-2016"nın qalibi olan Camala məhz Krım tatarlarının deportasiyasına həsr edilmiş mahnı oxuduğu üçün qalib oldu.
Bəs "azərbaycanlı ifaçı Qarabağ haqqında mahnı oxusaydı qalib gələrdimi" sualla bir neçə tanınmış musiqiçiyə müraciət etdik.
Əməkdar artist, "Eurovision" mahnı musabiqəsində Azərbaycanı ilk təmsil edən mahnının müəllifi Gövhər Həsənzadə məsələyə bu cür mövqe bildirdi:
"Ümumiyyətlə, istəməzdim ki, hansısa yarışmada, müsabiqədə, şouda öz haqlı məsələlərimizi kiməsə sübut edək. Onsuz da bütün dünya bizim haqlı, Qarabağın bizim olduğunu bilir.
Bununla siyasətçilərimiz də məşğuldur, yəni hər kəs bunun təbliğatını lazımi səviyyədə aparır, hər addımımız Qarabağ mövzusudur.
Azərbaycanın sonuncu "Eurovision" mahnı musabiqələrində axrınıcı yerləri tutması onu göstərir ki, təşkilati komitənin mövqeyi düzgün deyil və artıq öz aktuallığını itirib. Dönə-dönə bir daha sübut olunacaq ki, avropalı bir bəstəkarın kommersiya məqsədilə yazdığı mahnıların heç biri uğur qazanmır. Keçən il 12-ci yer, 2014-cü ildə 22-ci yer, bu il isə 17-ci yer. Bəs necə olur ki, Azərbaycan ilk dəfə səhnədə olanda 8-ci yeri qazanmışdı? Azərbaycan məhsulu ən uğurlu nömrə olmuşdu. Onda təmsil olunan mahnının musiqisi, ifaçısı, oranjimanı bizimki idi. Lakin get-gedə xarici bəstəkarlara, mütəxəssislərə müraciət edirlər. 3 ildir ki, Azərbaycan 10-luğa düşə bilmir. Yaradıcı heyətdə milli qürur, mənafeyi, verdiyi marağı, prinsipi olmalıdır ki, biz orda ən güclü olaq. Baxın görün bu il müsabiqəyə gedən heyətin içərisində nə qədər azərbaycanlı var idi? Nə qədər maraq var idi ki, mahnı Qarabağdan bəhs olunsun? Kim yazacaq, isveçli Qarabağ haqqında mahnı yazacaq? Onu maraqlandırır ki, bu mövzu nədir? Bunu biz fikirləşməliyik. Azərbaycanın hər potensialı ola-ola niyə xaricilərə müraciət edilir? Bizə toxunan odur ki, efirdən deyirlər ki, "biz heç bir bəstəkara müraciət etməməliyik, özləri gəlməlidirlər". Kim özbaşına durub mahnı verəcək?
Belə bir mövzu tapıb haqq qazandırmağa çalışırlar ki, guya ki, bu isveçlilər dünyanın ən böyük ulduzları ilə işləyiblər, dünyaya böyük layihələr veriblər. Mənə nə? Versinlər də Azərbaycan üçün. Kim nə bildi ki, o məhsul Azərbaycanındır?"
İki dəfə "Eurovision" təmsilçiliyi üçün milli seçim turunun iştirakçısı olmuş gənc müğənni Səid İsmayılzadə də mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Gənc müğənni hər bir müsabiqənin öz tələbləri olduğunu deyib: "Bu il təmsil olunan mahnı çox yaxşı, tam avropasayağı, formata uyğun gələn mahnı idi. Amma bəstəkarı isveçli olduğu üçün burda millilikdən danışmaq uzaq olardı.
Lakin hər bir müsabiqənin öz meyarları, tələbləri var. Mütləq demək olmaz ki, orda hansısa elementlər olsaydı uğur qazana bilərdik. Yarışmada sonuncu yerlərdə qərarlaşmağımızda isə aydın məsələdir ki, bir neçə amil, o cümlədən siyasi məqamlar var".
Xalidə GƏRAY